İsmayılov o anları xatırladı: "Şvarz"ın istehsal etdiyi qol saatı hədiyyə vermişdilər"

İsmayılov o anları xatırladı:
15 il öncə bu ün yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya və Çernaqoriya (köhnə Yuqoslaviya) ilə qarşılaşırdı. 

Həmin oyunda əvvəlcə hesabda geri düşən komandamız sonradan toparlana bildi. Nəticədə Qurban Qurbanovun və Fərrux İsmayılovun qolları sayəsində millimiz rəqibini 2:1 hesablı məğlubiyyətə uğradaraq, Bakıdan başıaşağı yola saldı. Həmin matçın qəhrəmanı kimi məhz ikinci qlun müəllifi olan İsmayılovu qələmə verə bilərik. Bəlkə də bu onun yığma karyerasında ən yaxşı oyunu oldu. Baş zərbəsi ilə qələbə topunun müəllifinə çevrilən İsmayılovun həmin qolu demək olar ki, hər il xatırlanır. Bəs həmin anlar veteran hücumçunun xatirində necə qalıb?

Hazırda "Vətən"də məşqçi kimi fəaliyyət göstərən Fərrux bəy, Sport7.az-a açıqlamasında bunları söylədi:

"Hər il bu qolu yad edirik və eyni sözləri deyirik. Nə deyə bilərəm? O hissləri anlamaq üçün gərək yaşayasan. O anlar indiki kimi gözümün qarşısındadı. O anı yaşamaq lazımdı. Doğurdan da dəhşətli bir məqam idi. Çox sevinirəm ki, mənə qismət olub. 

Düzdü, oyundan sonra bu qolu xüsusi qeyd etmədim. Amma rəhmətlik Fuad Musayev bizə "Amburan"da qonaqlıq verdi. Bütöv bir günü, axşamdan səhərə kimi orda qaldıq. Dəniz kənarında bütün futbolçulara gözəl stol açmışdılar. Həmin vaxt səhv etmirəmsə Rusiya Futbol Federasiyasına Vyaçeslav Koloskov rəhbərlik edirdi. O da gəlmişdi. Fuad müəllim Koloskovu bizimlə tanış etmişdi. 

Oyundan sonra hamı kimi də mənə 100 faiz mükafat verildi. Baxmayaraq ki, meydana sonradan daxil olmuşdum. Bundan başqa hamıya İsveçrənin məşhur şirkəti olan "Şvarz"ın istehsal etdiyi qol saatı hədiyyə vermişdilər. 

Ola bilər bu karyeramın ən unudulmaz matçı idi. Düzdü bir çox yadda qalan epizodlarım olub. Amma bu daha çox işıqlanıb. Klubdan fərqli yığmada bir qol vuranda belə diqqət mərkəzinə düşürsən. Çünki yığma və klub başqadı, bütün Azərbaycan izləyir. Yığmada 1 dəfə fərqlənməyin, klubdakı 10-15 qolu əvəz edir".

Bu arada Fərrux bəyin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbərlər dolaşmaqdadı. Bəs bu məsələ həllini tapıbmı?: "Xeyr, hələ elə bir şey yoxdu. Bizim rəhbərlik də getməyimə razı deyil. Burdan ayrılmaq istədiyimi deməmişəm. Bu bir qədər uzun məsələdi, hələ ki, qalıb. Bəli, "Neftçi"dən təklif gəlib. Amma bu haqda danışmaq istəmirəm".

Sport7.az

Xəbər lenti