İki güləşçimiz Avropa çempionatının finalında

İki güləşçimiz Avropa çempionatının finalında
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan idmançılarına tam üstünlüklə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus güləşçisini də məğlub edən idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olacaq.

Hacı Əliyev (65 kq) Avstriya, Türkiyə və Sloveniya güləşçilərini məğlub edərək finala yüksəlib. O, finalda Rusiya idmançısı ilə qarşılaşacaq.

Murtuz Müslümov (70 kq) Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa təmsilçisi ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub və bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Digər idmançımız Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan güləşçilərinə qalib gələrək yarımfinala adlayıb. Növbəti mərhələdə Rusiya idmançısına uduzan Cəbrayıl Həsənov üçüncü yer uğrunda yarışacaq.

Doxsan yeddi kiloqram çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev mübarizəyə dörddəbir finaldan qoşulub və Ermənistan təmsilçini məğlub edərək adını yarımfinala yazdırıb. Yarımfinalda Belarus idmançısı ilə gərgin keçən görüş rəqibin üstünlüyü ilə başa çatıb. İdmançımız mübarizəni bürünc mükafat uğrunda davam etdirəcək.

Final görüşləri mayın 5-də keçiriləcək.
 
Sport7.az

Xəbər lenti