İtib-batmaq istəyən Azərbaycana gəlsin?!

İtib-batmaq istəyən Azərbaycana gəlsin?!

Amal Abuşov

Millimizin Norveçə məğlubiyyəti xeyli müzakirələrə səbəb oldu. Ən çox mübahisə doğuran məqamlar millinin baş məşqçi qismində meydana çıxaran Mahmud Qurbanovun müəyyənləşdirdiyi start heyət və əvəzetmələr idi.

Gənc çalışdırıcının Karman Ağayevi ehtiyatda oturdub, Səlahət Ağayevə şans verməsi, Bədavi Hüseynova etimad göstərməməsi, 3-cü əvəzetmədən istifadə edərək Vüqar Nadirovu meydana buraxmaması aparılan müzakirələrin əsas prioretləridi.

Ən çox mübahisə doğuran Qara Qarayevin ehtiyat oyunçular skamyasında qalması, Ruslan Abışovun ilk dəqiqələrdən meydanda olması oldu. "Qarabağ”ın üzvü son vaxtlar yaxşı formadadı və Avroliqanın qrupunda mübarizə aparan komandanın əsas üzvü sayılır. Bununla belə Ruslanın millidə oyun təcrübəsi daha çoxdu. Üstəlik, ötən seçmə mərhələdə İsrail və Lüksemburqla oyunlarda vurduğu qollar onu millinin ən faydalı futbolçularından birinə çevirmişdi. Bütün bunları nəzərə aldıqda Mahmud bəyin çətin seçim qarşısında qaldığına, Ruslan, yaxud Qara dilemması üzərində uzun müddət baş sındırdığına şübhə etmirəm.

Güman edirəm ki, Qaradan fərqli olaraq Ruslanın daha çox hücuma meyilli olması, rəqibin qapısına uzaqdan dəqiq zərbə vurmaq bacarığı və standart vəziyyətlər zamanı başla fərqlənmək ehtimalı Qurbanovun seçiminə təsir göstərib. Məhz bu məqamları nəzərə alan çalışdırıcı son vaxtlar daha yaxşı formada olan Qaranı yanında əyləşdirib.

Prinsipcə, "Rubin”dən qayıtdıqdan sonra Abışovun formasını bərpa etməyə çətinlik çəkdiyini hamımız bilirik. Karyerasının ən yaxşı günlərində "Neftçi”ni "Xəzər Lənkəran”a dəyişən və uzun müddət transfer dedi-qodularının məngənəsində qalan istedadlı futbolçu "Rubin”ə böyük ümidlərlə yollansa da, Berdıyevin komandasında özünə yer edə bilmədi. Səbəblər həm obyektiv, həm də subyektiv idi. Bütün bunlar artıq keçmişdə qalıb.

Bu gün daha vacib və düşündürücü bir sual var. Niyə xaricdə legioner həyatı yaşamağa can atan futbolçular ilk uğursuzluqdan sonra həvəsdən düşür, Azərbaycana döndükdən sonra əvvəlki formasını bərpa edə bilmirlər? Ruslan Abışov bu aktual problemin tipik nümunəsidi. Buna qədər Vaqif Cavadov oxşar problemlə üzləşmişdi. "Tvente”dən "Volqa”ya, ordan da "Bakı”ya qayıdan Cavadov ötən müddət ərzində daim geriləyib. Ötən mövsüm onun üçün nisbətən uğurlu alınsa belə, "İnter”də bombardir olan vinger "Qarabağ”da parlayan Vaqifin zəif kölgəsinə bənzəyirdi.
Təsadüfi deyil ki, hazırda Türkiyənin PTT liqasında itib-batan Cavadov milliyə də gözlənilən köməyi göstərə bilmir.
Sözümüzə qüvvət vermək üçün digər nümunələrə də baxa bilərik. Amma adlar dəyişsə də məsələnin mahiyyəti dəyişməz qalır.

"Rubin”dən "Qəbələ”yə icarəyə gələn Ruslanın həmin ərəfədə verdiyi müsahibələri xatırlayıram. Ölkə sərhədlərini xeyli iddialı aşan futbolçunun özü də geri qayıdışıyla barışmaq istəmir, təslim olmayacağını inadla söyləyirdi. Onun qarşısında "Rubin”də itirdiyi oyun praktikasını "Qəbələ”də qazanmaq, əvvəlki formaya qayıtmaq məqsədi dayanırdı. Bundan sonra yenidən legioner həyatı yaşamaq elə də çətin olmamalıydı. Çünki zaman dəyişmiş, yaşının üstünə yaş gələn Ruslan daha təcrübəli futbolçuya çevrilmişdi. Amma bu arzular hələ ki, gerçəkləşməyib.

Səbəbi nə olursa olsun, bu gün acı bir reallıqla üz-üzəyik. Azərbaycan futbolunun ən istedadlı yetirmələrindən biri nəinki əvvəlki formasını bərpa etməyi bacarıb, əksinə "Rubin”in ehtiyat oyunçular skamyasında oturduğu vaxtlardakından belə zəif görünür. Bu işdə Ruslanın özü qədər "Qəbələ”nin rumın məşqçisi Dorinel Muntyanu da məsuliyyət daşıyır. Əcnəbi mütəxəssislərə Azərbaycanda ona görə geniş qucaq açılır ki, onlar yerli futbolçuların inkişaf etməsinə yardımçı olsunlar.

Hazırda qarşılaşdığımız acı gerçəklik bunun heç də belə olmadığını isbatlayır. Ölkə premyer-liqasında oynayaraq "artırmaq” müşkül məsələyə çevrilib. Zar-zor futbolçu yetişdirib, xaricə yollayırıq. Həmin futbolçular da hansısa səbəbdən özlərinə xarici klublarda yer tapmayıb, vətənə qayıdandan sonra olan-qalanlarını da itirir, sıradan bir ortababa çevrililir.

Şair Süleyman Rüstəmin sözü olmasın: Azərbaycan çempionatına çağırıram hər kəsi, itib-batmaq istəyən Azərbaycana gəlsin!

Sport7.Az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR