İsayevlə Babayev Rəfiyevin planını pozdu

İsayevlə Babayev Rəfiyevin planını pozdu
Yaxın günlərdə millimizin baş məşqçisi postuna təyin olunacaq Nikola Yurçeviç bu gün Sumqayıtda yerli komandanın "Qarabağ”la görüşünü izlədi.

Xorvatiyalı məşqçi bu görüşə "Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə birlikdə baxırdı. Rəfiyevin bir yanında Yurçeviçin, digər tərəfində isə U-21 komandamızın baş məşqçisi Milan Obradoviçin əyləşməsi heç də səbəbsiz deyil. Hər iki əcnəbinin Azərbaycana gəlişində Rəfiyevin böyük rolu var və onun rəhbəri olduğu "3R” menecer şirkəti bu işbirliyindən yaxşı faiz götürəcək.

Yurçeviçin bu gün məhz "Sumqayıt”ın oyununa aparılması da səbəbsiz olmayıb. Rəfiyevin prezidenti olduğu komandada onun iki müştərisi – Aleksey İsayevlə Əli Babayev də çıxış edir. İsayev "Sumqayıt”a Rusiyadan, Babayev isə İsraildən gətirilib. Hazırda hər iki futbolçunun Azərbaycan pasportu ilə təmin edilməsi və milli komandaya çağırılması gündəmdədi.

Rəfiyev də millinin gələcək məşqçisinə öz müştərilərini göstərmək, Yurçeviçin bu işə xeyir-duasını almaq məqsədi ilə onu Sumqayıta gətirib. İsayevlə Babayev 90 dəqiqəni meydanda keçirsələr də xüsusi heç nəylə yadda qalmayıblar və səviyyəcə yüksək olan rəqib futbolçuların qarşısında "itib-batıblar”. Bu Riad Rəfiyevin planlarını pozub.

Gözlənilən odu ki, Yurçeviç növbəti turda da "Sumqayıt”ın oyununa baxacaq və hər iki futbolçu ona həmin qarşılaşmada bəyəndiriləcək. Bundan sonra "Sumqayıt"ın futbolçularının milli üzvü olmasına əngəl qalmayacaq.

Sport7.az

Xəbər lenti