İtaliyada

İtaliyada "futbolçu fabriki" - Berqamo akademiyası (II hissə)

"Biz ilk olaraq insan, daha sonra futbolçu kimi formalaşırıq” - Mino Favini.

1982-ci il dünya çempionatı, həmçinin uzunmüddətli böhrandan sonra "Milan"da Berluskoninin sahibliyində yeni dönəmin əsası qoyuldu. Bu dönəm əsasən üç məşqçinin adı ilə bağlıdır: Arriqo Sakki, Fabio Kapello və Karlo Ançelotti. Hər üç çalışdırıcının dönəmində komandada Berqamo akademiyasının futbolçularına rast gəlmək olardı. Sakkinin "Milan"ında əsas fiqurlardan biri məhz elə Berqamo akademiyasının ən istedadlı yetirmələrindən olan Roberto Donadoni idi. O, vinqer kimi öz sürəti, texnikası və universallığı ilə seçilən italiyalı futbolçulardan biri idi. Donadoni "Milan"la böyük uğurlara imza ataraq, istər daxili, istərsə də beynəlxalq səviyyədə bir çox trofeyə sahib oldu. Karyerasının davamında o, "Nyu-York"/ "Nyu-Cersi MetroStars" klubuna üz tutdu.

"Milan"la yanaşı, 90-cı illərdə "Yuventus" da Berqamo akademiyasının yetirmələri baxımından kasad olmayıb. Hətta klub tarixində əfsanə kimi yaddaşlarda qalan da olub. Bu mənada həmin illərdə ən parlaq isim Alessio Takkinardi idi. Zəhmətkeş futbolçu olan Alessio oyunu yaxşı oxuması, taktiki intellekti baxımından bir çoxundan fərqlənməyi bacarırdı. Təsadüfi deyil ki, "Yuventus"un yeni stadionunun divarlarında klubun 50 əfsanəsi sırasında berqamolu oğlanın adı da əbədi həkk olunub.

Həmin illərdə öz yetirmələrini başqa klubların sıralarına yollayan akademiyanın tarixində ciddi dəyişikliklər baş verdi və bu, klub prezidenti Antonio Perkassinin adı ilə bağlıdır. O, "Atalanta" tarixində iki dönəm prezident olub: 1990-1994 və 2010-cu ildən indiyə kimi. Antonio ilk gündən etibarən xüsusilə gənclər sektorunun yeni siyasətlə idarə edilməsini qarşısına məqsəd qoyur və dövrünün məşhur skautlarından olan Mino Favinini "Komo"dan Berqamo akademiyasının rəhbərliyinə gətirir. Perkassi Favini üçün hər cür şəraiti, ən əsası da maliyyə təminatını təmin etmişdi. Favininin isə öz növbəsində görəcəyi ilk iş "Kasa del Ciovanni” - uşaq və gənclərin hazırlıq mərkəzinin əsasını qoymaq olmuşdu.

Sözügedən mərkəz 200-ə yaxın gənc istedadın buradan yararlanması üçün nəzərdə tutulmuşdu. Akademiyaya 9-10 yaşında olan uşaqlar cəlb olunurdu. Buranın özəlliyi onda idi ki, gələcəyin ulduzlarının valideynlərinə futbolçu psixologiyası, onunla ünsüyyət yollarına dair dərslər keçirilirdi. Burada futbolla yanaşı, onların gələcəkdə hər hansı sənətə yiyələnmələri üçün akademik biliklər də öyrədilirdi.

Favininin çəkdiyi zəhmət bir müddət sonra bəhrəsini verməyə başladı. Belə ki, müxtəlif yaş qruplarında "Atalanta"nın gənc komandaları 1991-2014 cü illər aralığında 17 titula sahib oldu. "Atalanta" hazırda İtaliya futbolunda "futbolçu istehsal edən fabrik"ə çevrilib. Akademiyanın iş prinsipi başqaları ilə müqayisədə ciddi şəkildə fərqlənir. Belə ki, onlar hər bir futbolçuya xüsusi diqqət ayrırırlar. Başqa akademiyalarda diqqət əsasən daha çox parlaq perespektiv vəd edənlərin üzərindədir və düşünürlər ki, bir istedadın irəliləməsi akademiyanın xeyrinə olan amildir. Digər akademiyalar gənc komandalarda daha çox nəticələrə köklənir, hansı ki, bu yolla öz profillərini qaldırdıqlarını düşünürlər. Amma Berqamoda düşüncə tamamilə fərqlidir. Onların fikrincə, hər bir gənc komanda üçün vacibdir. "Atalanta" həmçinin başqa klublara o qədər də gərəkli olmayan futbolçuları akademiyaya cəlb edir. Onların hər birinin qarşısına məqsəd qoyulur və fəaliyyətləri məşqçilər tərəfindən nəzarətdə saxlanılır. Beləliklə, onların hansı çatışmazlıqlar üzrə çalışmalı olduqlarını anlamaları üçün imkan yaranır.

"Atalanta" öz regionunda olan klublarla sıx əməkdaşlıq edir. Həmçinin onlara maliyyə yardımı göstərilir və akademiyanın yetirmələrinin xidmətləri təklif olunur. Məhz Perkassinin ilk prezidentliyi dönəmində bu akademiya İtaliya futboluna Rikardo Montolivo, Campaolo Pazzini, Rolando Bianki, Massimo Mutarelli, Tomas Lokatelli, Luçano Zauri kimi futbolçuları bəxş edib.

2010-cu ildən yenidən "Atalanta"nın prezidentliyinə qayıdan Antonio uğurlu işlərini davam etdirməkdədir - bu dəfə daha da əhatəli şəkildə. Belə ki, o, akademiyanın inkişafı ilə yanaşı, əsas komanda da tərəqqiyə nail olub. "Atalanta" İtaliyanın ən rəqabətə davamlı klublarından birinə çevrilib, Berqamoluları artıq ortabab italyan klubu saymaq olmaz. "Atalanta" avrokuboklar uğrunda mübarizə aparan güclü komandadır. Bu uğurun böyük payı da hazırda komandanı çalışdıran Cian Pyero Qasperininin üzərinə düşür. O, kreativ və gözoxşayan futbolunu "Atalanta"ya aşılayıb. Üstəlik, akademiyanın dayanmadan istedad "istehsal etməsi" onun gördüyü işin gücünə güc qatır. Təsadüfü deyil ki, Perkasinin ikinci prezidentliyi dönəmində Daniele Bazelli, Luka Milesi, Alberto Qrassi, Frank Kessi, Andrea Konti, Mattia Kaldara, Canluka Mançini kimi istedadlar yetişməkdə davam edir və onlardan bir çoxu artıq ölkə nəhənglərinin, o cümlədən İtaliya yığmasının əsas simalarına çevriliblər.

 

Sport7.az

OXŞAR XƏBƏRLƏR