İndi nə xanı var, nə sultanı var...

İndi nə xanı var, nə sultanı var...
Azərbaycan futbolu suyu sovrulmuş dəyirmanı xatırladır. Nə gələni var, nə də gedəni. Sakit və susqun. Üstü-başlı tozlu, heç kimə lazım olmayan, unudulmuş!

İnandırım sizi, "Qarabağ” Çempionlar Liqasında uğurlu çıxış etməsəydi, dünya Azərbaycanda futbol oynandığından belə xəbərsiz olardı. Qapanardıq özümüzə, bir top atardıq qarşımıza, ora-bura dığırladardıq. AFFA-nın da istədiyi odu. Adam yoxdusa, problem də yoxdu! Azarkeş və futbolçu da yoxdusa, nə mutlu bizə. Salla başını, al maaşını. Millət tarac olursa da, olsun.

Rafet Əl Romanı tanıyırsız? Ay sağ olun, mən də yaxşı tanıyıram. Gəncliyimiz elə onun mahnılarına qulaq asmaqla keçib – "Gəncliyimin göz yaşı”, "Macera dolu Amerika”, "Şu hayatta neler oluyor” və "Seni seviyorum”. Sonuncu mahnı daha məşhur idi. Mahnının bir yerində Rafet belə deyirdi: "Və o an gelir de...”

Elə bir an gəlib ki, Rafet El Roman "Trabzonspor” üçün futbolçu alıb. Bəli, təəccüblənməyin. Kamerunlu futbolçu Erik Ayukun transferi üçün tələb olunan məbləği müğənni öz cibindən ödəyib. "Trabzonspor” klubu 1967-ci ildə yaradılıb, düz 51 il bundan əvvəl. Türkiyə çempionu olub, avrokuboklarda uğurlu oyunlar keçirib, milyonlarla azarkeşi var. Amma bu boyda klubun belə bəzən müğənninin puluna ehtiyacı olur. Zaman-zaman məşhur şəxslər, sıravi azarkeşlər belə sevimli klublarına transfer üçün pul veriblər. Burda ayıb heç nə yoxdu.

Ayıb olan Azərbaycan futbolunun bu gün düşdüyü vəziyyətdi. Top oyunu sürətlə paytaxta doğru təmərküzləşdirilib. Bu boyda ölkənin futbol çempionatı paytaxt birinciliyinə çevrilib. Əvvəllər az-çox birinci divizionla öyünürdülər, orda bölgələrin təmsil olunduğunu fəxrlə deyirdilər. Bu ildən o da olmayacaq. Əsl ayıb, biabırçılıq, utanmalı olan haddisə budu, dostlar.

"Xan Lənkəran”la bağlı yaşanan prosesləri diqqətlə izləyirəm. Dəyərli insanlar ciddi bir işə qol qoyub, Azərbaycan futbolunda yenilik etmək, "suyu sovrulmuş dəyirman”a yeni nəfəs gətirmək istəyirlər. Uğurlu olub-olmayacağı zamanın işidi. Amma AFFA-dan, dövlətdən heçə istəmirlər. Bu layihə nə Almaniyada açılan futbol məktəbləridi, nə əcnəbi idman direktorlarının Azərbaycana gətirilməsi, nə də topçiləmə festivalı, süni örtüklü meydançaların salınması və sair belə mənasız nümunələrdən. İmkan vermək lazımdı yaşasın, böyüsün, möhkəmlənsin. Azərbaycanda da yeni bir futbol mədəniyyəti, klub yaradılması formulu olsun. İmkan vermirlər, beşikdəcə boğmağa çalışırlar.

Hansı ölkədə futbol təsərrüfatını idarə edən, özünə ciddi futbol funksioneri deyən, UEFA-nın İcraiyyə Komitəsinə üzv olmaq həvəsinə düşən şəxsi yeni yaranan kluba deyər ki, gedin, hələ 2-3 il həvəskarların çempionatında oynayın, sonrasına baxarıq. Varmı belə bir nümunə? Adama deyərlər ki, sənin indiyə qədər hansı klubun Regional Liqadan diviziona, ordan da Premyer Liqaya yüksəlib? Niyə müstəqil olmağa çalışan, yenilikçi klubdan bunu tələb edirisiz?! Ortaya bir sənəd qoyun, onu hər il istədiyiniz kimi dəyişdirməyin və hamıdan eyni şeyi tələb olunsun. Yox, sizə beləsi sərf etmir.

"Kəpəz”i iflic edin, "Şahdağ”ı dağıdın, Naxçıvanda futbol olmasın, Tovuzla Şəmkir sizin əlinizə baxsın, Lənkəranın da nə "Xan”ı olsun, nə də "Xəzər”i. Futbolumuzun tək sultanı da siz olun. Bəs sonrası?

Amal ABUŞOV

Xəbər lenti