İtaliyada

İtaliyada "futbolçu fabriki" - Berqamo akademiyası (I hissə)

Heç şübhəsiz ki, Lombardiya dedikdə ilk öncə möhtəşəm Milan şəhəri yada düşür. Milan isə dünyanın moda və futbol brendidir. Düzdür, son illərdə ikinci nisbətən arxa plana düşsə də, böyük futbol azarkeşləri üçün Milanda futbolun nə demək olduğunu onlardan yaxşı heç kəs anlaya bilməz. "Milan" və "İnter" yarandığı gündən bəri heç zaman ulduz oyunçular sarıdan çətinlik çəkməyiblər və uzun illər bu iki dünya nəhəngi dahi futbolçuların import və eksportu olub.

Təbii ki, Lombardiya regionunda bu iki nəhəngin kölgəsində qalan klubların sayı çoxdur. Bunlardan biri Berqamo şəhərini təmsil edən "Atalanta"dır. Əksər İtaliya şəhərləri kimi, Berqamonu da məhz futbol klubuna görə tanıyırlar. 111 illik tarixə malik "Atalanta" heç də tarixi uğurlara ilə öyünə bilməz. Belə ki, trofeylər muzeyində yalnız bir İtaliya kubokuna (1963) yer var.

"Atalanta"nın əsas üstünlüyü daim yeni futbolçu nəsillərinin yetişdirilməsinə əsaslanıb. Bu mənada klubun şəhəri ilə eyni adı daşıyan akademiyasının xidmətləri misilsizdir. 1930-cu illərin sonlarında Cuzeppe Ciato tərəfindən yerli əhalinin futbol vərdişlərini inkişaf etdirmək və oyunlarını gücləndirmək məqsədilə gənclər akademiyasının yaradılması ideyası irəli sürülür. O, hiss edirdi ki, təklifi azı 70 il sonra da öz bəhrəsini verəcək və uzunmüddətli perspektiv kimi klubun fəaliyyətinə çox böyük töhfə olacaq.

1950-ci illərdə Luici Tentorio gənclər sektorunun fəaliyyətini sistemləşdirmək üçün daha da sistematik investisiyalaşmaya ehtiyac olduğunu düşünür. Nəticədə o, əsas komandadan tamamilə azad - gənclər komandasının yaradılmasına nail olur. Gənclər komandası tam olaraq Cuzeppe Brolisin ixtiyarına verilir və o, daha yaxın ərazilər başda olmaqla, digər regionlar, Veneto və Fruili ilə əlaqələri genişləndirir, skautlardan ibarət komanda heyəti formalaşdırıb, yeni gənc məşqçiləri akademiyaya cəlb edir. "Atalanta"nın gənclər sistemi əsasən dörd komandadan təşkil olunub və hər biri ayrı yerli liqalarda iştirak edir: Primavera, Allievi Nazionali A və B, Ciovanissimi Nazionali. Bundan başqa, regional liqalarda iştirak edən daha iki komanda var: Ciovanissimi Regionali A və B.

Klubun gənclərdən ibarət komandalarının məşqçilərinin qarşısına həmişə böyük tələblər qoyulur. Onlar nəticələrə önəm verməklə yanaşı, futbolçuların düzgün istiqamətdə inkişafına diqqət yetirməlidirlər. Keyfiyyətli məşqlər "Atalanta" üçün əsas prioritetdir. Həm məşqçilər,  həm də futbolçularda "Atalanta" ruhu olmalıdır - klubun əsas fəlsəfəsi bundan ibarətdir.

Kreativlik və texnika klubda ən vacib aspektlərdir. Bu mənada "Atalanta" gənc komandalar üçün məşqçi seçimləri zamanı çox ehtiyatlı davranır. Belə ki, sözün əsl mənasında gənclərlə çalışmağı bacaran namizədlər arasında seçim edilir və onlar daha sonra işə cəlb olunurlar. Bu mənada klubun Cezare Prandelli kimi çox uğurlu nümunəsi var. O, professional karyerasına başlamazdan öncə yeddi il gənclər komandasında çalışıb. Prandelli ilə yanaşı, gənclər komandasında çalışmış Valter Bonacina və Sercio Porrinini göstəmək olar ki, onlar da baş məşqçi kimi 100-dən artıq oyun keçiriblər.

Heç vaxt Skudetto qazanmayan klub onu dəfələrlə başı üstünə qaldıran yetirmələri ilə sözün əsl mənasında fəxr edə bilər. Akademiyanın fərqliliyi ondan ibarətdir ki, burada toplanan, gələcəyin ulduzu olacaq uşaqlar əsasən yerlilər arasında aparılan seleksiyalar nəticəsində seçilir, sonradan futbol dünyasını məhz Berqamolu olaraq fəth edirlər.

İtaliya futbolunun bir çox nəhəng siması ilk addımlarını məhz Berqamo akademiyasında atıb. Onların sırasına Qaetano Şirea, Roberto Donadoni kimi dünyaca məşhur isimləri daxil etmək olar. Akademiyanın ilk ulduzları sırasına Piero Qardoni, Alfredo Pezenti, Franko Nodari və Alessio Domenqini daxildir. Onların əksəriyyəti "Atalanta"nın gənclərdən ibarət komandasının əsas üzvləri olublar və 1949-cu ildə Campeonato Ragazzini qazanıblar. Domenqini sonralar - 70-ci illərdə əfsanəvi Luici Riva ilə birlikdə "Azzurri"nin dəyişməz tandemlərindən birinə çevrilmişdi.

İtaliyanın "La Masia”sı - Berqamodan çıxan və öz oyunları ilə dünya futbolunun bəzəyinə çevrilən Qaetano Şirea və Antonio Kabrinini ayrıca qeyd etmək olar. Şirea futbolda ilk addımlarını məhz bu akademiyada atıb. Daha sonra üç mövsüm əsas komandada çıxış etdikdən sonra ulduzunun parlamağa başladığı 21 yaşda "Yuventus" tərəfindən qamarlanır. Zamanla o, Klaudio Centile ilə birlikdə müdafiənin mərkəzində tarixin ən yaxşı duetlərindən birini formalaşdırır. Məhz mərkəzdə bu ikilinin iştirakı ilə, cinahlarda isə Antonio Kabrini və Kukkureddunun, o cümlədən qapıda əfsanə Dino Zoffun məharəti sayəsində İtaliya 1982-ci ildə mundialın qalibi olur.

Antonio Kabrini Berqamo akademiyasının böyük yetirmələrindən biri hesab edilir. O, xüsusi müdafiə olunma bacarığı və texnikası ilə seçilən arxa xətt oyunçularından biri idi və karyerasının Berqamodan sonrakı dönəmi "Yuventus"la bağlı olmuşdu. (Ardı var)


Sport7.az

OXŞAR XƏBƏRLƏR