Hüseyn Cəbrayıloğlu: "Xan Lənkəran" bir növ "kölgə komandası"na bənzəyir"

Hüseyn Cəbrayıloğlu:
Bu günlərdə "Xan Lənkəran" futbol klubu təsis olundu.

Sabiq idman jurnalistləri Rəsul Şükürsoyla Nail Zeynalovun təşkilatçılığı və fəal iştirakı ilə yaradılan klubu futbolumuz naminə yaxşı ideya hesab etmək olar. Elə biz də Sport7.az olaraq bu cür təşəbbüsləri alqışlayır və ölkə futbolu üçün faydalı hesab edirik. 

Amma bir əmma var. Sabiq "Xəzər Lənkəran" rəsmiləri və ya azarkeşləri bu addımı necə qarşılayır? Uzun müddət Lənkəran futbolunun içində olan, klubun mətbuat katibi, hazırda stadionun direktoru olan Hüseyn Cəbrayıloğlu nə düşünür? 

Bu və digər suallarımıza cavab almaq üçün məhz "Xəzər Lənkəran"ın sabiq sözçüsünü aradıq. O saytımıza müsahibəsində bunları söylədi:

- Uzun müddət Lənkəran futbolunun içində olan, "Xəzər Lənkəran"ın mətbuat katibi, hazırda stadionun direktoru olan bir şəxs kimi nə düşünürsüz?

- Yaxın günlərdə saytlardan birinə bu barədə danışmışdım. İstəmirəm təkrarçılıq olsun. Konkret onu deyə bilərəm ki, lənkəranlıların bir xüsusiyyəti var - bir şeyin ya  ən yaxşısını istəyirlər, ya da istəmirlər. Üstəlik, ən yaxşı deyilsə ona mütləq ağız büzülür və ictimai qınaq yaranır. Bu mənada "Palmali"nin "Xəzər Lənkəran"ından sonra yeni bir "ən yaxşı" gözləmirəm. Çünki o "ən yaxşı" üçün kifayət qədər vəsait lazımdı. Söhbət təkcə bununla yekunlaşmır, saatlarla müzakirəyə açıq, geniş, əhatəli mövzular var ki, hamısına aydınlıq gəlməlidi. Amma onu da qeyd edim ki, mən Lənkəranda böyük futbolun yenidən qayıdışı üçün bütün cəhdləri alqışlayıram. Kimsə düşünməsin ki, müxalifəm və özəlliklə bu qeydlərim "Xəzər Lənkəran" rəsmisinin fikirləri, yaxud mövqeyidi. Sadəcə, lənkəranlı kimi, nəinki Lənkəranın, bütün cənub bölgəsinin 100 illik futbol tarixini araşdırıb kitab halına gətirən iki nəfərdən biri kimi danışıram. İstənilən əks arqumentə boş söz yox, konkret faktlarla dəlil ortaya qoya bilərəm və sübut edərəm ki, yeni bir "ən yaxşı" utopiyadı.

- Sizə bu barədə müraciət olunubmu? Müraciət etsələr cavabınız nə olacaq?

- Müraciət edən olmayıb. Söhbət yəqin ki, rəsmi müraciətdən gedir. Sadəcə bir neçə gün öncə CRFF prezidenti Sakin Məmmədzadə ilə kiçik müzakirəmiz oldu. Gündə "acqarına" Sakin müəllimi 10-15 dəfə görürəm. Bu sadəcə iki uzun illərin tanışı kimi aramızda yeni ideyaya baxış söhbəti idi. "Nə qərar çıxararsız?" sualına mən cavab verə bilmərəm. Klubun sahibi var və rəsmi müraciətdən sonra yəqin ki, fikir bildiriləcək. Amma hələ ortada konkret nəsə yoxdu axı. Bu bir növ kölgə komandasına bənzəyir. Əməli işlər görüldükdən sonra yəqin ki, müraciət və cavab da olacaq.

- Ümumiyyətlə, bu ideyaya şəxsi münasibətiniz necədi? Stadionla bağlı perspektivi necə görürüsüz? Yeri gəlmişkən stadionun, meydançanın durumu hazırda hansı vəziyyətdədi?

