İşgüzar nüfuzun pozulması

İşgüzar nüfuzun pozulması
"Keşlə”nin Müşahidə Şurasının sədri, yəni patronu Zaur Axundov bu yaxınlarda mətbuatdan şikayətçi düşmüşdü. Deyirdi ki, idman saytlarında yazılan tənqidi yazılar onun işgüzar imicinə zərər vururmuş. Xeyli təəccəbülnmişdik.

Ona görə təəccüblənmişdik ki, Zaur bəy futbol dünyası ilə biznes aləmini qarışıq salmışdı. Biznes mühitində belə ola bilər. Hansısa bank və ya iş adamı barədə tənqidi yazılar yazanda ona olan etimad azalar, müştərilər həmin kommersiya obyektindən (yaxud da biznesmendən) üz döndərə bilərlər. Amma futbol dünyasında buna ehtiyac yoxdu. Çünki hər şey göz qabağındadı, futbol adamının (prezident, məşqçi və ya futbolçunun özünün) bacarığının, fərasətinin göstərici onun qazandığı, göstərdiyi nəticələrdi. Yəni, yaşıl meydanlarda qeydə alınan nəticələr.
 
Sənin prezidentlik etdiyin, məşqçisi olduğun və yaxud da futbolçu kimi top qovduğun komanda yaxşı oyun göstərir, qələbə və xallar qazanırsa, deməli, sən özün də yaxşısan. Əks halda isə sən bu işin adamı deyilsən, futbol funksioneri, mütəxəssisi və ya elə futbolçu kimi uğursuzsan. Burda başqa heç bir variant yoxdu.

İndiki halda mətbuatın Zaur Axundovun işgüzar imicini və ya nüfuzunu zədələməsi, ona zərbə vurması üçün xüsusi plan işləməsinə, dərin yazılar yazmasına ehtiyac yoxdu. Nəticələr özü hər şeyi deyir. Onları yazmaq kifayətdi.

Ötən il "İnter”in, yəni "Keşlə”nin sələfi olan komandanın maddi durumu yaxşı deyildi. Amma avrokuboklarda pis-yaxşı nəticələr vardı, futbolçular əzmkarlığı və Zaur Svanadzenin heyətin gücünə yaxşı bələd olub, həmin gücdən lazımınca yararlanması sayəsində mərhələ keçirdi. Premyer Liqaya da yaxşı start verilmişdi, ciddi problemlər məngənəsində olan "İnter” "Qəbələ” ilə sona qədər "döyüşmüşdü”.

Bəs Zaur Axundov neynədi? Svanadzeni postundan uzaqlaşdırdı, komandanın adını dəyişdirdi. Ukraynadan məşqçi gətirdi, qışda bir dəstə əcnəbi futbolçu transfer etdilər. "Keşlə” bütün bunlara baxmayaraq turnir cədvlənin dibindən qurtula bilmədi. Sürpriz qələbələr, ölkə kubokunun finalındakı uğur qəsəbə təmsilçisinin imicini bir qədər yaxşılaşdırdı. Bir andaca hər şey mənfiyə doğru dəyişdi. Əvvəlcə "Baltsan”a Maltada məğlubiyyət, sonra da Yuri Maksimovun qəfil gedişdi "Keşlə”də ciddi problemlərin olduğunu göstərdi.

Mövsümün startına sayılı günlər qalanda "Keşlə”ni Azərbaycan futbolundan bixəbər, bizim də heç yaxından tanımadığımız əcnəbi Mladen Milinkoviçə tapşırdılar. Zaur Axundov özü də ordadı, yəni ara-sıra məşqçiyə göstəriş verdiyinə şübhə etməyə dəyməz. Premyer Liqanın ilk turunda "Keşlə” elitanın debütantı "Sabah”a 0:1 hesabıyla uduzdu. Bu da sizin üçün işgüzar imicin korlanması.

İmici başqa cür korlamağa ehtiyac yoxdu, cənablar.

Amal ABUŞOV

Xəbər lenti