"Həyatımı "Futbol+"siz təsəvvür edə bilmirəm" - Mahir Rüstəmli

Bu gün "Futbol+” qəzeti üçün əlamətdar gündür. Belə ki, ölkənin köklü idman qəzetinin 22 yaşı tamam olur.

Bununla əlaqədar olaraq qəzetin baş redaktoru Mahir Rüstəmlini həm Sport7.az kollektivi adından təbrik etdik, həm də onun arxada qalan 22 il ilə bağlı təəssüratlarını, duyğularını öyrəndik.

"Arxada qalan bu müddətdə üzərimizə düşən işi şərəflə, ləyaqətlə yerinə yetirməyə çalışmışıq. Azərbaycan idmanının salnaməsini yazmaq, problemlərinin həlli yolunu, eyni zamanda uğura aparan yolları göstərməyə çalışmışıq. Təbii ki, bu müddətdə çətinliklər də olub, yaxşı işlərimiz də... İdman mətbuatına vicdanlı və bacarıqlı kadrlar bəxş etmişik. Bu yolda müəyyən bir əziyyətimiz olub. Azərbaycanda bir idman qəzetinin uzun müddət yaşaya biləcəyini göstərmişik. Bu gün biz də oxucularımızın qəzetə diqqətindən razıyıq. Hesab edirəm ki, bu gün Azərbaycanda 3 qəzet normal şəkildə satılırsa, oxucu varsa, onlardan biri "Futbol+" qəzetidir. Bu məqam məni çox sevindirir.
 
Eyni zamanda çoxlu çətinliklər də olub. Məsələn, son bir ildə qəzetə dövlət yardımı dayandırıldıqdan sonra çətinliklər var. Bunu xüsusi qeyd etmək istəyirəm. Biz fəaliyyətimizi bir qədər yenidən qurmağa məcbur olduq. Bu müddətdə kadr itkilərimiz də oldu, maliyyə baxımından sıxıntılarımız da oldu. Amma bunları aradan qaldırırıq. "Futbol+" yaşamalıdır və yaşayacaq. Qəzetin bütün keçmiş və hazırda çalışan əməkdaşlarını təbrik edirəm. Kimlər ki, fədakarlıq göstəriblər, bu sıxıntılara dözüblər, əziyyət çəkiblər, dözənlərə də, dözməyənlərə də əməklərinə görə təşəkkür edirəm. Onlar da əmin olsunlar ki,  bu qəzetin yaşaması üçün əlimdən gələn hər şeyi edirəm və bundan sonra da edəcəm". 

Mahir Rüstəmli qeyd edib ki, "Futbol+" onun üçün övlad kimidir və həyatını bu qəzetsiz təsəvvür edə bilmir: "Adətən evdə söz düşəndə həyat yoldaşım deyir ki, sənin birinci övladın "Futbol+" qəzetidir, sonra bioloji övladların gəlir. Bu fikirdə həqiqət payı var. Doğrudan da, 22 ildə çiynimi bu qəzetinin yükünün altına vermişəm. Bu mənada özümü bu qəzetdən ayrı təsəvvür edə bilmirəm. Qəzet məndə ayrı olsa da, təbii ki, inşallah yaşayar. Düzdü, mən istəyərəm ki, hansısa şəkildə qəzetə yardım edim və o yaşasın. Amma bütün hallarda bu həyatda mənim üçün ən dəyərli varlıqlardan biridir. Həyatımı onsuz təsəvvür edə bilmirəm". 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR