İlqar Qurbanov: "Mən yığmaya 100 faiz çağrılmalı idim"

İlqar Qurbanov:
Hazırda zədəli olan, "Qəbələ"nin futbolçusu İlqar Qurbanovun Sport7.az saytına müsahibəsi.

- İlqar zədən necədi?

- Zədəli hissələr demək olar bitişir. Barmağım qırıldığına görə gec sağalan zədədi. Tamamilə qopmuşdu yerindən. 

- Əməliyyat olundun?

- Əməliyyata ehtiyac duymadılar. Dedilər ki, özü bitişməlidi. Belə olmasa əməliyyat ediləcəkdim. 

- Məşqlərə nə vaxtdan başlaya biləcəksən?

- Ayın 15-də zədəm təkrar rentgen olunacaq. Daha sonra bilinəcək. 

- Kənardan çempionatımız, futbolumuz necə görünür?

- Demək olar ki, artım yoxdu. O qədər də yüksək səviyyədə deyil, normal davam edir.

- "Qəbələ"nin ötən mövsümkü durumunu hələ bərpa etməməsi ilə razılaşmaq olar?

- Dərhal formaya girmək mümkün deyil. Çünki 10-12 nəfər gedib, o qədər də futbolçu gəlib. Burda artıq nəsə gözləməyin mənası yoxdu. Bu qədər yeni futbolçu varsa, zaman lazımdı. Ötən mövsümlərdə bu qədər dəyişiklik olmamamışdı. Belə şey xatırlamıram.

- Komandanın istənilən səviyyədə çıxış etməməsi sırf bununla bağlıdı?

- Məncə bəli, başqa nə ola bilər ki? Amma normal çıxış edirlər. Çempionatın əvvəlidi, xal fərqi azdı. Qorxulu bir şey yoxdu. Yalnız "Kəpəz"lə oyunda uğursuzluq oldu. Futbolda belə hadisələr olur.

- Artıq 7 tur geridə qalsa da futbolçular bir-birinə tam uyğunlaşmayıb...  

- Bu haqda məşqçi daha yaxşı bilər. Biz futbolçuyuq verilən tapşırıqları yerinə yetiririk. Uyğunlaşmaq asan iş deyil. Ən azı 4-5 il vaxt aparır. Çox çətin bir şeydi. 

- Amma itirlən xallar, sonradan "Qəbələ"yə baha başa gələ bilər...

- Əlbəttə, elədi. Heç bir komanda xal itirmək istəmir. Amma hazırkı durumda burda qorxulu nəsə yoxdu. Qarşıda çox oyunlar var. komandalar xal itirəcək. Ona görə də buna normal baxıram. 

- Görünür, yenə iki komanda "Qəbələ" ilə "Qarabağ" çempionluq uğrunda mübarizə aparacaq.

- "Zirə"ni də göstərmək olar. 8 komandalı çempionatdı. Ona görə də yüksək göstərici gözləmək düzgün deyil. Komandaların büdcələri azdı. Çempionatın səviyyəsi getdikcə aşağı düşür. Əlbəttə ki, bu avrokuboklardakı çıxışımıza. yığmanın oyunlarına, hər şeyə təsir edir. Amma bütün komandalar yaxşı nəticə verəndə, istər-istəməz başqa temp olur. Yığma, o cümlədən avrokuboklar üçün də yaxşı olur. Çünki burda zəif komanda ilə qarşılaşırsan. Sonra Avropada güclü rəqiblərlə görüşdə əziyyət çəkirsən. 

- Sabiq komandan "Qarabağ"ın ÇL-dəki çıxışı ilə bağlı nə düşünürsən?

- Uğurlu çıxış etdilər. Hər müsahibəmdə bunu demişəm ki, bu uğurdu.

- Düzdü, uğurdu, amma oyunlarda 5-6 top buraxmaq da üzüntülüdü.

- Üzüntülüdü, amma orda oynayanlar adi komandalar deyil. ÇL-dəki komandaların büdcəsi "Qarabağ"dan 5-10 qat üstündü. Elə qrupda oynayırlar ki, futbolçuları da qınamaq düzgün deyil. 

- "Qarabağ"ın qrupu müəyyənləşəndə şans baxımından nə düşünmüşdün?

- Bir qədər çətindi. Futbolda hər şey olur.

- Digər rəqiblərə nisbətən "Roma"dan xal almaq bir qədər asan görünürdü. Amma onlar da burda qələbə qazanıb getdilər. Bundan sonra nəyə ümid edə bilərik?

-  Hamı "Roma"nı fikirləşirdi. Məncə qrupda ən intizamlı və çətin rəqiblərdən biri "Roma"dı. Məncə, qrupdan "Roma" ilə "Çelsi" çıxacaq, "Atletiko" qalacaq. 

- "Qarabağ" Bakıda "Atletiko" ilə qarşılaşacaq. Xal almaq üçün şans var?

- Evdəki oyunlarda şanslar 50-nin 50-di. Evdə daha çox şans olur nəinki səfərdə. 

- Yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki çıxışı ilə bağlı sənin düşüncələrin maraqlı olardı...

- Həmişəki kimi, normal. Artım yoxdu. Necə varsa elə də qalmışıq, acınacaqlıdı.

- Tsiklə yaxşı başlamışdıq. Sən də yığmamızın final mərhələsinə qatıla biləcəyini düşünənlər arasında idin?

- Xeyr, belə düşünmürdüm. Qrupda maksimum San Marinodan 6 xal alacağımızı gözləyirdim. Çünki digərlərinə nisbətən bu daha asandı. San Marino yox kimi komandadı. Çexlər və digər komandalar yeni yığılmışdı. Gələcəyin komandasını qururdular. Ona görə də başlayanda büdrədilər. Futbolçular öz klublarında yaxşı səviyyədə oynadıqları üçün, sonda özlərini göstərdilər. 

- Amma çexləri məğlub etsəydik 3-cü yer üçün şansımız vardı. Sən də belə fikirləşirdin?

- Onu-bunu udsaydıq deməklə olmur.  Hər şey əvvəlcədən qurulmalıdı. Çexlər və Norveçlə ilk oyunlarda belə düşünmək olardı. Sonra görürsən ki, hər şey istədiyin kimi deyil. 

- Problem nədədi?

- Həmişə formada olmayan futbolçuları milliyə çağırırlar. Ən böyük problem budu. Oynayanlar kənarda qalır, oynamayanlar çağrılır. Fərq qoyulmamalıdı, istər "Zirə", istər "Sumqayıt" və başqa klublar olsun, futbolçu oynayırsa milliyə dəvət almalıdı. Yoxsa, məsələn "Qəbələ"də ehtiyatda qalırsa onun çağrılması düzgün deyil. Digər futbolçulara haqsızlıqdı. Həm də oynamayan futbolçu sənə bu səviyyəli oyunlarda 40-50 dəqiqə kömək edə bilər. 

- İlin sonunda böyük ehtimalla Prosineçki gedəcək. Onun getməsi yoxsa qalması daha çox fayda verə bilər?

- O insanla çalışmadığım üçün yalan deyə bilmərəm. Bu haqda onun rəhbərliyi altında oynayan futbolçular danışa bilər.

- Onun yığmadakı işi necə görünür?

- Məni qane etmədi. Mənə və başqa futbolçulara qarşı haqsızlıqlar çox oldu. 

- Yığmaya dəvət gözləyirdin?

- Əlbəttə, gözləyirdim. Kimdən əksiyəm? Öz mövqeyimdə oynayan futbolçulardan nəinki zəifəm, hətta güclüyəm. Həm də azərbaycanlıyam. Mən yığmaya 100 faiz çağrılmalı idim.  Avrokuboklarda bütün oyunlarda, oynadım. Yaxşı çıxış etdim. Keçən il də oynadım. Neçə ildi daim oynasam da, milliyə çağrılmıram. Halbuki, yığmada oynamağa tam hazıram. 

- Səninlə bərabər, Rauf Əliyev, Nizami Hacıyev də kənarda qalmışdı...

- Rauf yığmada gözübağlı oynamalıdı. O cümlədən Nizami. Ən azından çağrılmalı idilər. Niyə dəvət almadılar, səbəbini bilmədim.

Sport7.az 

Xəbər lenti