Həyacanlandırmayan performans

Həyacanlandırmayan performans
Mark Zukerberqin maraqlı icadı olan "Feysbuk”un çox yaxşı bir xüsusiyyəti var. Köhnə xatirələri qarşına çıxarır, bir-neçə il əvvəl ayın həmin tarixində hansı iş gördüyünü, nə paylaşım etdiyini sənə göstərir. Fevralın 20-də mənə xatırlatdı ki, Sport7.az-ın oxucularına 2015-ci ilin həminki günündə "Onu "Qarabağ” öldürdü” sərlöhvəli yazı təqdim edibmişəm...

Yox, "Qarabağ” camiəsi heç kimi öldürməmişdi. Söhbət Premyer Liqadakı rəqabətdən gedirdi. "Qarabağ” onda da fevralın ortalarına qədər məsələni həll etmiş, çempion olacağına heç kimdə şübhə yeri qoymamışdı. "Köhlən atlar” qızıl medallara doğru inamla yürüşdəydi.

O gün, bu gündü dəyişən heç nə yoxdu. "Qarabağ” yenə də hamıya yuxarıdan aşağı baxır. Birinci pillədəki yerini də xeyli rahatlayıb. Yəqin ki, qalan 11 turda 9 xallıq fərqin əriyəcəyinə indi Roman Qriqorçukun heç özü də inanmır. "Qəbələ”nin niyə bu qədər erkən təslim olması, büdrəməyə adət etməsi tamam başqa yazının mövzusudu. Söz verirəm, mütləq toxunacağam. İndilik isə "Qarabağ”dan danışmağa davam edək.

Dünən yəqin siz də hiss etditiniz ki, "CBC Sport”un əməkdaşının Dinonun gedişi və "Qarabağ”ın az qol vurması arasında əlaqə axtarması Qurban Qurbanovu əsəbləşdirdi. Açıq-aşkar bildirdi ki, bu cür sualları eşitməkdən bezib, bundan heç də xoşlanmır. Bəli, jurnalistin işi sual vermək, onu maraqlandıran məsələyə cavab axtarmaqdı. Bu mənada mən həmkarımın hansısa qəbahətli iş gördüyünü düşünmürəm. Amma fikir verdim, oyundan sonrakı mətbuat konfransında da eyni sual səslənib. Hətta, bu barədə Almeydadan da soruşublar.

Sözsüz ki, Dino Ndlovu Azərbaycan çempionatı üçün əla hücumçu idi. Ondan hər saniyə qol gözləyirdik, məhsuldarlığı da pis deyildi. Məsələ ondadı ki, forvard özü də etiraf etdi ki, "Qarabağ”dan pula görə ayrılıb, burda ona daha yaxşı şərtlərlə müqavilə təklif olunmayıb. O da yaşını nəzərə alıb, futbolçu kimi perespektivini, cəlbedici avrokubokları yox, Çinin ikinci divizionunu üstün tutub. Tamamilə haqlıdı. Onun əvəzinə heç kim qərar verə bilməz, eyni zamanda onu qınamağa da əsasımız yoxdu.

Məsələnin digər tərəfi "Qarabağ”la bağlıdı. Azərbaycan çempionu Dinoya görə artıq xərcə düşmək istəməyib. Onsuz da yayda müqaviləsi bitəcəkdi və gedəcəkdi. Rəşad Sadıqovun bu yaxınlarda verdiyi açıqlamadan da gördük ki, Ndlovunun davranışları klubda birmənalı qarşılanmayıb, "iplər” qoparılıb. "Qarabağ” məhsuldar hücumçusunu itirib, amma əvəzində maddi baxımdan irəli düşüb. Artıq xərc ona nə verəcəkdi? Tutaq ki, "Kəpəz”i 1:0 yox, 3:0 məğlub edəcəkdilər, "Qəbələ” ilə oyun qolsuz heç-heçə ilə bitməyəcəkdi və bu gün xalq fərqi 11 olacaqdı. Bəs sonrası? Peşəkar klublar artıq futbola belə yanaşmırlar, dostlar. "Qarabağ” çempionluq üçün o qədər susamayıb ki, onu mayda yox, martda rəsmiləşdirmək üçün alışıb-yansın. Dino yayda klubdan gedəcəkdisə və yeni hücumçu axtaracaqdılarsa, qoy elə yanvardan hamı işini bilsin.

"Qarabağ”ın üç oyuna iki qol vurmasına, performansında eniş yaşanmasına görə narahat olmağa əsas yoxdu. Hamıya hər şey məlumdu. Reallıq budu, "Qarabağ” Ndlovu olmasa belə Azərbaycan çempionatında rəqib tanımır. Bu da "köhlən atlar”ın yox, rəqiblərin, rəqabətsizliyin günahıdı. İndi neynəsinlər? Dinoya, yaxud da digərinə bir ətək pulu niyə versinlər?

Amal ABUŞOV

Xəbər lenti