Hüseyn Məhəmmədov:

Hüseyn Məhəmmədov: "Legioner həyatı yaşayırlar, bizə isə xeyirləri dəymir"

Qapıçılar üzrə mütəxəssis Hüseyn Məhəmmədov yığmamızın Macarıstanla və qarşıdan gələn Slovakiya ilə oyunları haqda fikirlərini bölüşüb.

Millimizin sabiq qolkiperi Sport7.az-a açıqlamasında bunları söyləyib: "Yığma qrupda yüksək səviyyəli komandalarla düşüb. Hamısının iddiası var. Bizim və onların gücündə çox böyük fərqlər var. Şəxsi fikrimdi, indiyəcən yer aldığımız qruplarda ən azı bir zəif rəqib olub. Ancaq bu dəfə rəqiblərin hamısı yüksək səviyyəlidi. Adlı-sanlı, tanınmış millilərdi. Onlarla oynamaq çox çətin olacaq. İnanmıram ki, yüksək nəticə göstərə bilək. Açığı o qədər də nəzərəçarpan dəyişikliklər görünmür. Ola bilər ki, bir qədər hücumameyillik var. Oyunda da bu hiss olunurdu. Əsas da Ağabala Ramazanovun meydana çıxmasından sonra hücumameyillik yarandı. Ona qədər, heç nə görünmürdü. Nəticə üçün oynamaq lazımdı. Bunun üçün də hücumameyilli oynamaq vacibdi. Səhv etmirəmsə Ağabala Renat Dadaşovu əvəzlədi. Ondan sonra hücumameyilli oynamağa başladılar. Buna qədər futbolçunun heç bir yaddaqalan hərəkəti olmamışdı. Ağabala isə müdafiəçiləri təsir altına sala bilirdi".

"Slovakiya ilə oyunda nəyə ümid edə bilərik?" sualına Hüseyn bəy belə cavab verdi: "Rəqiblərimiz yüksək səviyyəlidi. Bir neçə il əvvəl Macarıstan, Slovakiya enişə getmişdi. Ancaq son zamanlar canlanma yaranıb, vuruşurlar, gənc nəsil gəlir, futbolçular yetişir. Yığmaya da xeyir verirlər. Bizim vaxtımızda bu millilər yaxşı oynayırdılar. İndi yavaş-yavaş yeni nəfəs gəlir. Yüksək səviyyədə dəyişikliklər var. Gənclər özlərini göstərməyə çalışır. İnanmıram ki, bu gün yığmamızla Slovakiyanın gücü eynidi. Futbolçu, seçim baxımından onlardan geri qalırıq. Yüksək səviyyədə oynayırlar. Bizdə isə seçim çox azdı. Klublarda legionerlərin çoxluğu bəlkə, seçimimizi daha da məhdudlaşdırır".

Məhəmmədov yığmamızdakı legionerlərdən hansıları bəyənib-bəyənmədiyini də dedi: "Almeyda neçə illərdi Azərbaycandadı. Digərlərinə baxanda çox fərqlənir. Topla hərəkəti, davranışı, oyunda özünü sərbəst aparmağı diqqət çəkir. Ramil Şeydayev bizimki sayılır, mən bilən Azərbaycandandı. Ancaq inanmıram ki, meydanda Almeydadan yaxşı görünsün. Bir qədər Almeyda seçilir. Qalanları o dərəcədə fərqlənmirlər. Topla davranışı yüksək səviyyədədi. Oyunda da görünür ki, bu futbolçu meydanda vəzifəsini rahat şəkildə yerinə yetirir. Ancaq istər Eddi İsrafilov olsun, istər başqaları, komandamıza kömək edə bilmirlər. Meydanda görünmürlər. Legioner həyatı yaşayırlar, bizə isə xeyirləri dəymir. Bu faktdı. Belə başa düşürəm ki, onların əvəzinə yerli futbolçularımız olsa, eyni formada oynayarlar. Bizimkilər də o işi görə bilərlər. Yalandan deyə bilmərəm ki, yaxşı oynayırlar. İstənilən halda fərqləndirdiyim futbolçu, yalnız Almeydadı".

Hüseyn bəyin fikrincə, Avro-2020 arzusu bizim üçün realdımı?: "Çox çətindi, bunun öhdəsindən gələcəyimizə inanmıram. Az öncə vurğuladım, son illər Macarıstan, Slovakiya, elə Uelsin özü irəliyə doğru gedirlər. Onların hamısı acdı. Hələ Xorvatiyanı demədim, möhürünü vurmuş millidi. Ona görə də xorvatları ümumiyyətlə müqayisə etmək istəmirəm. Çox yüksək sürətlə inkişaf edirlər. Demək olar ki, hamı inkişaf edir, bizdən başqa. Yuxarıda da izah etdim. Hər kəs öz millisində xeyli dəyişikliklər həyata keçirir. Qarşılarına Avro-2020-də və digər çempionatlarda iştirak üçün ciddi məqsəd qoyublar".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR