Hollandiyalı futbolçu Ayxan Abbasovdan şikayətçidi - MÜSAHİBƏ

Hollandiyalı futbolçu Ayxan Abbasovdan şikayətçidi - MÜSAHİBƏ

Azərbaycan futbolunu yaxından izləyənlər ötən mövsüm "Sumqayıt”ın şərəfini qoruyan Atilla Yıldırımı yəqin ki xatırlayır. Türk əsilli hollandiyalı forvard "kimyaçılar”ın düşərgəsinə böyük ümidlərlə dəvət olunsa da, demək olar ki, üzərinə düşən missiyanı yerinə yetirə bilmədi. Qış fasiləsindən sonra ikinci komandaya göndərilən hücumçu mövsümün sonunda, ümumiyyətlə, "gənclik şəhəri” təmsilçisinin düşərgəsini tərk etdi.

Hazırda karyerasını Türkiyənin ikinci liqa təmsilçisi "Kirşəhər Bələdiyyə Spor”da davam etdirən Atilla həm Azərbaycandakı karyerası və yeni klubu barədə "Futbol+” qəzetinə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- "Sumqayıt”dan ayrılandan sonra növbəti dayanacağın Türkiyənin ikinci divizionu oldu. "Kirşəhər Bələdiyyə Spor”da durumun necədi?
- Hazırda "Kirşəhər Bələdiyyə Spor”un futbolçusuyam. Bu klubla qış fasiləsində anlaşdım. İlk dövrədə müəyyən səbəblərdən klubsuz qaldım ki, bunu da izah edəcəm. Yeni komandamda işlərim, əlhəmdülillah, yaxşıdı. "Kirşəhər Bələdiyyə Spor”la müqavilə imzalayandan 3 gün sonra ayağım sındı. Bu bir az sıxıntı yaratdı mənim üçün. Çünki bura komandanı çempion etmək üçün dəvət olunmuşdum. Həmin ərəfədə lider olan kollektivlə aramızda 4 xallıq fərq var idi. İndi pley-offda da xal fərqi eynidi. Şükür Allaha, indi yaxşıyam, 3 aydan sonra özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, həlledici qarşılaşmalarda "Kirşəhər Bələdiyyə Spor”a faydalı ola biləcəm.

- "Sumqayıt” rəhbərliyi səni komandaya böyük ümidlərlə dəvət etsə də, qolçuluq bacarığını nümayiş etdirə bilmədin. "Sumqayıt”da oyununun alınmamağının və komandadan ayrılmağının səbəbini bilmək istərdik.
- "Sumqayıt”ın böyük ümidlərlə məni rənglərinə bağladığı doğrudu. Niyə alınmadı? Mən heç vaxt topu başqasına atmaram. Heç kimi günahlandırmaq istəmirəm. Səhvi ilk növbədə özümdə görürəm. Başqa liqadan gəlmişdim. Hollandiyanın ikinci divizonunda 8 qol vurmuşdum. Zəif futbolçu olsaydım, bu statistika olmazdı. Sadəcə, uyğunlaşma deyilən bir anlayış var. İlk dövrəyə nəzər salanda heç də zəif təsir bağışladığımı demək olmaz. İki qol vurmuşdum. "Zirə” ilə oyunda mənim basqımdan sonra müdafiəçi öz qapısına qol vurmuşdu. Çox sayda qol vəziyyətləri yaradırdım, təəssüf ki, onlardan istifadə edə bilmirdim. Ancaq hər bir futbolçu üçün məşqçinin ona güvənməsi çox vacibdi. Bizim Anton adlı fiziki hazırlıq üzrə çalışdırıcımız var idi. Hər şey onun istefası ilə başladı. İlk turlarda yaxşı təsir bağışlayırdım və nəticələr də ürəkaçan idi. Sonradan "Atilla bunu qaçırdı, onu vurmadı, burda elə etdi, burda bunu etdi” şəklində iradlar çoxaldı. Futbolda hər epizod qolla nəticələnmir. Belə olsaydı, nə var idi ki?! Bəli, forvard kimi qol vurmalıydım, ancaq alınmayanda alınmır. Nazim Süleymanov da mənə deyirdi ki, sən ilk qolu vurandan sonra "ayağın açılacaq”. Təəssüf ki, mənim qolumdan sonra Nazim hoca komandadan uzaqlaşdırıldı. O mənə o qədər güvənirdi ki... Onun yerinə gələn baş məşqçi isə məni ilk gündən ofsayda saldı. Nazim hoca postunda qalıb işini dvam etdirsəydi, inanıram ki, qolları sıralayacaqdım. Süleymanov özü Rusiyada legioner həyatı yaşadığından yeni gələn, ilk dəfə tanış olmyan çempionatda çıxış edən futbolçunun nələr çəkdiyini çox gözəl anlayırdı. Mənim üçün ilk qol çox əhəmiyyətli idi. Bu həftə ilk qolumu vurdum, növbəti turda yeni çalışdırıcı artıq məni ehtiyatda saxladı. İndi özünüz fikirləşin, bir tərəfdə mənə çox güvənən baş məşqçi, bir tərəfdə də ilk gündən "qələmimi sındıran” çalışdırıcı.

- Sənin keçidindən sonra "Sumqayıt”ın prezidenti "Atilla mövsümün tapıntısı olacaq” deyirdi. Ancaq hər şey əksinə oldu. Qış fasiləsindən sonra, ümumiyyətlə, səni ikinci komandaya göndərdilər. Niyə Ayxan Abbasov sənə güvənmədi?
- Dediyim kimi, ilk vaxtlar hər şey çox gözəl idi. İlk dövrə "Sumqayıt” adına gözəl idi, mən də oynamaqdan, meydana çıxmaqdan zövq alırdım. Bəli, çox qol vura bilmirdim, ancaq komandaya çox fayda verirdim. Yəqin ki bunu heç kim inkar etməz. Mənim problemim baş məşqçi dəyişikliyindən sonra başladı. Yeni çalışdırıcı mənə güvənmədi. Ən böyük səhvim qış fasiləsində "Sumqayıt”dan ayrılmamağım oldu. Yanvarda fərqli klublardan təklif gəlmişdi. Yaz mənim üçün heç də düşərli olmadı. Özün də bilirsən ki, martdan sonra Ayxan hoca məni ikinci komandaya göndərdi. Həmin vaxt babamı da itirdim. Onu çox istəyirdim, hər gün görüşdüyüm bir ağsaqqalım idi. Onun dünyasını dəyişməsi də çıxışıma təsir göstərdi. Onun itkisi məni çox sarsıtdı.

- Azərbaycandan ayrılandan sonra Türkiyəni çıxmaq şərti ilə başqa ölkələrdən təkliflərin var idi?
- Yanvarda İngiltərənin birinci liqasından, Skandinaviyadan gələn təklifləri dəyərləndirməliydim. Ancaq bəzi nüansları nəzərə almaq məcburiyyətindəydim. Bəziləri ilə maddi planda, bəziləri ilə başqa məsələlərdə razılaşmadım. Bu gün Türkiyədəyəm və buna görə heç də peşman deyiləm. Yeni komandamın qarşısına ikinci liqada çempionluq hədəfi qoyulub və bunun üçün mübarizə aparırıq. Yəni iddialı bir kluba gəlmişəm.

- Azərbycanda oynadığın dönəmdə nəyi bəyəndin, nə xoşuna gəlmədi?
- İlk növbədə onu deyim ki, Avropada Azərbaycan futbolu barədə çox məlumatsızdılar. Açığı, sizin premyer-liqanı tanımırlar. Çempionatınızı dünya vitrininə çıxarmaq üçün çox çalışmalısız. Bu yöndə yalnız "Qarabağ”ın adını çəkmək olar. Bütün yük onların üzərinə düşür. "Neftçi” daha tarixi klub olsa da, onu avropalıya tanıtdırmaq lazımdı. Ən əsas iş isə klublarınızın qitəmiqyaslı turnirlərdə uğurlu çıxış etməsidi. Uğurlu çıxış etsələr, qitədə hamı onlarla maraqlanacaq. Klubla maraqlananda isə ölkə, onun çempionatı haqda da məlumat toplayacaqlar. Bir də bu gün premyer-liqanızda 8 komanda çıxış edir. Onların sayını 12-yə qədər artıra bilsəz, nəsə əldə edə bilərsiz. Tanıtım baxımından sayın da çox önəmi var. Bunu şəxsi təcrübəmdən söyləyirəm. Avropalı görəndə ki, liqada cəmi 8 komanda var, sizi Lixtenşteyn, Andorra gözündə görür.

- Azərbaycanda hansı klublarda forma geymək istərdin?
- Bundan əvvəlki sualınızı cavablayarkən iki klubun adını çəkdim. "Qarabağ” və "Neftçi”ni xüsusi vurğulayardım. Bu komandalar Avropa futboluna çox yaxındılar. İstər peşəkarlıqda, istərsə də başqa göstəricilərdə.

- Bu gün Avropada iki ölkədə - Türkiyə və Belarusda çempionat təxirə salınmayıb. Səncə, bu nə dərəcədə doğru addımdı?
- Məncə, futbolu ilk növbədə gözəlləşdirən azarkeşlərdi. Bu gün Türkiyədə və ya Belarusda tamaşaçıların stadiona girişinə icazə verilmirsə, bu oyunlar kimə lazımdı? Sanki Avropa çempionatında yalnız Türkiyə və Belarus çıxış edəcək. İnsan həyatı hər şeydən vacibdi. Bilirəm ki, Azərbaycanda çempionat müvəqqəti dayanıb. Siz düzgün qərar vermisiz.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR