"Həyatın sənin kimi dostu məndən ayıracaq qədər ədalətsiz olacağını düşünməmişdim" - İnyesta və Harkenin hekayəsi

İnyestanın İspaniyaya dünya çempionluğunu qazandıran qolunu və qol sonrası sevincini, yəqin ki, əksəriyyət xatırlayır. Andres formasını çıxarmış və qolu dünyasını dəyişən dostu Dani Harkeyə həsr eləmişdi. Həmin qolun və üzərində "Dani Harke həmişə bizimlədi" yazılan o köynəyin uzun bir hekayəsi var. Və sıra həmin hekayədədi:

"Top ayağıma gəldikdən sonra sanki dünya ilə əlaqəm kəsildi. Bunu açıqlamaq çətindi. O an heç nə hiss etmirdim, sadəcə səssizlik hakim idi: top, qapı və mən. Hə, topu qəbul etməmişdən öncə ofsayda düşməmək üçün geriyə bir addım atdığım doğrudu. Bədənin avtopilotda olarkən etdiyi bir şeydi bu. Sonra isə... Sonra ətrafı sükunət bürüdü. Nə baş verdiyini anlamaq üçün çox qısa müddət də olsa, dayanmalısız. Nəzarət əlindədi – sadəcə sən varsan. Top sanki Nyutonun alması idi. Deməli, bir anlıq da olsa, mən Nyuton idim. Sadəcə, cazibə qüvvəsi işə düşməli idi. Səssizlik, sadəcə sən və top...

Niyyətim topu mümkün qədər küncə göndərmək idi. Ancaq etiraf edim, çox sərt vurdum. Açığı, epizod anında düşünməyi çox da sevmirəm. Nə edəcəyin barədə baş yoranda saniyənin onda birini artıq itirmiş olursan, daha çox düşünməyə davam etsən, o zaman epizod əldən çıxa da bilər.

Qolu vurduqdan sonra forma barədə düşünməyə ehtiyac yox idi. Qolu vurursan və dərhal formanı çıxarırsan – bu, instinktdi. Bəlkə bu barədə çox düşünsəydim, nəticəsi heç də yaxşı olmazdı. Problem yaşamadım, forma heç ilişmədi, rahat şəkildə çıxardım, üstəlik, yerə də düşmədi. İnanılmaz idi.

O qol insanların televizorda gördüyü qol deyildi. Hə, oxşayırlar, amma tam olaraq o deyildi. Mənim gözümdən baxmağa cəhd edin, o zaman anlayacaqsız. Meydançada hiss etdiklərimi kəlmələrlə ifadə etməyim mümkünsüzdü. Bu qol tamamilə mənə məxsus idi. Heç vaxt buna bənzər qol vurmamışam. Yenə də deyirəm, necə anlatacağımı, o qolun haqqını necə verəcəyimi bilmirəm. Ətrafımdakı hər şey bir neçə saniyəlik donmuşdu. Səssizliyi hiss edirdim. Duyulması mümkün olan sükunət - ziddiyyətli səslənə bilər, ancaq o vəziyyəti daha yaxşı necə təsvir edəcəyimi bilmirəm”.
 


Andresin formasını çıxarması ilə bütün dünya bir anlıq Dani Harkeni xatırlamışdı. Həmin anların bir digər qəhrəmanı isə Uqo Kamerero idi.

11 iyul, 2010-cu il, Yohannesburq, "Sokker Siti” stadionu – dünya çempionatının finalının startından öncə

Soyunub-geyinmə otağına daxil olan İnyesta, əslində, o anlarda daxili dünyasında səyahət edirdi. Sadəcə, Uqo Kamerero ilə danışmaq üçün bir anlıq ortaya çıxdı. Andresin, yığma komandanın köməkçi-məşqçisi, o cümlədən pərdə arxasındakı fizioterapevtlərdən biri olan, yorğun əzələləri həyata qaytaran ipək əllərin sahibinə demək istədiyi sözləri var idi.

Uqo Andresə qulaq vermək üçün işini yarımçıq qoydu. O, həmin anları belə xatırlayır: "Yadımdadı, əvvəl Hesus Navas məndən köynək istədi – kiməsə ithaf edəcəkdi. Ardınca Andres yanıma gəldi. Navasla danışığımızı eşidib-eşitmədiyini bilmirəm".

Onların arasında belə bir dialoq yaşanır:

- Uqo, mənə bir köynək təşkil elə - Harke üçün...
- Necə olsun? Böyük, kiçik, qısa qollu, yoxsa uzun?
- Qolsuz olsun. Lütfən, köynəyin üzərinə "Dani Harke həmişə bizimlədi” yazarsan – böyük hərflərlə həm də, yaxşı?
- Narahat olma, sən isinmə hərəkətlərini yerinə yetirib qayıdanda hazır olacaq.

Andres geri dönəndə köynək hazır idi.

Uqo: "Mənə nəsə dediyini xatırlamıram. Bəlkə də, təşəkkür etmək üçün əlini qaldırmışdı, dəqiq yadımda deyil. Onun necə biri olduğunu bilirsiz də. İnyesta kəlmələrdən çox, jestləri və baxışları ilə fikrini çatdırmağı sevir”.

Ardınca Uqo soyunub-geyinmə otağının, Andres isə öz səssiz dünyasının yolunu tutdu. Final matçı ərəfəsində hər kəs həyatının ən böyük matçına çıxdığının fərqində idi. Soyunub-geyinmə otağında incə jestlərin, baxışların və fısıtıların çox həssas formada birləşdiyi, fırtına öncəsi səssizlik hakim idi. Batil inancları olan və uzunqol geyinəndə özünü rahat hiss etməyən Andresin formasının qollarını kəsdiyinin fərqinə varmadıqları kimi, onun formanın altından geydiyi köynəyi də görməmişdilər.

Həmin axşam Hesus Navas da üzərində xüsusi mesaj olan köynək geymişdi. Aşağı-yuxarı eyni sözlər faciəvi şəkildə meydançada dünyasını dəyişən Antonio Puerta üçün yazılmışdı. Hesus qısaqol, mavi köynəyə üstünlük vermişdi, Andresin köynəyi isə, bütün dünyanın gördüyü kimi, bəyaz və qolsuz idi. Hər ikisinin üzərindəki yazı Uqo Kamareronun əl qabiliyyətinin məhsulu idi.

İnyestanın çatdırmaq istədiyi mesaj formanın altında qalmalı idi. O unudulmaz qolun təsirindən xatirəsi bir az geri plana düşsə də, milyonların qəlbinə toxunan o mesaj – "Dani Harke həmişə bizimlədi”.

İnsanlar İnyestaya məxsus qolu o gündən bəri o qədər çox izləmişdilər ki, artıq qolun müəllifinin özləri olduğunu düşünürdülər. Lakin o gecə qolu əvvəlcədən duyan biri var idi. İnyestanın topu qəbul edərkən ofsayda düşməmək üçün geriyə bir neçə addım atdığını gördüyü anda baş verəcəkləri hiss edən biri...
 


Dani Harkenin həyat yoldaşı Cessika bitmək bilməyən üzüntüsünü qısa bir müddətlik də olsa, unutmuşdu. Daninin İtaliyada, mövsüm öncəsi hazırlıq dönəmində keçirilən məşqlərdən birində həyata gözlərini yummasının üzərindən təxminən 1 il keçmişdi və Cessika "Sokker Siti” stadionunda, Hollandiya və İspaniya arasında oynanılacaq dünya çempionatı finalını izləmək üçün televizorun qarşısında yerini almışdı. 11 ay sonra ilk dəfə idi ki, bir futbol matçına tamaşa edəcəkdi. Həyat yoldaşını itirdiyi gündən bəri izləyəcəyi ilk oyun idi. Bu, eyni zamanda, Dani və Cessikanın qızı Martina üçün də bir ilk idi.

"O gündən bəri heç futbola baxmamışdım. Hətta televizoru belə yandırmırdım. Sadəcə, acımı sakitcə yaşamağa ehtiyacım var idi. Fəqət o axşam final matçını izləmək qərarına gəldim. Səbəbini soruşmayın. Anam və Martina ilə birlikdə evdə idim. Qızımın hələ 1 yaşı olmamışdı, on aylıq idi. Duş aldım və saçlarımı dəsmalla quruladıqdan sonra televizorun qarşısına keçdim. Özümü narahat hiss etsəm də, nəticədə bu, dünya çempionatının finalı idi.

Dani dostları ilə birlikdə bunu etməkdən zövq alardı. Bəlkə də, elə bu səbəbdən öz-özümə dedim: "Finalı izləyəcəksən? Əlbəttə, izləyəcəm”. Gözlərini mənə zilləyən anam qayğılı üz ifadəsi ilə dayanmadan təkrar edirdi: "İzləmək istədiyindən əminsən?” Daninin aramızdan ayrılmasından bəri izləyəcəyim ilk matç olacağını bilirdi və bunun mənim üçün nə qədər çətin olacağının fərqində idi.

O olmadan ilk dəfə futbol izləmək yeni həyatımı, onsuz bir həyatı qəbul etdiyim anlamına gəlirdi. "Hə, ana, izləmək istəyirəm” – dedim və divanda özümə yer etdim. Futbol haqqında çox şey bilmədiyim doğrudu. Dani tez-tez məndən necə oynadığını soruşardı. Bu səbəbdən səfər matçları zamanı ritualını gerçəkləşdirmək məcburiyyətində idim. Evdə təkbaşına, televizor, mən və bir də şamlar – həmişə eyni... Şamları çox sevirəm, dincliyi və sükunəti təmsil edirlər. Eyni zamanda, işıq sanki sizinlə dostluq edir. Ənənəvi sualını ünvanlayanda deyərdim: "Bu gün çox yaxşı idin, Dani”. Cavabı gecikməzdi: "Bu gün mənim adıma heç nə qaydasında deyildi, gözlədiyim kimi olmadı”. Mən isə, "Ancaq mən səni ekranda gördüm” – deyə, təsəlli edərdim. Bəzən isə, "Dani, bu gün səni meydanda, demək olar ki, görə bilmədim” dediyim olurdu. Hə, yenə mən də alınmırdı. Çünki sən demə, Dani o gün möhtəşəm imiş...
 


Dürüst olacam, matçları izləməyimin tək səbəbi var idi: onunla paylaşmağa bir şeylərimin olmasını istəyirdim. Onunla həyəcanını, coşğusunu, əzmini və oynadığı hər matçda gerçəkləşdirdiyinə inandığı uşaqlıq xəyalını bölüşürdüm. Elə buna görə də, ölümündən bəri heç futbol izləməmişdim. Artıq bunları paylaşacağım biri yox idi. Yenə də, həmin an özümdə güc tapıb, Martina və anam Maria ilə bərabər dünya çempionatının finalına göz gəzdirmək niyyətində idim. Sonda futbolun ən önəmli matçını birlikdə izlədik.

Qoldan saniyələr öncə nəsə olacağını hiss etmişdim. Andres qolu vurmamışdan əvvəl ağlamağa başladım. Topu qəbul etdiyi və qapı önündə bomboş qaldığı anı xatırlayıram. Qolu vurdu, sonrasını izləmədim, əllərim çoxdan gözlərimin üzərində idi”.

