Azərbaycanda çox az sayda futbolçu var ki, həm ölkə
daxilində, həm də xaricdə qazandığı uğurlarla öyünə bilərlər. Onlardan da
biri İlqar Qurbanovdu. "Fənərbaxça”nın aşağı yaş qrupları üzrə komandalarında
kapitanlıq edən, əsas heyətdə də görünməyə başlayan İlqar daha sonra Azərbaycana
üz tutdu. "Xəzər Lənkəran”da parladı, "Sivasspor”un heyətində "Beşiktaş”ın
qapısına qol vurdu. Millidəki ilk oyununda da qolla fərqləndi. "Qarabağ”ın heyətində
bir-birindən maraqlı 6 mövsüm keçirdi, ardıcıl çempionluqlar, kuboklar qazandı.
Bütün bu məqamları bir-bir sadalamaqdansa onun özüylə keçmişə səyahət etməyə qərar
verdik.
Sport7.az-ın oxucuları bu müsahibəni diqqətlə
oxuyandan sonra özləri keçmişə səyahət etməklə yanaşı, bir çox maraqlı məqamlardan
xəbərdar ola biləcəklər.
- İlqar, atalarımız "igid oğul dayısına oxşayar”
deyirlər. Sənin yaxşı futbolçu olmağında bu amil, yəni məşhur Cavadovlarla
qohumluq daha çox rol oynadı, yoxsa öz istedadın və çalışqan olmağın?
- Elə ilk sualdaca çox maraqlı məqama toxunduz
(gülür). Mən sayım, siz özünüz baxın. Bizim ailədə demək olar ki, hamı idmançı
olub. Bəlkə də bir çoxları bilmir, mənim atam Bəhram Qurbanov da futbolçudu, 14-15
yaşadək yeniyetmələrdən ibarət Gürcüstan millisində oynayıb. Orda bir çox
klublarda çıxış etdikdən sonra "Neftçi”dən dəvət alıb, əvəzedicilərdə forma
geyinib. Ordan Mingəçevirin "Avtomobilçi” komandasına çağırılıb, bir müddət orda oynayıb. Rusiyaya
yollandıqdan sonra isə Ordu İdman Klubuna dəvət alıb, əsgərlərin komandasının şərəfini
qoruyub. Bəli, istedadım da burdan gələn xüsusiyyətdi. Təvəzökarlıqdan uzaq
olsa da, çalışqan olduğumu da deməliyəm. Çünki istedad da müəyyən bir yerə
kimidi. Nə əldə etmişəmsə, onu əzmkarlıqla əldə etmişəm. İstedadlı ola bilərsən,
amma əzmkarlığın olmasa, bəlli bir yerdə dayanmağa məhkumsan. Dayılarım da
futbolçu olub. İsgəndər və Füzuli Cavadovları hamı tanıyır. Onlarla yanaşı rəhmətlik
Tofiq Cavadov və Rza, Arif Cavadov da futbolçu olub. Xalalarım da idmançı idilər.
Mənim anamın özü otüstü xokkey üzrə idman ustası adını qazanıb. İnanmıram ki,
Azərbaycanda başqa belə bir ailə olsun. Görürsüz ki, hamımız idmançıyıq.

- Maraqlıdı ki, səni həm müdafiəçi, həm yarımmüdafiəçi,
hətta hücumçu kimi görmüşük. Bu universallığın səbəbi nədir? Bəlkə, nə vaxtsa
qapıda da dayanmısan...
- Ümumiyyətlə, uşaq vaxtından universal futbolçu
olmuşaq. Sadə dillə desək, məşqçilər hara qoyublarsa, orda da oynamışam. Heç
vaxt bəhanə gətirməmişəm ki, mən bu mövqeydə oynaya bilmərəm. Yalan olmasın, hər
bir mövqedə də yüksək səviyyədə çıxış etmişəm. Çalışmışam ki, effektli olum,
meydanda canla-başla oynayım. 17-18 yaşıma kimi əsasən hücumçu kimi oynayırdım.
"Fənərbaxça”nın əsas komandasında Kristof
Daumun dönəmində isə müdafiəçi kimi sınanmağa başladım. Bəzi oyunlarda
orda meydana müdafiəçi və yarımmüdafiəçi kimi çıxırdım. Azərbaycanda da Qurban
Qurbanov "Qarabağ”da məni müdafiəyə qoyurdu. Amma əsasən hücuma meylli
yarımmüdafiəçi kimi çıxış etmişəm. Yəni ki, universal olduğum üçün məşqçilər də
mənə qarşı həmişə tələbkar olublar. Bəlkə də bu xüsusiyyətimə görə mənə
üstünlük veriblər. Düzünü deyim ki, rəsmi oyunlarda qapını qorumamışam (gülür).
- Özün də "Fənərbaxça”nın adını çəkdin. İlqar
Qurbanovun adı gələndə yadıma daha çox "Fənərbaxça” düşür. 90-cı illərin
sonlarında sənin İstanbul klubuna yollanmağın idman mətbuatının əsas gündəmi
idi. İstanbula gedişin necə baş tutdu?
- Düzgün vurğuladız, mən "Fənərbaxça”ya 1999-cu ildə
yollanmışam. Bakıda "Neftçi”nin uşaq komandalarında İslam Kərimovun rəhbərliyi
altında oynayırdım. Həmin vaxt "Fənərbaxça”dan mənə dəvət gəldi. Oyunumu bəyənmişdilər.
Ora yollandıq və ilk oyundanca mənə göstərilən etimadı doğrultdum. Elə bu səbəbdən
də mənə uzunmüddətli müqavilə təklif etdilər. Müqavilənin şərtlərinə əsasən
bizi evlə təmin etdilər, atama iş tapdılar. Bacımın oxuması üçün məktəblə də təmin
olunduq. Hər istəyimizi yerinə yetirirdilər. Uzun müddət orda oynadım, bütün
yaş qruplarında kapitanlıq sarğısını mənə verdilər. Bir azərbaycanlı üçün böyük
uğur idi. 5-6 il orda oynadım və əsas komandaya qədər yüksəldim. Bəzi səbəblər
oldu ki, mənim qarşımı kəsdi. Təsəvvür edin, əsas komandada Aleks, Orteqa,
Anderson, Tuncay Şanlı, Serhat, Van Hoydonk kimi "ulduz” futbolçular çıxış
edirdi. Onlara da maraq böyük idi. Çox güclü futbolçularla bir araya düşmüşdüm,
özüm də xeyli gənc idim. Bəlkə də başqa məşqçi olsaydı, oynaya bilərdim. Amma
Kristof Daum cavanları heç sevməzdi. Vəziyyət elə idi ki, təkcə mən yox, heç
bir gənc futbolçu oynamırdı. Semih Şəntürk, Mithat Yaşar, Gürhan Gürsoy kimi gənc
futbolçular vardı, çox əla formada idilər. Onlara da şans verilmirdi. Belə bir
vəziyyətdə mənə şans veriləcəyi də inandırıcı görünmürdü. Azərbaycan milli
komandasının futbolçusu idim, şans istəyirdim. Bir-iki oyunda meydana
buraxdılar, vəssalam. Sonra da "Fənərbaxça”ya Anelka gəldi. Belədə bir oyunçu
komandanı tərk etməliydi. Gənc olduğum üçün həmin futbolçu mən oldum.

- Və bir gün "Xəzər Lənkəran”da göründün. Bu keçid
necə baş tutdu? Həmin vaxt karyeranı Türkiyədə davam etdirmək imkanın var
idimi?
- "Xəzər Lənkəran”a məni şəxsən Mübariz Mənsimov dəvət
etdi. Bildirdi ki, Lənkəran futbolu ilə bağlı böyük bir layihələri var. Uzun
müddətli layihədi və əsas hədəf çempionluğa oynayan komanda qurmaqdı. Həmin
dövrdə də "Fənərbaxça” məni 3-cü, 4-cü liqa komandalarına icarəyə vermək istəyirdi.
Bununla razılaşa bilməzdim. O liqalardan yuxarı qalxmaq çox çətindi. Türklər özləri
belə ora gedəndən sonra karyeralarını bitirirdilər. Buna görə də Lənkərana gəldim,
Mübariz Mənsimovla görüşdük. Ona dedim ki, bir ildən sonra yenidən Türkiyəyə
qayıtmaq istəyirəm. Mənsimov da razılaşdı, dedi ki, "Xəzər Lənkəran”la çempion
ol, sonra Türkiyəyə qayıdarsan. Elə də oldu. "Xəzər Lənkəran”la bir çox uğurlar
qazandım. Daha sonra da "Sivasspor”dan gələn təklifi dəyərləndirdim. Növbəti 3
il üçün "Sivasspor”la müqavilə imzaladm, demək olar ki, məqsədimə çatmışdım. Çünki
mən "Fənərbaxça”dan ayrılarkən yenidən Türkiyə Super Liqasında oynamağı hədəfləmişdim.
Bunu da bacardım.
- Düzdü, üzərindən xeyli vaxt keçib, bəlkə də
unutmusan. Respublika stadionunda "Xəzər Lənkəran” formasıyla qol vurdun və
tribunalara tərəf qaçıb qulağını tutdun. Xatırlayırsansa, bu jestin səbəbi nə
idi?
- Çox maraqlı məqamı xatırladız. Bu qol "Neftçi”ylə
oyuna təsadüf etmişdi. "Qızıl oyun” olan mövsüm idi. Dolu tribunalar qarşısında
gərgin oyun keçdi. Elə bunun nəticəsidi ki, o qolu siz də unutmamısız. Mən də
bu vacib oyunda fərqləndim. "Xəzər Lənkəran” tribunaları möhtəşəm idi. Hər bir
futbolçu arxasında belə azarkeş dəstəyi görəndə həvəslənir, daha böyük qüvvə ilə
oynayır. Həmin azarkeşlərin yeri görünür, onlardan ötrü çox darıxıram. Onların
yeri çox görünür. "Neftçi”yə qol vurdum və tribunalara tərəf qaçdım. Həm
azarkeşlərlə bayram edirdim, həm də əmim oğlu ilə. O da həmin tribunada
oturmuşdu. Fəxr edirəm ki, dolu tribunalar mənim adımı səsləyib, bayram
edirdilər.
- Yenidən səni keçmişə, özü də Respublika stadionuna
qaytaracam. 2004-cü ilin 28 mayında Özbəkistana qarşı yoldaşlıq oyunu
keçirirdik. Cəmi 18 yaşında meydana çıxdın və qol vurdun... Sonra da tablonun
altındakı tribunaya doğru qaçdın...
- Əla yaddaşınız var (gülür). Bəli, 2004-cü ildə
milli komandada ilk qolumu vurdum. Siz dediyiniz tribunada bütün qohumlarım əyləşmişdi.
Atam, əmilərim, onların övladları. Mən də qolu vuran kimi onlara tərəf qaçdım.
Çünki onlar mənə həmişə dəstək olublar, inandıqlarını bildiriblər. Gözəl
vaxtlar idi.

- Bununla belə milli komandada işlərin elə də yaxşı
alınmadı. Yəqin ki, bunda Berti Foqtsun sənə münasibəti də rol oynayırdı.
Almaniyalı məşqçi səni niyə sevmirdi?
- Milli komandada 20-21 yaşımda 30 oyun həddinə
çatmışdım. Çalışırdım millimizə faydalı olum, əlimdən gələni edirdim. Xeyli
uğurlu oyunlar da keçirmişəm. Yəqin ki, indiyə 100 oyun həddini keçərdim,
rekordlar vurardım. Özümə də indiyə kimi qaranlıqdı ki, nə üçün məni milliyə
çağırmırdılar. Legioner həyatı yaşayırdım, amma milliyə çağırmırdılar. Bunun səbəbini
çox fikirləşmişəm. Təkcə Berti Foqtsla bağlı problem olduğunu düşünmürəm. Çünki
Robert Prosineçkinin vaxtında da belə oldu. Baxmayaraq ki, sağ cinah müdafiəçi
kimi "Qarabağ”da sabit oynayırdım. Avrokubok oyunlarında əsas heyətdə meydana
çıxırdım. Yaxşı oyunlar keçirirdim. Milli komandaya zəif olduğuma görə yox,
başqa səbəblərə görə dəvət almırdım. Aydın məsələdi. Nə üçünsə məni istəmirdilər.
- Yəqin ki, Türkiyə futbolu, oranın klubları sənin
üçün xüsusiylə əzizdi. Sanki orda daha rahat oynayırdın. Bülənt Uyğunlu
"Sivasspor” hamını təəccübləndirəndə heyətdə sən də vardın. Hətta "Beşiktaş”la
oyunun qəhrəmanına da çevrilmişdin. O məşhur qolu və Sivasdakı günlərini necə
xatırlayırsan?
- Bülənt hoca məni "Sivasspor”a çoxdan dəvət etmişdi.
Bir neçə il yolumu gözlədilər. Hələ "Xəzər Lənkəran”da oynayanda dəvət göndərmişdilər.
Dedim ki, bura çempion olmağa gəlmişəm, bu arzum reallaşan kimi gələrəm. Özünüz
də bilirsiz, həmin mövsüm "Sivasspor” çempionluq uğrunda yarışırdı və mən də həmin
heyətdə yer alırdım. Həm Super Liqada, həm də Türkiyə kubokunda məhsuldar ötürmələrim
və qollarım oldu. "Beşiktaş”ın qapısında vurduğum qolla da Türkiyədə xeyli məşhurlaşmışdım.
Çalışırdım ki, komandaya faydam dəysin. "Sivasspor” tarixində ilk dəfə lider
mövqeyinə mənim "Beşiktaş”a vurduğum qol sayəsində yüksəlmişdi. Çempionluq
şansını son turlara qədər saxlamışdıq. Sivasda məni indiyə qədər xatırlayırlar,
medianın da gündəmində qalmışam. Hərdən məni xatırlayırlar, karyeramla
maraqlanırlar. Sonrada "Boluspor”da da çıxış etdim. 20 oyuna 5 qol vurmuşdum, 4
qolun da ötürməsini etmişdim.

- 2011-ci ildə, 25 yaşında "Qarabağ”a gəldin və
karyeranda yeni səhifə açıldı. Düz 6 il bu komandada forma geydin və maraqlıdı
ki, bu müddətə xeyli uğur sığdırdın.
- 2010-2011-ci illər mənim üçün uğursuz alındı. "Mersin
İdman Yurdu”na yollanmışdım. Həmin il orda çempionluq yaşadım, düzdü. Mersin təmsilçisi
Super Liqaya vəsiqə qazandı. Mən orda iyrənc səbəblərdən oynamırdım, xeyli
problemlərlə qarşılaşdım. İndi onları açıb-ağartmaq istəmirəm. Məşqçiləri də
problemli idi, rəhbərliyi də. Təsadüfi deyil ki, hazırda bu klub fəaliyyətini
dayandırıb. 6-7 ay maaşımı vermədilər. Məhkəməyə verdim, məhkəməni də qazandım. Bundan sonra
Türkiyədə oynamağa həvəsim qalmadı. Maddi, mənəvi cəhətdən problemlər vardı.
Çünki sabitlik ancaq Super Liqa klublarında vardı. Belədə "Qarabağ”a gəldim.
Düzdü, formada deyildim, birinci mövsüm çətin oldu. Qurban Qurbanov da sağ
olsun, mənə güvəndi, şans verdi. Öz üzərimdə çox çalışırdım, şansımı da dəyərləndirdim.
Demək olar ki, oynadığım bütün oyunları yüksək səviyyədə, minimum səhvlə
keçirirdim. "Qarabağ”da 100-dən çox oyun keçirmişəm, onların da üç, ya da
dördündə müəyyən səbəblərdən zəif oynamışam. "Qarabağ”da çox gözəl illər
keçirmişəm, unudulmaz qələbələr qazanmışıq. Ölkə kubokunda, Premyer Liqada, eləcə
də avrokuboklarda çox gözəl oyunlar keçirmişik. Sevinirəm ki, mən də bu
komandanın bir parçası olmuşam. Mənə dəstək olduğuna görə həm Qurban Qurbanova,
həm də "Qarabağ” klubunun rəhbərliyinə minnətdaram.

- Maraqlıdı ki, "Xəzər Lənkəran”la da Azərbaycan
çempionu olmusan, "Qarabağ”la da. Bu çempionluqların hər birnin öz yer var.
Amma hansı çempionluq sənin üçün daha əzizdi?
- "Xəzər Lənkəran”la çempion olanda çox gənc idim, bu
cür qələbəyə böyük ehtiyacım vardı. Həmin çempionluq mənə özünəinam, güc verdi.
Ona görə də həmin hissləri unuda bilmirəm. "Qarabağ”la da birinci çempionluq
xeyli özünəməxsus oldu. Komanda özü də bu çempionluğu çoxdandı gözləyirdi. Amma
hər bir bir çempionluq xüsusi dəyərlidi, çünki çəkdiyin əziyyətin bəhrəsini
görürsən. Ona görə də onları bir-birindən ayırmaq çox çətindi. Ümumilikdə Azərbaycanda
10 qənimətim var. Beş çempionluq kuboku, beş də ölkə kuboku. Hamısını da əziz
mükafat kimi qəbul edirəm.

- Etiraf edək ki, "Qəbələ” və "Sumqayıt”a da ayağın
düşərli oldu. Düzdü, çempion ola bilməmisən, amma öyünəsi nələrsə var...
- Əlbəttə, bu klublarda da uğurlarım oldu. "Qəbələ”yə getdim Avropa Liqasının qrupuna
yüksəldik. Eləcə də bu komandayla Azərbaycan kubokunun qalibi oldum.
Çempionatda sabit oynaya bilmədim ki, bunun da səbəbi zədələrdi. Bu yaşda zədə
alanda bir qədər gec sağalırsan, bərpa olunmağa vaxt lazım olur. "Qəbələ”də çox
yaxşı heyət vardı. "Sumqayıt”a gəldim və ilk cəhdimiz uğurlu oldu. Şadam ki,
Avropa Liqasına vəsiqə qazanan komandada oynamışam.

- İlqar, maşallah olsun,
iki oğul atasısan. Onların futbola həvəsi necədir? Sənin yolunu davam etdirə
biləcəklərmi?
- İkisinin də futbola böyük maraqları var. İstəyərdim
ki, Azərbaycanda yox, xaricdə oynasınlar. Düzdü, qismətdi. Amma hiss edirəm ki,
istedadları, həvəsləri var. İndi seçim özlərinindi. İstəsələr, oynayarlar, istəməsələr,
yox. Amma mənim üçün ən vacibi odu ki, hansı sahədə çalışacaqlarsa, Azərbaycanımıza
xeyirli övlad olsunlar. Mən karyeram ərzində çox haqsızlıqlarla qarşılaşmışam.
Oynamağa layiq idim, amma şans vermirdilər. Bütün bunları görə-görə gəlirdim.
Amma xarakterimin sayəsində bütün bunlara dözmüşəm. Küsməmişəm, yorulmamışam,
mübarizə aparmışam. Heç bir məşqçi mənə boş yerə forma verməyib, mən özüm o
formanı məşqçidən almışam. Hər bir futbolçu bunu bilməlidi.

Amal ABUŞOV
Sport7.az