- İdeyaya münasibətim əla. Amma necə deyim, Rəsul Şükürsoy da, Nail Zeynalov da ağıllı insandılar. Mən bir lənkəranlı kimi sevinirəm ki, onlar Lənkərana Norveçin və İsveçrənin əyaləti kimi baxırlar. Elə bələdiyyə və icra orqanlarını da eyni baxışda görürlər. Hələ mən Azərbaycan futbolunu ailə biznesinə çevirən AFFA ya hansı gözlə baxdıqlarını demirəm. İllər öncə demişdim, bütün ağıllı, futbolu xilas etmək istəyən insanlara çağırış edirəm ki, gəlin AFFA və PFL rəhbərliyinin mətbuata açıqlamalarını notariat qaydada təsdiqlədib FİFA və UEFA ya göndərək. Bu adamlar özləri etiraf edir ki, biri oğluna klub yaradır, o biri deyir tarixi kluba "mən baş məşqçi təyin etdim", 8 komandadan 5-nə öz adamlarını, guya müstəqil kluba gətirib sponsorluq edirlər. Yəni milyonlar bir cibdən o birinə gedir. Xahiş edək ki, gəlib futbolu ölkədə xilas etsinlər. Yoxsa bu tip layihə və ideyalarla haraya qədər getmək olar? Mən Sakin bəydən soruşdum pulu necə tapacaqsız? Dedi iş adamları var kömək edəcək. Ona dediyimi sizə də deyirəm. 2011-ci ildə Lənkəranın adlı-sanlı imkanlı adamlarından bir qrupu Bakıya Mais Mənsimovla görüşə gedir. Görüşdə onları narahat edən məsələlər və bir çox mövzuda müzakirələr gedir. Sonda Mais müəllim deyir ki, "sağ olun gəldiniz, müzakirələr apardıq. Yeni mövsümə 9 legioner mən dəvət edirəm, siz də hamınız toplaşın birini alın". Qonaqlar hamı bir-birinə baxıb otağı tərk edir. İndi mən də soruşuram, hansı iş adamlarını deyirsiniz ki, mən tanımıram? Yaxud futbolu çox sevən, dəyərli ziyalımız Taleh doktor var. Onu Direktorlar Şurasına seçiblər bir gün sonra istefa verib. Səbəb olaraq mənimlə telefon danışığında dedi ki, "adını "Xan Lənkəran" qoyub sonra ianə ilə büdcə formalaşdırmaq istəyirlər. Xan da ianə yığar?" Yəni görürsünüz nə qədər söz söhbət yaranır. Digər tərəfdən baxıram 90-ci illərin sonunda bir türk gəlmişdi Lənkərana ki, "Xəzər"i yaradıram. Azarkeşlərlə görüşdə dedi ki, "mən "Fənərbaxça"lıyam içinizdə "Qalatasaray"lı olsa dişimlə çeynəyərəm". Mən yanımda oturan dostuma dedim ki, "Bu axmaqdır. Hələ də bilmir ki, Lənkəranın yarıdan çoxu "Qalatasaray"lıdı. Bu çox qalmaz qaçar". Həqiqətən də stadionun dirəklərinə sarı və mavi rəng çəkib qaçdı. Yəni Lənkəranın öz qanunauyğunluqları var. O qədər incəlik var ki... Daha birini deyim 20 il əvvəl həvəskarlar liqasında komanda vardı. O vaxtı DYP nin rəisi bir "paçka" şirvan vermişdi ki, komandaya paylayın. İndi "Xan Lənkəran" ın Direktorlar Şurasının sədri, mənim də hörmət bəslədiyim Hafiz Mirzənin direktor olduğu Mədəniyyət mərkəzinin axşamlar elə tini qalmadı ki, həmin bir paçka şirvanın bölünməsində yaranan narazılığın "razborkası" getməsin. İndi deyirlər hər kəs ianə toplasın və şəffaflıq olacaq. Tamam, səmimi olaraq buna şübhə etmirəm. Amma mümkün deyil. O Direktorlar Şurasında olan bir nəfər təzə corab alan kimi onu daş-qalaq edəcəklər ki, bizim pulla corab almısan. Son olaraq bunu da deyim - sizcə Lənkəranda indiyənə kimi bu tip ideya fikirləşən ağıllı biri olmamışdı? Yəni doğurdanmı belə fikirləşirlər? Qardaş, mənim dostum Anar Məmmədli və Nazim Əsədov 22 il əvvəl "hər evə bir manat" lahiyəsini düşünmüşdülər. Amma yuxarıda dediyim reallıqlar var. Bir gün hansı pullu adam desə ki, "heç bir xeyir qazana bilməyəcəyim Azərbaycan futboluna sərmayə yatırıram" bilin ki, dünyanın sonuna bir gün qalıb. Kim xərcləyəcək pulu? Bilirsiniz klub saxlamağa nə qədər pul lazımdı? Əlinin, Məmmədin pulu ilə uzağı bir cüt mayka-tuman almaq olar, vəsallam. 
Stadionun durumuna gəlincə, idealdan azca aşağıdı. Xeyli yeni işlər görmüşük. Yaxında yeniliklə bağlı şəkilləri elə öz "feysbuk" səhifəmdə paylaşacam. 

