Joze Alesio:

Joze Alesio: "Bu milli komanda üçün yaxşı göstərici deyil"

Yüksək Liqada daha bir mövsümə yekun vuruldu, "Araz” növbəti dəfə hamıdan güclü oldu və Çempionlar Liqasında oynamaq hüququ qazandı. İlk dəfə tətbiq olunan pley-off sistemi isə mübarizənin sona qədər davam etməsinə imkan yaratdı. Halbuki əvvəlki illərdə çempion 3-4 tur əvvəldən məlum olurdu. Bəs başa çatan mövsümlə bağlı komandasına qızıl medallar qazandırmış baş məşqçi Joze Alesio Da Silva nə düşünür? Razı və narazı qaldığı məqamlar hansılardı?
 
Sport7.az xəbər verir ki, braziliyalı mütəxəssis azfutzal.az saytına danışıb.
 

- Yüksək Liqanın başa çatan mövsümünü necə dəyərləndirirsiniz?

- Bizim üçün mövsüm çətin keçdi. Xüsusilə də heyətlə bağlı dəyişikliklərimiz çox oldu. Yayda bir heyətlə başladıq, qış fasiləsində isə iranlı futzalçıları komandaya dəvət etdik. Əlbəttə, yeni oyunçuların komandaya qoşulması hazırlıq prosesini də çətinləşdirdi. Çempion olsaq da, komandamın mövsüm ərzindəki çıxışından, hazırlığından tam razı qalmadım. Anlaşma baxımından "axsayırdıq”.

-  "Araz”ın əvvəlki illərlə müqayisədə zəif təsir bağışladığını demək olarmı?

- Ötən mövsüm heyətimizdə braziliyalı futzalçılar vardı. Yayda onlar başqa klublara keçdilər. Bu dəfə fərqli  ölkədən – İrandan trasferlər etdik. Seçmə mərhəldə də uğursuz oynadıq. Amma futzalçılarıma hörmətlə yanaşıram və onlara zəif oynadınız, deyə bilmərəm. Çünki biz mövsümü çempion kimi başa vurduq. Ümumi götürdükdə, çempionatda legionerlərin sayı çox idi. Bu amil Yüksək Liqada marağı artırsa da, futzalçıları tonusda qalmağa məcbur etsə də, milli komanda üçün yaxşı göstərici deyil. Çünki yerli oyunçular az oynayırlar. Millinin baş məşqçisi kimi, növbəti mövsümdən legionerlərlə bağlı limitin tətbiq olunmasının və yerli gənclərin komandalara cəlb edilməsinin tərəfdarıyam.

- Pley-off mərhələsinin tətbiqini necə qiymətləndirirsiniz?

- Razıyam, həqiqətən maraqlı oyunlar izlədik, rəqabət yaranmışdı. Bütün komandaların şansı eyni idi. Çempion son oyunda müəyyənləşdi. Hətta heç bir komanda 2 qələbəni ilk 2 oyunda əldə edə bilmədi. Bunlar pley-off-un müsbət tərəfləridir. Ancaq Azərbaycan çempionatı üçün pley-off mərhələsinin tətbiqinin erkən olduğunu düşünürəm. Çünki Yüksək Liqada cəmi 7 komanda iştirak edir. Pley-off mərhələsini daha çox komandanın iştirak etdiyi çempionatlarda tətbiq edirlər. Biz isə buna hələ hazır deyilik. Təbii ki, şəxsi fikrimdi. Qərarı federasiya rəhbərliyi verir. 

- Növbəti mövsümlə bağlı planlar necə olacaq?

- Hələ bununla bağlı federasiya rəhbərliyi ilə görüşümüz olmayıb. Plan quran zaman milli komandanı prioritet tutmalıyıq. Oktyabrda bizi dünya çempionatının seçmə qrup mərhələsinin oyunları gözləyir. Məqsədimiz yenidən final mərhələsinə qatılmaqdı. Yaxın günlərdə planlarımız müəyyənləşəcək.

- Milli komandadan söz düşmüşkən, komandanın seçmə mərhələ oyunlarında iştirakını da nəzərə alsaq, hansı yeniliklər gözlənilir?

- Seçmə mərhələnin oyunları Bakıda keçiriləcək və biz bu qarşılaşmalara ciddi hazırlaşmalıyıq. Komandanı tez-tez bir yerə toplamalı, məşqlər keçməliyik. Bir beynəlxalq turnirdə (söhbət sentyabrın 21-dən 26-də Rusiyada təşkil olunacaq turnirdən gedir) iştirak edəcəyik. Ancaq bu kifayət deyil. Görüləsi işlər çoxdu. Seçmə oyunlar çətin keçir hər zaman. Biz pley-off oyunlarına qatılmaq üçün qrupda ilk 2 pillədən birini tutmalıyıq. Bu məsələləri də federasiya rəhbərliyi ilə müzakirə edəcəyik.

- Mövsümün məşqçisi seçilməyiniz gözlənilməz olmadı?

- Seçimlər zamanı mənə səs verən hər kəsə təşəkkür edirəm. Çətin mövsüm oldu komandam üçün. Çoxları "Araz”ın braziliyalılarsız çempion ola bilməyəcəyini deyirdilər. Ancaq biz əmək sərf etdik, çox çalışdıq, uşaqlar onlardan nə istədiklərimi anladılar və yekunda məqsədimizə nail olduq. Hər şeydən razıyam.

-  Əvvəlki mövsümlərlə bu çempionatı müqayisə edə bilərsiz?

- Bu mövsüm rəqabət var idi. Xüsusilə də pley-off oyunları çox maraqlı keçdi. Son mərhələdə 4 komandanın şansı eyni idi. Halbuki, əsas mərhələni biz lider kimi başa vurmuşduq və əgər pley-off mərhələsi olmasaydı, çempionluğumuzu bayram edəcəkdik. Son mərhələ çox emosional keçdi. Texniki zonada oyunu izləyərkən  titulu qazanmaqla bərabər, itirmək qorxusuyla da mübarizə aparırdın. Azarkeşlər üçün çox maraqlı mərhələ oldu. Onlar hər gərginlikdən, həm oyun keyfiyyətindən həzz aldılar. Təbii ki, bu cür oyunları geniş tamaşaçı auditoriyasına çıxaran, əksər oyunların yayımını təşkil edən CBC Sport kanalının da əməyini qeyd etməliyik. Bu cür rəqabətli çempionatın ərsəyə gəlməsində onların da rol danılmazdı. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR