Kamal Quliyev: "Meydançada olmaq, məşqçi kimi çalışmaq istəyirəm"

Kamal Quliyev:
"Neftçi"dəki dəyişikliklərdən sonra Kamal Quliyevin də klubda qalıb-qalmayacağı maraq doğururdu.

Bu üzdən onunla əlaqə saxlayıb fikirlərini öyrəndik.

Kamal bəy Sport7.az-a açıqlamasında klubdakı durumu ilə bağlı ötən il imtahandan kəsildiyi "A" kateqoriyasını oxuyub-oxumayacağını da söylədi.

"Başımı aşağı salıb işləyirəm. Dəyişikliklərdən sonra heç bir problem olmayıb. Əksinə sevindirici haldı ki, ən azından futbol adamları gəlib. "Sumqayıt"dakı işləri göz qabağındadı. Mənim davam işini bilməyənlərlədi. İşini bilənlərlə sona qədər varam. Hər kəsin iş prinsipləri var. Yəqin ki, köhnə iş prinsipi öz nəticəsini vermədi. Kamran müəllimin o cür büdcə ilə komanda yaratmağı, ərsəyə gətirməsi göz qabağındadı. İnşallah biz də əvvəlki əzəmətimizə qovuşarıq. 

Mənim işimlə bağlı yeniliklər ola bilər. Çalışmaq istəyirəm. İndiki işimin mənə heç bir maneəsi yoxdu, bundan "baş aça bilmirəm" də demirəm. Amma mən meydançada olmaq, məşqçi kimi çalışmaq istəyirəm. Bu barədə Ceyhun müəllimlə də söhbət etmişik. O da mənim meydançada olmağımı istəyir. Görək də, gələcəkdə nəsə fikirləşərik.

"A" kateqoriyasına gəlincə, heç özüm də gözləmirdim. Amma yenidən, mütləq oxumaq istəyirəm. Amma hamıya, mənimlə imtahan verib "A" kateqoriyası alan, vaxtilə birlikdə futbol oynadığım insanlar var, hamısına hörmətlə yanaşıram. Ancaq mən onlardan heç də geri qalmırdım. Sadəcə, əsəbiləşib topu yerə vurmuşdum, çünki uşaqlar məşqin içinə girə bilmirdilər. Ola bilər ki, bunun üstündə imtahandan kəsildim. Onlar da daim bizə deyirdi ki, məşqçi səbrli, təmkinli olmalıdı. Bilirsiz, məşqçi 13, 14, 15 yaşlılarla işləyəndə səbrli ola bilər. Amma 20, 21 yaşlılar artıq əsas heyət üzvləri sayılır. Bəlkə hardasa səhvim oldu. Qismət Allahdandı, bəlkə də belə məsləhət imiş. Buna baxmayaraq mütləq "A" kateqoriyası üzrə oxuyacam".

Sport7.az

Xəbər lenti