Cessika hekayəni bir kənara qoyub, bir anda səssizliyə bürünür. Əllərini yenidən gözlərinə doğru aparır. Normalda Cessikanın gözləri ışıq saçır, ancaq o an yenidən, Andresin topu qəbul etdiyi o son anlarda etdiyi kimi, qaranlığa qərq olur:

"Zərbə vurduğunu gördüm, ancaq sonra əllərimlə gözlərimi bağladım. Davamında heç bir şey görmədim. Qol anını və hətta qol sevincini belə izləmədim. Birdən anamın, "Gözlərini aç və bax. Buna bax” deyə bağırışını eşitdim. Baxa bilmirdim, çünki Daninin orada olacağını bilirdim. Necəsini deyə bilmərəm, amma mən hiss etmişdim: epizodun qolla yekunlaşacağını, qolu vuran şəxsin İnyesta olacağını və bir şəkildə Daninin oralarda bir yerdə peyda olacağını bilirdim. Andres o qolu özü üçün önəmli olan bir çox insana - həyat yoldaşına, uşağına... həsr edə bilərdi. Ancaq o, Danini seçmişdi”.
 


Hisslərinə hakim ola bilməyən Cessika cümlələri bir araya gətirməkdə çətinlik çəkirdi. Danışır, ağlayır, sonra yenidən danışırdı.

"Nəhayət ekrana baxanda Andresin əynindəki köynəyi görə bilmədim. Anam dayanmadan "bax, bax” deyirdi, ancaq mən başımı qaldıranda artıq hamı Andresin üzərində idi. Bu səbəbdən, heç nə görə bilmədim. Ancaq sonra təkrarı izləmək imkanı əldə edəndə Dani üçün yazılmış sözləri gördüm. O gündən bəri bu barədə çox düşünmüşəm. Dani niyə o gün Andreslə birlikdə idi? Futboldan bu qədər uzaq qaldıqdan sonra niyə mən məhz o qolu onlarla birlikdə izlədim? Hərəmiz fərqli yerlərdə olmağımıza baxmayaraq, o gün Yohannesburqda birlikdə idik. Cənnət və dünya o qol üçün bir araya gəlmişdi.

Bilirsiz, Danidə Andresin bir dənə də olsun, forması yox idi. Əvvəllər bir-birlərinə qarşı oynadıqları matçlardan sonra formalarını dəyişərdilər, ancaq sonradan onlar anidən yoxa çıxardı. Evdə bir dənə də olsun İnyestaya məxsus forma qalmamışdı. Ancaq Andresin Daninin bir neçə formasını hələ də saxladığını təxmin edirəm, çünki bu tip şeyləri başqalarına vermək elə də asan deyil.

Andresin "Barça” formasına tələb həmişə çoxdu. Dostlarımız bizə qonaq gələndə İnyestanın formasını istəyərdilər, Dani də "yox” deməzdi. Çox cömərd idi, qumaş parçasından olan o formalara heç vaxt çox böyük anlamlar yükləməzdi. Ona görə, birini, Andresin formasını hədiyyə edərək sevindirmək daha önəmli idi. Emosional mübtəlalığı sevməzdi. İnyestaya aid olsalar belə, nəticədə, onlar sadəcə bir forma idi. Buna rəğmən, Daninin Andresə qarşı sevgisi sonsuz idi. Bu hisslər bir cüt qumaş parçasına bağlı deyildi”.
 


Cessika ara-ara gülümsəsə də, söhbətə davam etdikcə özünü saxlaya bilməyib, ağlayırdı. Deyirlər, zaman hər şeyin dərmanıdı. Ancaq bu, doğru deyil. Zaman heç nəyi sağaltmır.

"Bəzən qızım Martina ilə birlikdə gəzintiyə çıxırıq. Andresin simasının əks olunduğu reklam lövhələrini görən kimi deyir: "Ana, bax, Andres”. İnsanın kimliyi o qədər də önəmli deyil, əsas qarşı tərəfə ötürdükləridi. O, həyatını xoşbəxt şəkildə yaşayan, bunu artıqlaması ilə haqq edən və sizə də sevinc bəxş etdirən insanlardan biridi. Çox ağıllıdı, yaxşı xarakteri var. Dani ilə ortaq yönlərini saymaqla bitməz. Onlar soyuq və materialist dünyamızda bəsitlik və təvazökarlıqla ön plana çıxan insanlardılar...

Həyatımız boyunca yaşadıqlarımız bizim kimliyimizi müəyyən edir. Üstəlik, öhdəsindən gəldiyimiz çətinliklər həyatda qalmağın mümkünlüyünə və gələcəkdə xoşbəxt ola biləcəyimizə işarədi. O, Yohannesburqda, mən isə Kasteldefelsdə olsam da, qol vuracağını bilirdim. Səbəbi yoxdu, sadəcə, bilirdim. Bəzi şeylər var ki, açıqlamaq olmur. Bilirsiz nəyə bənzəyir, birini sevəndə, aranızdakı bağın təkcə fiziki olmadığını düşünür, daha dərində - bir yerlərdə axtarışa çıxırsız , bax, belə bir şey. Nə olduğunu bilmirəm, amma bizimki də buna bənzəyirdi”.

Final sayəsində Cessika yaşadığı üzüntünün bərabərində gətirdiyi yalnızlığa qayıtmadan öncə futbolun nə olduğunu yenidən kəşf etmişdi. O, evində ağlayarkən Andres meydanda göz yaşlarını saxlaya bilməmişdi.

"Çelsi”yə qarşı oynanılan Çempionlar Liqası yarımfinal matçında İnyestanın qolundan sonra özünü "sevinc seli”nə ata bilən ən sonuncu isim Viktor Valdes idi. CAR-da isə Valdes üzərindəki əvəzedicilərə məxsus forma ilə özünü oraya ilk çatdıranlardan biri idi. "Yerə uzandım və onun göz yaşlarını gördüm. Mən də ona qoşuldum və birlikdə ağladıq” – deyir, hələ də Andresi kiçik qardaşı kimi görən sabiq "Barselona” qolkiperi.

Daninin onu tərk etdiyi o bərbad 2009-cu il yayında futbol Andresin əlindən tutmuşdu və elə oldu ki, futbol bir il sonra onu dostuna yenidən bağladı.

İnyesta: "Bunu ona borcluyam. Daniyə olan hörmətimi ifadə etmək fürsəti əldə edə bilməmişdim. Bunu tamamilə haqq edirdi. O anlıq hisslərimi o və sevdikləri ilə paylaşmaq istədim. Bu səbəbdən, oyun başlamamışdan öncə həmin köynəyi əynimə keçirmişdim”.

İnyesta Karles Puyola qol vuracağına dair dediyi sözlərə rəğmən, qolun müəllifinin özü olacağını, güman ki, təxmin etmirdi. Puyolun yarımfinalda Almaniyaya vurduğu qol artıq İspaniya futbol tarixindəki ən önəmli ikinci qol idi. Üzərindəki İspaniya formasını yavaşca çıxara bilər və mesajını bütün dünyaya çatdıra bilərdi: "Dani Harke həmişə bizimlədi”.

Özünü dostu Dani qarşısında borclu hesab edirdi. Sanki birbaşa onu işarət edərək deyirdi: "Bir-birimizi daha çox görmədiyimiz üçün, bir-birimizlə daha tez-tez danışmadığımız üçün peşmanam. Təəssüf ki, həyatın sənin kimi dostu məndən ayıracaq qədər ədalətsiz olacağını heç düşünməmişdim...”

P.S. Üzərində Uqonun əl yazısı olan o bəyaz və qolsuz köynək hazırda Harkenin mənəvi evində - "Espanyol”un ev oyunlarını keçirdiyi "Kornelya-El Prat” stadionunda saxlanılır. İnyesta formanı "Espanyol” rəsmilərinə təqdim edərkən demişdi: "Bu köynəyi bağışlamaq mənim üçün çox çətin qərardı, ancaq düşünürəm ki, bunu etmək üçün elə ən doğru an indi, ən doğru məkan isə buradı. Qolun müəllifi mən olsam da, sonsuzadək xatırlanacaq biri varsa, o, Danidi”.
 






Mənbə: "The Artist: Being Iniesta" kitabı

Tərcümə və uyğunlaşdırma: Rüfət Məcid

Sport7.az

OXŞAR XƏBƏRLƏR