- Sizcə, "Xəzər Lənkəran"ın həsrətində olan, bu klubla yaşayan, nəfəs alan azarkeşlər "Xan Lənkəran"ı necə qəbul edər? Yəni adın dəyişdirilməsi onlara necə təsir göstərər, futboldan küsmüş lənkəranlı azarkeşləri yenidən qaytara bilərmi?

- Azarkeşlər müşahidəmə görə ikiyə bölünüblər. Bir gün, əstəğfrullah, desələr Lənkərana yeni peyğəmbər gəlib və hamını ağ günə çıxaracaq. İlk sual "Peyğəmbər lənkəranlıdı ya yox?" olacaq. Eşitsələr lənkəranlı deyil, deyəcəklər "get, səni istəmirik". İndi Rəsul Şükürsoy və Nail Zeynalovun yerli olmaması onların əleyhinə işləyir. Onlar da düzgün anlasın, mən reallıqları deyirəm. Amma onların da bəzi münasibətlərini bəyənmədim. Məsələn deyirlər "bizə mane olanlar var. Öyrədilmiş adamlardı". Baxın, "Green Gate" fan klubu var. Bu uşaqlar klub rəhbərliyi üçün daima stadionda problem yaradıblar. Rəhbərliklə bir dəfə belə, eyni fikirdə olmayıblar, razılaşmayıblar. Həbs olunmadıqları şöbə qalmayıb. İndi etiraz edirlərsə, onlara "öyrədilmiş adam" damğası vurmaq düzgün deyil. Bu daha böyük ixtilaf çıxaracaq. Klub rəhbərliyi ilə bir gün belə ortaq məxrəcə gəlməyən adamlara belə damğa vurmaq düzgün deyil. Onlar sadəcə "Xəzər Lənkəran"ı sevirlər. İkincisi, məni az da olsa tanıyan biri səmimiyyətimə şübhə edə bilməz. Vicdanıma and olsun ki, klubumuzda "Xan Lənkəran" ideyasının "X" hərfi belə müzakirə olunmayıb. Bizə nə? Kim nə istəyir yaratsın, çalışsın. Bu cür düşünmək dediyim kimi düzgün deyil. Ad dəyişməsi normaldı. "Xəzər Lənkəran" dan başqa nəsə qurulursa məcbur adı dəyişməlidir. Amma azarkeşin "Xəzər Lənkəran"ı tam başqadı. Yeni yaranan hər bir şeyə zaman lazımdı.

- Müraciət etsələr, Lənkəran futbolu naminə bu kluba hər hansı şəkildə dəstək verməyə razı olarsız?

- Niyə də yox? Hər halda kömək olunar.

Sport7.az

Xəbər lenti