Joze Mourinyu:

Joze Mourinyu: "Avtobus sürücüsü", yoxsa tarixin ən yaxşı komandalarının memarı?

"Cəsarətiniz varsa və ani reaksiya görmək istəyirsinizsə, Joze Mourinyunu "avtobusu park edən” adlandırın və ona, qazanmaq üçün hər şeyi edən, neqativ futbol oynadan, müdafiəyə meyilli məşqçi olduğunu deyin. Ardınca geriyə doğru bir addım atın və onun qəzəbindən qaçmaq üçün özünüzə yer axtarmağa başlayın.

2013-cü ildə "Çelsi”yə qayıtdıqdan qısa müddət sonra onunla bu mövzu barədə danışanda birbaşa tənqidlərə başladı. Dediklərini bir araya gətirəcəm:

"Digər məşqçilər hücum futbolu oynatdıqlarını iddia etsələr də, ən çox qol vuran komandaların məşqçisi mənəm. Digərləri özlərini "hücum futbolunun əsgərləri” kimi qələmə versələr də, İspaniya, İtaliya, İngiltərə və Portuqaliya futbolunda rekordlar qıraraq çempion olan məşqçi mənəm. Ona görə də belə ifadələrin haradan qaynaqlandığını başa düşə bilmirəm”.


 
Mourinyunun qeyd etdiyi "digərləri”ndən biri uzun müddətdi tənqidlərə məruz qalan, "Arsenal”ın baş məşqçisi Arsen Venger idi. Fransız mütəxəssis 2005-ci ilin əvvəllərində demişdi: "Sadəcə qaliblər və məğlubların olduğu dünyada yaşadığımızı bilirəm, ancaq idman bu fikrə qarşı təşəbbüs göstərməyi rədd edən komandaları bir dəfə cəsarətləndirdisə, deməli, idmanın özü təhlükə içindədi”.

Daha sonra "Barselona” və "Ayaks” əfsanəsi Yohan Krayf fikir bildirmişdi. 2011-ci ilin aprel ayında "Bernabeu”da oynanılan və 1:1 hesablı bərabərliklə bitən "El Klasiko"dan sonra hollandiyalı Joze haqqında "ağır” danışmışdı:

"Bu matç Joze Mourinyunun neqativ futbol oynadan məşqçi olduğunun göstəricisidi. Joze üçün sadəcə nəticə önəmlidi, baxımlı futbol nümayiş etdirmək kimi şeylər onu maraqlandırmır. 7 müdafiəçi və 3 hücumçu ilə oynamaq istəməsi buna dair bir nümunədi. Həmçinin "Barselona” aşağı yaş qruplarında yetişən 8 oyunçu ilə meydanda ikən, "Real”da belə futbolçuların sayı 1-ə bərabər idi. Hər iki klubun fərqli futbol fəlsəfələrinə sahib olduğu açıq şəkildə göründü”.

Danimarka millisinin baş məşqçisi Morten Olsen də fərqli düşünmürdü:

"Məncə, Mourinyu futbol üçün təhlükədi. Başqaları onun tərzini təqlid etməyə çalışsa, futbol öləcək. Hamının Mourinyunun futboluna üstünlük verdiyi dünya düşünün... Çox darıxdırıcı olardı və oyunları izləməməyə üstünlük verərdim. Mən komandalarımı müxtəlif formada oynada blərəm, ancaq Mourinyu sadəcə müdafiəyə meyilli futbol oynada bilər. Üstəlik, çalışdığı klublar yaxşı oyunçuların transferi üçün astronomik məbləğlər xərcləyirlər. Lənət olsun, bu qədər xərc tökürsünüzsə, heç olmasa, onlardan istifadə et”.

 
"Çelsi”də Mourinyunun köməkçisi kimi çalışmış, "Liverpul”un sabiq baş məşqçisi Brendan Rodcers daha da irəli getmişdi. O, 2014-cü ilin aprelində "Çelsi”nin "Enfild”də 2:0 hesabı ilə qələbə qazanaraq "qırmızılar”ın çempionluq ümidlərini yerlə bir etdiyi matçdan sonra demişdi:

"Bir "avtobus” əvəzinə, bu gün iki "avtobus”dan istifadə edirdilər. Birinci dəqiqədən etibarən 10 nəfərlə topun arxasına keçmişdilər. Qələbə qazanmaq üçün cəhd göstərən komanda biz idik, ancaq "Çelsi” səddini keçə bilmədik. Çətin idi, çünki arxada 6 nəfərlə gözləyirdilər. Dörd müdafiəçi, onlara kömək edən iki qanad-beki və önlərindəki orta sahə üçlüsü diqqət çəkirdi. Cərimə meydançasının daxilinə 10 futbolçu yerləşdirmək bir məşqçi üçün çətin iş deyil, ancaq buna qarşı çıxmağa çalışmaq və öhdəsindən gəlmək çətindi. Joze belə bir oyuna görə məmnun ola bilər və ya CV-sini önümə qoyub, bunun işə yaradığını deyə bilər, ancaq bu futbol tərzi mənlik deyil. Oyunlarda təşəbbüsü ələ alan tərəf olmağı, oyuna hökmranlıq etməyi və futbolçularıma özlərini ifadə etmələri üçün fürsət tanımağı sevirəm. Əgər müdafiəyə meyilli futbol lazım olan nəticələri qazanmağa imkan yaradırsa, nə gözəl... Joze burada istədiyi nəticəni qazandı və xoşbəxt ola bilər, sadəcə, bizim oynadığımız futbol bunun tamamilə tərsidi. Biz pozitiv oynamağa və bu formada qələbə qazanmağa çalışan komandayıq. Bu gün də topla daha çox oynamağa çalışdıq, ancaq o qədər də yaxşı alınmadı”.

Mourinyu bu tənqiddən xəbərdar olsa da, deyilənləri qəbul etmək kimi bir niyyəti yox idi. Praqmatik, detallara və taktiki mövzulara önəm verən məşqçi olduğunu etiraf edirdi, ancaq hücum futbolunun və "cəsur oyun" anlayışının düşməni olması haqda deyilənlərə şiddətlə qarşı çıxırdı. Belə neqativ formada təsvir olunmasının karyerası ərzində qazandığı kuboklara və rekordlarla dolu statistikalara tamamilə tərs olduğunu sərt şəkildə bəyan edirdi. Barəsində danışılanların haqsızlıqdan ibarət olduğunu və bu sözləri işlədənlərin ona hörmətsizlik etdiyini iddia edir, hətta bəzən onunla məzələndiklərini irəli sürürdü. Həmçinin Rodcersin CV-sinin onun haqqında danışacaq qədər zəngin olmadığını vurğulayır, dünyanın ən çətin və ən rəqabətcil liqalarında qazandığı uğurlara baxılmasını tələb edirdi. Mourinyu yazılanların/deyilənlərin qəsdən təkrarlandığına inanırdı. Bu, yaxşılaşması mümkünsüz görünən yara idi.

Yaxşı, bəs reallıq nə deyir? Joze "Portu”nu çalışdırdığı ilk mövsümdə Portuqaliya çempionatında rekord xalla (86) çempionluq yaşamış, eyni zamanda, UEFA Kuboku və Portuqaliya Kubokunu qazanmışdı. Sonrakı mövsüm "Portu” sona beş tur qalmış növbəti çempionluğunu rəsmiləşdirməklə kifayətlənməmiş, üstəlik, Qelzenkirxendə keçirilən finalda "Monako”nu 3:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olmuşdu. İndi özünü "xüsusi biri” adlandıran biri üçün o an Avropanın ən yaxşısı olmaq, həqiqətən də, xüsusi bir an idi.


 
Ölkəsindəki uğurların ardından Mourinyu 2015-ci ildə, Portuqaliya Futbol Federasiyasının 100 illiyində "Yüz ilin ən yaxşı məşqçisi” mükafatına layiq görüldü. Joze mükafatlandırma mərasimində demişdi:

"Portu”da qazandığım kuboklar karyeram üçün ən önəmli uğurlardı, çünki o kubokları Portuqaliya klubunun başında, Portuqaliya futbolu üçün qazanmışdım. Bənzərinə nadir hallarda rast gəlirik. Çempionlar Liqasının qazanan heyətdə 9 portuqaliyalı var idi. Bu günlərdə Avropa nəhənglərindən hansının bu qədər yerli oyuçu ilə meydana çıxmağa cəsarəti çatar?”

"Çelsi”də 2004-2007-ci illəri əhatə edən ilk dönəmi haqqında araşdırma aparmaq Mourinyunun məşqçiliyi haqqındakı yanlış düşüncələri ortadan qaldırmaq üçün yetərli ola bilər. Birinci mövsümündə "mavilər”i 50 il sonra ölkə çempionu etmişdi. Rəqəmlərə baxsaq, hər şey daha da şəffaf forma alacaq. "Çelsi” möhtəşəm mövsümlə futbol tarixini yenidən yazmışdı. London klubu xal, qalibiyyət, səfərdəki qələbələr və qapılarında gördükləri qol sayları baxımından rekord müəyyənləşdirmişdi. İlk 6 matçdakı "quru seriya", səfərdə sadəcə 9 qol buraxmaları... – başqa rekordlar da var idi. Həmin mövsüm rəqib qapılarına 72 dəfə yol tapmışdılar və onların qol sayını keçən tək komanda liqanı ikinci sırada bitirən, 12 xal geridəki "Arsenal” idi. "Çelsi”nin vurulan-buraxılan qol fərqi 57-yə bərabər idi.

 
Bu, təsadüfi uğur deyildi. Sonrakı mövsüm Mourinyunun "Çelsi”si 91 xal toplayaraq yenidən çempion oldu. Bu səfər də 29 oyundan qalib ayrılıb, 72 qol vurmuşdular. "Mançester Yunayted”in 8 xal geridə, ikinci kimi bitirdiyi o mövsümdə heç kim "zadəganlar”ın qol sayına yaxın düşə bilməmişdi.

"Çelsi” Mourinyunun o qədər də uğurlu hesab edilməyən üçüncü mövsümündə belə, Premyer Liqanı 83 xal toplayıb, çempion "Mançester Yunayted”lə müqayisədə, daha az məğlub olaraq ikinci sırada tamamlamışdı. 11 matçda qeydə alınan bərabərlik sonda onları çempionluqdan məhrum etmişdi. Həmin mövsüm "Çelsi”dən daha çox qol vuran tək komanda var idi: MY.


 
Joze İtaliyadakı iki mövsüm ərzində "İnter”lə iki A Seriyası çempionluğu yaşamış və özlərini "futbol dəlisi” adlandıran ölkənin tarixində "trebl” edən ilk məşqçi kimi tarixə düşmüşdü. Mourinyuya görə, həmin "üçlü” həyatı boyunca qazandığı ən böyük uğur idi. Statistika yenə təkbaşına bəzi şeyləri ifadə etmək adına kifayət edirdi. "İnter” 2 xal fərqi ilə çempion olduğu mövsümdə 75 qolla çempionatın açıq-aşkar ən çox fərqlənən komandası idi. Milan təmsilçisinin vurulan və buraxılan qollarının fərqi 41-ə bərabər idi. "İnter”dəki ilk mövsümü – 2008-09-da isə onun komandası ikinci pilləyə 10 xal fərq atmış və rəqiblərini 70 dəfə meydanın mərkəzinə dəvət etmişdi. Qol sayı baxımından "İnter” və "Milan” zirvəni bölüşmüşdülər.

Jozenin İspaniyada keçirdiyi dönəm isə əksəriyyət tərəfindən "tarixin ən yaxşı komandası” kimi göstərilən - Quardiolanın "Barselona”sı ilə mübarizə apara bilməsi baxımından ön plana çıxırdı. Mourinyu ikinci mövsümündə - 2011-12 – "Barça”nı üstələmiş, çempionatı isə rekordları alt-üst edərək qazanmışdı. "Real” qazanılan qələbələr və səfər qalibiyyətlərinin sayına görə rekord sahib olmaqla yanaşı, 100 xalla çempion olmuş və 121 qolla La Liqanın tarixinə düşmüşdü. Vurulan və buraxılan qollar arasındakı fərq 89-a bərabər idi. Çempionatı ikinci "Barça”nın 9 xal önündə bitirmişdiər. Bütün bunlara baxmayaraq, Mourinyunun İspaniyada keçirdiyi dönəm "uğursuzluq” kimi xarakterizə olunur və komandanın oyunu "müdafiə futbolu” kimi qələmə verilirdi. Ancaq ona görə vəziyyət fərqli idi. Elə hey şikayət edirdi:

"Real” müdafiə komandasıdı, hə? 121 qol vurmuşuq və 100 xal qazanmışıq. Tarixin ən yaxşı "Barselona”sı ilə mübarizədə çempion olduq. Mənim komandalarım həmişə möhtəşəm olur. Mənim komandalarım qələbə qazanmaq üçün yaradılırlar. Qalib gəlmək üçün isə dominat olmalısınız – komandalarımın etdiyi də bundan ibarətdi. Komandalarım daim qol rekordlarını qırırlar. Mən "rekordlar liqası”nın çempionuyam. Tarixdəki ən yaxşı "Real”ın baş məşqçisi kimdi? Söhbət məndən gedir. Məndən savayı heç kimi tapa bilməzsiniz. Tarixdəki yerim budu”.

Mənbə: Robert Bizli – "Jose Mourinho: Up Close and Personal” kitabı

OXŞAR XƏBƏRLƏR