“İmarət”in üzvü:“Bizim üçün əzəli rəqib “Neftçi” yoxdu, artıq məhv olub”

“İmarət”in üzvü:“Bizim üçün əzəli rəqib “Neftçi” yoxdu, artıq məhv olub”
Bu gün "Bakcell Arena”da baş tutacaq "Neftçi” – "Qarabağ” matçına ağdamlı azarkeşlərin hazırlığı maraq doğurur.
 
Ümumiyyətlə bu mövsüm ölkənin aparıcı fanklublarından olan "İmarət”dən hansı yeniliklər gözlənilir?

Bu və digər suallara cavab tapmaq üçün "İmarət”in idarə heyətinin üzvü Elnur Quliyevlə əlaqə saxladıq. Elnur bəy Sport7.az-a açıqlamasında bunları bildirdi:

"Qeyri-adi hazırlıq yoxdu. Amma çox sayda azarkeşlərin iştirak etməsinə çalışacağıq. "Qarabağ”ın digər azarkeş qruplarına ilə birlikdə komandaya dəstək verəcəyik. Buna sıradan bir oyun kimi baxırıq. 

"Neftçi”ni Azərbaycan çempionatında say düzəltmək üçün çıxış edən komanda kimi görürük. Bizim üçün əzəli rəqib "Neftçi” yoxdu, artıq məhv olub. İndiki komanda tam fərqlidi. Təbii, istərdik ki, əvvəlki "Neftçi”ni görək. Heyətin zəifliyinə baxmayaraq, müqavimətini, duruşunu göstərsin. Hansı ki, "Qarabağ” ən çətin, Yaşar Hüseynovun, Müşfiq Hüseynovun dönəmində, oyunçuların maaşının verilmədiyi bir vaxtda "Neftçi”ni bəzi oyunlarda məğlub edirdi. Amma son illərdəki oyunlar onu göstərir ki, "Neftçi” bizə rəqib ola bilməz. Axşam sadəcə, komandamıza dəstək verəcəyik, mövsümün ilk oyunudu. "Qarabağ” ilk dəfə Azərbaycanı ÇL-in "pley-off” mərhələsində təmsil edəcək. Ona görə də oyuna maraq çoxdu.

Yeniliklərə gəlincə, çox istəyirik ki, digər azarkeş qrupları birləşsin. Bu haqda kluba da müraciət etmişik. "Qarabağ” hər il peşəkarlaşmaq yolunda ciddi addımlar atır. Həm texniki, həm idarə heyəti KİV-in diqqətindən yayınmır. Fikrimizi bildirmişik ki, azarkeşlərlə görülən işlərdə də onlar peşəkarlaşsınlar. Hansı ki, maddiyyatla azarkeş formalaşdırmasınlar. Bu artıq süni görüntü yaradır. Artıq özlərinə fayda verməyən topluma çevrilirlər. Üstəlik azarkeşlərin də tam dəstək verməsinə mane olurlar. Sadəcə, "Qarabağ” hələ belə qətiyyətli addımlar atmır. Komandanı dəstəkləyən azarkeş qrupları təbii şəkildə formalaşmalıdı. Klub təşkilati dəstəyi verə bilər, amma azarkeşlər klubun işçisi kimi çıxış edə bilməz. Yerindən duran azarkeş qrupu yaradır. Xatırlayırsızsa keçən il bizim üçün də xoş olmayan azarkeş hadisə baş verdi. "Neftçi” azarkeşləri "Qarabağ”ın 1951 adlı fanklubunun bannerini aldılar, tərsinə çevirdilər və sair. Bunlar da utanmadan gedib eyni fanklubu yenidən yaratdılar. Dünya praktikasında belə hallar yoxdu. Bu bizi zəif göstərir. "Kopenhagen”lə "Qarabağ” kimi, onların azarkeş qrupları da eyni şəkildə maraqlanır. Düzdü bizim onlara çatmağımıza hələ çox var. Amma ən azı dünya praktikasından istifadə etməliyik. Amma təəssüf ki, bizim bu söhbətimiz belə azarkeş toluluqlarında ikrah doğurur. Elə bilirlər ki, biz özümüzü onlardan böyük görürük. 

Tribunadakı yeniliklərə gəlincə, bir həftənin içində formalaşan, gündəmdə olan məsələlərdi. İdarə heyəti yığışır ideya verir. Sonra yönəldilir icraya və düzəldilir. Əsas istəyimiz odu ki, oyunlar bugünkü kimi saat 9, yaxud 8-də keçirilsin. Azərbaycanda kifayət qədər futbol azarkeşi var, sadəcə onlar stadiona gəlmirlər. Biz də onları gətirmək istəyirik. Məqsədimiz azarkeş sayını çoxaltmaqdı. Məsələn "Qarabağ” – "Zirə” matçına, "Kopenhagen”lə oyunun ən azı 1/10-u qədər maraq olsun. Bu il özünüz də gördüz ki, çempionat üzündən komanda Avropada nə qədər zəif çıxış etdi. "Samtredia” və "Şerif”lə oyunlarda bu özünü büruzə verdi. Güclü azarkeş qarşısında oynayan futbolçunun yaxşı performansı olur. Məsələn, yeni transferlərdən Yakub Jezniçak karyerası boyu 30-40 min azarkeş qarşısında oynamış futbolçudu. Birdən-birə boş tribuna qarşısına çıxanda eyni oyunu göstərməkdə çətinlik çəkəcək. O cümlədən Donald Gerye. Onlar istəyirlər ki, təyyarədən düşəndə qarşılarına ən azı 200 nəfər azarkeş çıxsın. Şəhərə çıxanda tanınsın, yaxınlaşıb şəkil çəkdirsinlər. Bizdə belə azarkeşlər yoxdu. 3 il əvvəl "Qarabağ”ın "feysbuk”, "instaqram” və sair səhifəsi yox idi. İndi isə var. Bunlar işin marketinq tərəfidi. "Fan-Şop”u açılması çox yaxşı oldu.

"Qarabağ”ın ÇL-in "pley-off” mərhələsinə yüksəlməsi azarkeşlərin sayına da təsir edəcək. Azarkeşlərimizin əksəriyyəti Avropa futboluna baxan adamlardı. Ona görə də Azərbaycan futbolunu aşağı səviyyəli kimi görürlər. Amma "Qarabağ” qrupa vəsiqə qazansa, onlar özlərini ÇL-də oynayan komandanın azarkeşi kimi hiss edəcəklər. Digər tərəfdən yayda məzuniyyət olur, ölkə xaricinə gedirlər və sair. Ona görə də oyunlara gəlmək imkanı olur. Devalvasiya, komandaların yüksək səviyyəli futbol göstərə bilməməsi, o cümlədən əksəriyyətinin Bakıda yerləşməsi, maliyyə və sair də təsir edən amillərdi. Rayon komandaları, "Turan Tovuz”, "Şəmkir”, "Xəzər Lənkəran” oynasa bu bizə çox təsir edər. Əvvəlki illərə nisbətən çempionatımızda zəifləmə var. Zirə, Şüvəlan, Keşlə, Sumqayıt bunlar hamısı boş şeylərdi. Ümumi maraq olmalıdı.

"Qarabağ”ın şanslarına gəlincə, bu il "Qəbələ”ni də rəqib saymamaq olar. Avroliqada oyunlarına baxdım. Çox yorğun görünürdülər. Sanki çempionata yeni başlamırlar. "Qəbələ”də hansı dəyişikliklər olduğunu gördük. İki futbolçuları normal transferdi. Qalanları yəqin ki, 1 il ərzində komandadan ayrılacaq. "Qəbələ” sadəcə "Qarabağ”ın avrokuboklardakı çıxışından, milliyə daha çox futbolçu verməsindən istifadə edə bilər. Obyektiv dəyərləndirsəm, keçən il "Qarabağ” çox zəif duruma düşmüşdü. "Qəbələ” isə bundan istifadə edə, çempion ola bilmədi. Xatırlayırsızsa, "Qəbələ” 2-ci turda yeganə qələbəsini öz meydanında "Qarabağ” üzərində qazandı. AZAL-ı belə məğlub edə bilmədilər və son dəqiqədə qol buraxdılar. Çox xal itirdilər. "İnter” də Xizanaşvilinin vurduğu qol  sayəsində "Qarabağ”ı məğlub etdi. Başqa futbolçu yox idi oynatmağa, Qurban Qurbanov 2 ildi futbol oynamayan Vüqar Nadirovu əsas heyətdə meydana buraxmışdı. "Qəbələ” bundan artıq nə istəyirdi ki? Çempion olardı də. O vəziyyətdə çempion ola bilməyən komandanın indi istəyini reallaşdıracağı inandırıcı deyil. Azarkeş kimi də inanıram ki, ardıcıl 5-ci ildə də çempion olacağıq. Təbii ki, çempionluğa real namizədlərdən biri "Qəbələ”di. Amma hansı səviyyədə olacaqları bilinmir”.

Sport7.az

Xəbər lenti