"İstənilən halda bizi ilk pillədə görürlər" - Yoahim Löv

"Oyunçularımı təbrik edirəm. 10 qələbə göstərir ki, həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar”.
 
Sport7.az xəbər verir ki, bu sözlər Almaniya yığmasının baş məşqçisi Yoahim Lövə məxsusdu.
 
DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizi qəbul edən Bundestim 5:1 hesabı ilə qalib gələrək, qrupu maksimum nəticə ilə başa vurub.
 
Matçdan sonrakı mətbuat konfransında Löv fikrini bu sözlərlə davam etdirib: "Hər komanda bunu bacarmaz. Bizdə rəqibin kimliyinin fərqi yoxdu. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdı. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi”.
 
- 10 qələbə qazansanız da, tam razı görünmürsünüz. Səbəb nədi?
 
- Son vaxtlar gözləntilərimdən danışdım. Bir neçə aydan sonra dünya çempionatı olacaq. İndidən bu turnir barədə düşünməliyik. Çünki dünya çempionatı başqa yarışdı.
 
- İlk hissədə bir epizodda əsəbləşdiniz...
 
- İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər.
 
- Noyabrda test oyunlarınız olacaq. Rəqib kimi güclü komandaları seçməyinizin səbəbi nədi?
 
- Dünya çempionatına qədər 6 oyun keçirəcəyik. Güclü komandalarla ona görə oynamaq istəyirik ki, səhvlərimizi görək və onları düzəldək. Noyabrdan marta qədər 4 aylıq fasilə olur. Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur.
 
- Dekabrın 1-də püşkatma olacaq. Həyəcan keçirirsinizmi?
 
- Rəqibin kimliyinin fərqi yoxdu. İstənilən halda bizi ilk pillədə görürlər.
 
- Dünya çempionatına qədər heyətdə dəyişikliklər ola bilərmi?
 
- Buna hələ qərar verməmişəm. İlkay Gündoğanın sağalmasını arzu edirəm. Çünki onun bizimlə olmasını çox istəyirəm. (apasport)
 
Sport7.az

Xəbər lenti