İdmançımızın Sinqapur sınağı

İdmançımızın Sinqapur sınağı

Azərbaycanın və "Qəbələ” klubunun məşhur MMA döyüşçüsü Bəxtiyar Abbasov noyabrın 7-də növbəti döyüşünü keçirəcək. Sport7.Az xəbər verir ki. İdmançımız Sinqapurda "One Fighting Championship: Battle of Lions" turnirində qüvvəsini sınayacaq. Təmsilçimiz "Singapore İndoor Stadium”da MMA-nın çox təcrübəli, veteran döyüşçüsü braziliyalı Luis Santosla qarşılaşacaq.

34 yaşlı cənubi amerikalının karyerasında 60-dan artıq döyüş var. 186 sm boya malik Santosun bu döyüşlərdəki nəticələri valehedicidir. Luisin karyerasının çiçəklənən dövrü Bellatonun himayəsi altında çıxış etdiyi vaxta düşüb. Lakin onun döyüşçü karyerasının ən parlaq hadisələrdən biri Rio-de-Janeyroda "Xtreme Fighting Championships” MMA şousundakı təkbətək döyüşü olub. Həmin vaxt Alfred Moraleslə döyüşü frontkiklə bitirən Luis "İlin nokautu”na ciddi namizəd kimi göstərilib.

Braziliyalı ilə döyüş öncəsi Abbasov növbəti sınağı haqda fikirlərini açıqlayıb: "Mənim döyüş ruhum qardaşım və məşqçim Şəhriyar Abbasovun dəstəyi sayəsində, həmçinin mənim fanatlarım və həmvətənlərimin dəstəyi sayəsində həmişəkindən də yüksəkdir. Mənim hər döyüşüm mənim üçün həmişə çox vacib olub. Lakin indi mənim peşəkar MMA döyüşçüsü karyeramın ciddi mərhələsidir. Bütün gücüm yalnız qələbəyə yönəlib”.

İdmançımızın məşqçisi Şəhriyar Abbasov da yetirməsinin hazırlığını dəyərləndirib: "Biz Sinqapurda ciddi döyüşə hazırlaşırıq. Rəqibimiz də çox ciddi və təcrübəlidir. Luisin keçirdiyi döyüş sayını qeyd etməmək olmur. Lakin bu məndə o qədər də güclü təsir buraxmır, çünki onun rekordu tam təzim deyil. Onun müvəqqəti uğuru məğlubiyyətlərlə növbələnirdi. Ona görə də biz ona yalnız 7 noyabrda baş tutacaq təkbətək döyüşdən sonra qiymət verə bilərik”.
Qeyd edək ki, 177 sm boya malik 28 yaşlı Abbasovun karyerasında çoxunu vaxtından əvvəl elə birinci raunddan başa vurduğu 13 döyüş var. MMA təcrübəsi 5 ildən artıq olan Bəxtiyar 2011-ci ilin dekabrında "ProFC - Grand Prix Global Finals” turnirində Laslo Solteş üzərindəki qələbəsindən sonra "ProFC” kəmərini qazanıb. Çox keçmədən o, "ECSF – MMA Grand Prix of Eastern Europe 2” turnirində fransız döyüşçüsü Yuness Mikiss üzərində qələbə əldə edib. Bundan əlavə, 2013-cü ildə Abbasov "CWFC 58 – Cage Warriors Fighting Championship 58” turnirində MMA-nın ən təcrübəli döyüşçülərindən biri olan braziliyalı Charlse Andradeyə yekdil qərarla qalib gəlib. Nailiyyətlər siyahısı yaxşı təsir bağışlayan gənc döyüşçü "PROFC-GPG” çempionu, pankration, sambo, ciu-citsu və əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya kubokunun qalibi, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu və beynəlxalq dərəcəli idman ustasıdır.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR