"İnter" Bakı tarixə çevrilir

Bakı "İnter”inin adı rəsmən dəyişdirilib. 

Sport7.az xəbər verir ki, klub bundan sonra "Keşlə” adlandırılacaq.

Bunu klubun rəsmi saytına açıqlamasında "İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov bildirib. O, yaxın müddət ərzində klubun adının dəyişdiriləcəyini deyib: "Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq "İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina etmişdir. Bu dövrdən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubu kənar idarəçiliyə götürmüş və klubun Premyer Liqada və Avropa Liqası oyunlarında iştirakını təmin etmişdir. Klubun adının "İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda klubun adının dəyişdirilməsi zərurəti meydana çıxmışdır. Bununla əlaqədar olaraq klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi olaraq "Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranmışdır. Bunun üçün hüquqi prosedurlar başlanmış və proses yaxın müddət ərzində başa çatacaqdır. Klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır. Belə ki, klubun bazası Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər klubun oyunlarına gələrək komandaya dəstəklərini nümayiş etdirəcəklər.

Hüquqi prosedurlar başa çatana qədər klub "Keşlə” FK adından brend olaraq istifadə edəcək. Prosedurlar yekunlaşdıqdan sonra tam olaraq "Keşlə” FK adı ilə fəaliyyət göstərəcək”.

Sport7.az

Xəbər lenti