"Jurnalist vəzifə borcunu yerinə yetirməyə borcludur" - AÇIQLAMA

"Ölkədə idman mətbuatı daha çox futbol jurnalistikasından ibarətdi. Bunu qəbul etmək lazımdı. Bu gün idmandan yazan 100 jurnalist varsa, onun hardasa 85-90 nəfəri futboldan yazır. Çünki bunu reytinq tələb edir. Qalan 5-10 nəfər isə köhnə adətlər üzrə davam edən jurnalistlərdi. Formalaşmış sistemi davam etdirirlər". 

Bu sözləri Sport7.az-a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev deyib. 

İdman mətbuatının səviyyəsindən danışan qurum rəsmisi hazırda ölkənin idman jurnalistikasının çatışmazlıqlarını da dilə gətirib: "İdman mətbuatına yeni biri gələndə yeni bir şey ortaya qoymur. Bunun da bir neçə səbəbi var. İdman jurnalistikası daha çox futbol jurnalistikası olduğuna görə, ortada qalan jurnalistlər də qısa bir məcrada, kiçik istiqamətdə işləməli olurlar. 

Səviyyədən danışsaq, futbol jurnalistikası ayrıca müzakirə mövzusudu. İdmandan danışım. Bütün idman növlərindən yazan jurnalistlərin ümumi səviyyəsi qənaətbəxşdir. Hətta deyərdim çox yaxşıdı. İçlərində çox güclü, hörmətlə yanaşılan insanlar var. Çünki onlar ömürlərini bu işə sərf ediblər. Bu heç də asan bir iş deyil. Aralarında bir neçə təsadüfən bu işə gəlmiş olanlar da var... Yazdıqları yazının bir abzasında 10 səhv, hətta bir neçə məna səhvi buraxanlar da var.... Yeri gəldi gəldi-gəlmədi, ağıllarına yox, ağızlarına gələni deyənlər də var... Amma bu da adi haldı. Məncə, dünyanın hər yerində var. Bunu qəbul etmək lazımdı. 

Ümumi götürdükdə qənaətbəxş saya bilərəm. Sadəcə, ağır atletika ilə bağlı bir narazılığım var. Bəlkə də bunun obyektiv səbəbələri var. Jurnalistlər idman yarışlarında çox da iştirak etmirlər. Mən rəsmi olaraq federasiyanın mətbuat xidmətində 3 ildir işləyirəm, ondan əvvəl də 7-8 ildi jurnalistikada atletikanın içərisindəyəm. Bu illər ərzində öz xoşu ilə respublika səviyyəli yarışlara gələn jurnalistlərin sayı ortahesabla, hətta dəqiq də deyə bilərəm heç 10 nəfər olmayıb. Hesablayanda heç ilə bir nəfər düşmür. Bilmirəm maraqlı deyil, və yaxud yol uzaqdı... Ağırlıqqaldırma Olimpiya idman növüdü və bunun il ərzində bir neçə dəfə yarışı keçirilir. Ancaq ən güclüsü böyüklər arasında ölkə çempionatıdı. Mənim yadıma gəlmir ki, ora 2 jurnalist bir yerdə gələ. Yoxdu..."

- Nəticələri göz önünə gətirdikdə, digər idman növlərində ölkəmizi daha yaxşı təmsil edib, uğur qazanan idmançılar var. Ancaq futbolda qazanılanlar göz önündədir. İstər milli komandalar çıxışı ilə, istər ölkə çempionatında çox aşağı səviyyədə nəticələr göstərilir. Lakin idman mətbuatının özünüz də qeyd etdiyiniz kimi marağı sadəcə futboladı. Sizcə, bu nədən irəli gəlir? Digər idman növlərinə maraqları yoxdu, ya maddiyyatla bağlıdı? 
- Elə hər ikisi. Daha çox da maddiyyatla bağlıdı. Çünki jurnalist oxucuya bağlı adamdı. Məsələn, şou-biznesin, siyasətin həmişə oxucusu var. İdmanın oxucusu spesifikdi. İdmanın da içində ən məşhur olanı futboldu. Onunla maraqlanmalıdırlar, çünki baxış ordan gəlir, oxucular daha çox onunla maraqlanırlar. İdmanın digər növləri, yuxarıdan aşağı gələndə güləş, cüdo, voleybol və s. və gəlib ağır atletikaya çıxır deyə başa düşürəm ki, maraqlı deyil. Amma mən bunu qəbul etmirəm. Heç olmasa ildə bir dəfə bu idman növü ilə yerində tanış olmaq olmazmı?! Başa düşürəm, maddi məsələlər var, jurnalistlər hər dəfə gedib gələ bilmirlər, çox da maraqlana bilmirlər. Bu boşluğu özüm doldurmağa çalışıram. Məlumatı operativ şəkildə fotoları, videosu ilə paylaşıram. Düzdü, bu mənim işimdi, etməliyəm. Çalışıram buna heç cürə fasilə verməyim ki, ən azından o jurnalistlərin informasiya aclığı olmasın, onlar da öz oxucularına məlumat çatdıra bilsinlər. Məncə, daha çox meyil edə bilərlər. Çünki futbolu hamımız bilirik. Futbolda hadisədən hamının başı çıxır. Hər kəs baş verən epizod haqqında fikir yürüdə bilir. Məsələn, bu epizodda oyundankənar vəziyyət var idi, və yaxud bu qol idi, ya cərimə və s. 

Amma ağır atletikadan danışsam... Məsələn, bir nəfər getdi dünya çempionatında 9-cu oldu. Biz içində olan adam olaraq bilirik ki, bu 9-cu yer indiki durum üçün möhtəşəm nəticədi. Amma kənardan baxanlar "9-cu yer... Hə, əşi elə də böyük bir nəticə deyil", deyirlər. Amma insanlar içərisində olsalar, biraz daha çox maraqlansalar ki, bu 9-cu yer necə əldə olunub, rəqiblər kimdi və s. daha yaxşı olar. Bunu irad kimi qəbul etməklərini istəmirəm. Ancaq biraz işin içində olmaq, maraqlanmaq lazımdı. Aralarında elə jurnalistlər var ki, mütəmadi olmasa da nə işlər görüldüyü ilə maraqlanırlar, hansısa futbol yarışında belə üz-üzə gələndə soruşurlar. Bu yaxşıdı. Mən də mümkün olduğu qədər boşluğu doldururam. Amma maraqlanan, gəlib-gedən lazımı səviyyədə deyil, çox azdı. Eybi yox, qeyd etdiyim kimi, obyektiv səbəbləri var: maddiyyat məsələsi var, oxucusu yoxdu. Amma jurnalistin bir vəzifə borcu var. Bu vəzifə borcunu yerinə yetirməyə borcludurlar. Etdiklərinə görə də təşəkkür edirəm. Gücləri buna çatır, ya bundan çox etsələr də, Allah canlarını sağ eləsin...

Röya Kərimli
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR