İsgəndər Cavadov: "İstərdim ki, yığmada azərbaycanlı məşqçi olsun"

İsgəndər Cavadov:
Veteran futbolçu İsgəndər Cavadov bu yaxınlarda "Bakı" Futbol Klubunun bazasında akademiyanın açılışına qatılmışdı. 

İsgəndər bəy Sport7.az-a müsahibəsində bununla yanaşı yığmamızın DÇ-nin seçmə mərhələsindəki çıxışı və bir sıra sualları da cavablayıb.

- İsgəndər bəy, akademiyanın yaradılması təşəbbüsü kimdən gəldi?

- Bu mənim arzum idi. Futbolu bitirəndən sonra öz adımla akademiya açmaq istəyirdim. Şükür Allaha, buna nail oldum. Düzdü, bir qədər gec oldu, amma istəyimə çatdım (gülür).

- Orda neçə komanda fəaliyyət göstərir hazırda?

- Hələlik 5 qrup var. Çox şadam ki, belə qısa müddətdə 100 nəfər uşaq yığmışıq. Hələ ki, tam açılış etməmişəm. Bəzi işlərim var, yoluna qoyandan sonra, inşallah, sizləri də dəvət edəcəm açılışa. Amma uşaqlar gəlirlər. Çempionatda iştirak edirlər. AFFA-nın aşağı yaş qrupları üzrə liqalarında yarışırlar.

- Niyə məhz "Bakı"nın bazasın seçdiz?

- Faktiki baza boş vəziyyətdədi. "Bakı" da fəaliyyətin dayandırmışdı. Nə Premyer Liqada, nə də Birinci Divizionda iştirak edirlər. Baza nəyə görə boş qalmalıdı? Gözəl infrastruktur, şərait var. Hafiz Məmmədovdan xahiş etdim, razılaşdı. Dedi "sənin kimi insan uşaq futboluna böyük dəstək olmalıdı". Belə baxanda onun nə günahı var? Hazır tikilidi və istifadə etmək lazımdı. Bu da mənə qismət oldu. Belə akademiyanı yaratmaq üçün yer və imkan yox idi. Çalışcağıq ki, yaxşı futbolçular yetişsin və Azərbaycan futbolunun inkişafında bu akademiyanın da rolu olsun. 

- Bazanı icarəyə götürmüsüz, yoxsa birdəfəlik özəlləşdirmisiz?

- Xeyr, icarəyə götürməmişəm. Birdəfəlik mənə məxsusdu. Adı da "İsgəndər Cavadov Bakı Futbol Akademiyası"dı. Gürcüstanda, Rusiyada, Ukraynada bəzi akademiyalar var ki, futbolçuların adları ilə bağlıdı. Mən də pis-yaxşı, Azərbaycanda iz qoymuşam və məktəbim olmalıdı (gülür). Ümumiyyətlə, təkcə mənim deyil, Azərbaycanda bir çox tanınmış futbolçular var ki, onların da adına akademiya olmalıdı. 

- Bazada təbii örtüklü meydançalar var və onların baxımına xeyli maliyyə tələb olunur. Hansısa sponsorla anlaşmısız?

- Dəstək verən sponsorlar var. İş gedir yavaş-yavaş. İnşallah, açılış mərasimində bunlar haqda danışaram, indi nəsə demək tezdi. Hələ ki, çempionatda müəyyən işlər görməyə çalışırıq ki, uşaqlar dayanmasınlar, oynasınlar. Onsuz da meydançalar yüksək səviyyədədi. Qalan məsələləri də yavaş-yavaş yoluna qoyacağıq. İki aydı işə başlamışıq. 

- Birinci Divizionda və Premyer Liqada oynamaq üçün orda komanda yaratmaq fikriniz var?

- Gələcəkdə baxarıq. İndi bu haqda danışmaq tezdi. Hazırda məqsədim uşaq yetişdirməkdi. Elə-belə deyil, normal, yaxşı akademiyadı. Hər qrupda Azərbaycan yığmasına ən azı bir futbolçu yetişdirməliyik. 

- Qruplar neçə yaşdan başlayır?

- 8-9 yaşından başlayırlar. Gələcəkdə 17-18 yaşlılardan ibarət qruplar da yaratmaq niyyətindəyəm. 

- AFFA bu məsələdə dəstək verir sizə?

- Bəli, akademiya da elə AFFA-nın rəhbərliyi ilə yaradılıb. Çalışacağıq boş deyil, peşəkar akademiya olsun. Özüm də nəzarət edəcəm. Uşaqların oyunlarına baxacam. 

- Yığmanın cari tsikldəki çıxışını necə dəyərləndirirsiz?

- Milli komandamızın yaxşı çıxış etməsini həmişə arzulamışam. Belə baxanda düz yoldayıq. Sadəcə, nəticələrimiz zəifdi. AFFA rəhbərliyi çalışır. Klublarımızdan "Qəbələ" ilə "Qarabağ" bizi sevindirir.

- Yaxşı başlamışdıq tsiklə. Sonradan 3-cü pilləni tutmaq şansımız da vardı...

- Bəli, yaxşı başlamışdıq, amma sonradan bəzi problemlər oldu. 3-cü yeri tuta bilərdik. Çexiyanı məğlub etsəydik yaxşı olardı. 

- Çatışmazlıqlar nədən ibarətdi?

- Səviyyəli futbolçu çatmır, azdı. Futbolçularımız burdan çıxmalı, başqa ölkələrdə oynamalıdı. Yaxud çempionatımızın səviyyəsini qaldırmalıyıq. Gələcəkdə nəticə vermək üçün bunlar şərtdi.

- Yığmamızda "milliləşdirilmiş" futbolçular kifayət qədərdi, bunlar fayda verir?

- Başqa idman növlərində də "milliləşdirilmiş" idmançılar var. Amma bizdə yerli futbolçular da oynayır. Hələlik "milliləşdirilmiş" futbolçular lazımdı. Amma çox işləməliyik. Gələcəkdə yerli futbolçular oynamalıdı millidə. Hələlik əziyyət çəkirik. İnanıram ki, hər şey yoluna qoyulacaq. 

- Prosineçki yığmadan gedir...

- Bu, mənim qərarım deyil. Gəlməlidi və hesabat verməlidi. Daha sonra biz, İcraiyyə Komitəsinin üzvləri yığışıb məsələyə baxacağıq. 

- Nə düşünürsüz, qalsa yığmamıza faydalı ola bilər. Ümumiyyətlə, onun yığmadakı işi ilə bağlı nə düşünürsüz?

- Bilirsiz, pis məşqçi deyil. Amma "material" lazımdı. Belə məşqçilər üçün oyunçular olmalıdı. Çox çalışdı, yığmamız tsiklə pis başlamamışdı. Sonradan problemlər oldu. Tsiklin əvvəlində digər ölkələrdə də çempionat yeni başlayır. Futbolçular formaya düşmürlər. Ola bilər biz də, rəqiblər də hazır deyildi. Amma onlara baxanda xal yığdıq. Digər ölkələrdə futbolçular formaya düşəndən sonra, artıq problem yaranır. 

- Sizcə, Prosineçki yığmada qalmalıdı, yoxsa getməlidi? Burda qazandıqlarının əvəzini verdi?

- Nə deyə bilərəm? İstərdim ki, azərbaycanlı məşqçi olsun. Gəlsin, baxaq görək nə qərar verəcək. Bəlkə özü Azərbaycanda qalmaq istəmir? Qalsa dəstəkləyərik. Pis mütəxəssis deyil. Həm də uşaqlar onu yaxşı tanıyırlar, öyrəniblər. İnsan kimi də yaxşıdı. Kənardan izləyirəm, görürəm ki, işləyən insandı. Hər məşqçi onun etdiklərini etmir. Görürəm ki, işləmək, fayda vermək istəyir. Həyatdı də. Mən bilən bizimkilərin də bunu etmək imkanı var. 

- Qurban Qurbanovun məsələsi müzakirə olunur. O yığmaya gəlsə, həm də "Qarabağ"da çalışsa, problem olmayacaq?

- Qurban Qurbanov işləyə bilər. Məncə problem olmaz. Həm də klubda və yığmada məqsəd tam başqadı. Futbolçuları izləməlidi. O da Azərbaycanda olduğu üçün bunu edə bilər. 

- Prosineçki əksər vaxtlarda çempionat oyunlarını izləmirdi...

- Əlbəttə düzgün deyil. Maşallah, siz bunları bizdən də yaxşı bilirsiz (gülür). İnsan iş yerindən qaçmamalıdı. Baş verənləri izləməlidi. Baş məşqçisənsə komanda yaratmalısan, futbolçulara baxmalısan. Əks halda problem olur. Oyunları da izləməlisən.

- Oğlunuz cərimələnmişdi, onun məsələsi necə oldu?

- Orda ciddi bir şey yoxdu. Qırmızı işıqda keçmişdi. Xuliqanlıq etməyib, dava salmayıb, içkili olmayıb. Özüm də bu cür şeylərlə qarşılaşmışam. Yəni bilmədən olub. Polis dediyi yerdə olmasa da, bir qədər irəlidə evin yanında saxlayıb. Amma yazıblar ki, guya polisə tabe olmayıb. Qısası, yüngül şeydi. Mənim adımla bağlı "şişirtməyə" başlayıblar. Yazıblar ki, guya xuliqanlıq edib. Bu nə hərəkətdi anlamıram...

Sport7.az

Xəbər lenti