Hərbi hissədə

Hərbi hissədə

Hərbi hissəyə yeni daxil olmuşdum.  İlk dəfə idi ki, belə bir yerdən reportaj hazırlayırdım.

Hərbi hissənin binasına daxil olanda məni ilk şəhidlər tablosu qarşıladı. Bu tabloya nəzər salanda kimləri görmədim ki? "MKT-Araz", "Simurq", "Viləş", "Karvan" və s. Lövhənin sonunda Lənkəran doğumlu "Xəzər-Lənkəran" var idi.

Məni Şahgəldiyev adlı gizir qarşılayıb bölük komandiri Musayevin otağına apardı. Musayev məni məişət üslubunda salamlayaraq əyləşməyimi rica etdi. Hərbi hissədəki vəziyyət haqqında mənə məlumat verdi. Sözlərindən elə məlum oldu ki, əsgərləri qidalanmasına və təminatında böyük problem var. Bu səbəbdən bölükdə çox əsgər saxlaya bilmir və onları aşağı mərtəbədəki bölüklərə göndərir. 

Əlqərəz, Musayev Şahgəldiyevə tapşırdı ki, məni bölüyə aparsın və əsgərlərlə tanış etsin. Bölüyə girəndə təəccübümü gizlədə bilmədim. Bölük deməyimə baxmayın, burada bir manqalıq əsgər var.

"Bölük"də bizi tağım komandiri "Qarabağ" qarşıladı.  Əsgərlə söhbətdən sonra məlum oldu ki, "bölük"dəki əsgərlərin əksəriyyəti Bakı qeydiyyatındadır.  "Qarabağ", "Qəbələ" və "Sumqayıt" əyalət qeydiyyatlıdır. "Qarabağ"da paytaxtda böyüyüb deyə, onu rayon uşağı kimi görmürlər.

"Qəbələ"nin üzündə dərin yorğunluq sezdim. Gizir Şahgəldiyevdən bunu səbəbini soruşanda dedi ki, yayda atası rəhmətə gedib. İndiyə kimi hələ də özünə gələ bilmir. Maddi vəziyyəti də elə yaxşı deyil. Güclə idarə edirik uşağı. Bu bölükdə bir "Qarabağ"gilin maddi imkanı yaxşıdır. Atasının Türkiyədə böyük biznesi var. Uşağına vaxtı-vaxtında nə lazımdır göndərir. 

Birdən gözüm bölükdə tərliklə gəzən birinə sataşdı. Şahgəldiyevdən bunun kim olduğunu soruşanda dedi ki, "Səbail"dir. Hərbi hissə komandiri Məmmədovun qohumudur. Məmmədovun özü də Nazir Abdullayevin ən sevdiyi işçilərindəndir.

Bölüyün ən gənc əsgəri "Sabah" idi. O da gələndən özünü göstərib komandirin gözünə girib. İndi komandirin yazı-pozu işlərini görür.  

"Keşlə"dən xidmətin bitməsinə nə qədər qaldığını soruşanda dedi ki, Hərbi xidmət müddəti artıq keçən 4 ay bundan qabaq bitib. Lakin, o bu uşaqlardan ayrılmaq istəmir deyə Müddətdən Artıq Xidmətə yazılıb. 

Artıq bu bölük mənim üçün çox sıxıcı gəlməyə başlamışdı. Bir an öncə bölüyü tərk etmək istəyirdim ki, gözümə bölükdə növbətçisi "Neftçi" dəydi. Məlum oldu ki, Neftçi dünən axşam "Sumqayıt"la dalaşıb nizam-intizamı pozduğuna görə, fasiləsiz növbətçi yazılıb. 

"Neftçi"yə yaxınlaşıb qulağına dedim ki, bir az səbirli ol. Sən bu orduya lazımlı əsgərsən, özünü qoru. Səni qapıdakı Şəhidlər Lövhəsindən görmək istəmirik.

Əcəmi Əsədulla

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR