İki erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu

İki erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.

Sport7.az xəbər verir ki, İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. 

Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisiylə qarşılaşan Eldəniz ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib. İkinci yarış günündə İtaliya güləşçisini sınağa çəkən Əzizli elə ilk hissədə tam üstünlüklə qələbə qazanaraq karyerasında 3-cü dəfə qitə birinciliyinin bürünc medalını boynundan asıb.
 
Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb və macar həmkarına da məğlub olub.
 
Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısıyla görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisiylə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb. Fevralın 11-də macar güləşçiylə həlledici görüşə çıxan gənc pəhləvanımız ikinci hissədə qazandığı xallarla ilk dəfə qatıldığı Avropa çempionatının qalibi olub.
 
İslam Abbasov ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb. İslam 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini "tuşe" ilə üstələyərək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının gümüş medalçısı olmuş macar həmkarına yenildiyindən ikinci yarış günündə bürünc medal üçün güləşib. Litva təmsilçisinə qalib gələn Abbasov Avropa üçüncüsü olub.
 
Sabah Şəriəti startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda rumıniyalı rəqibinə uduzub. Rəqib finala yüksəldiyi üçün Sabah təsəlliverici görüşdə qüvvəsini sınamaq şansı qazansa da, zədələndiyi üçün xalçaya çıxmadan mübarizəni dayandırıb.
 
İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün Murad fevralın 12-də təsəlliverici görüşdə iştirak edəcək.
 
İslambek Dadov təsnifat mərhələsində macar həmkarı ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub olub.
Ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə batmaq mümkün olmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən Ülvü üçüncü yarış günündə təsəlliverici görüşə çıxacaq.
 
Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisiylə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiylə qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. 
 
Orxan Nuriyev ilk görüşdə polşalı rəqibiylə bacarmayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR