Kamal Quliyev:

Kamal Quliyev: "Yollar bağlanandan bəri heç bir qazanc, gəlir yox idi" - MÜSAHİBƏ

Kamal Quliyevin futbola qayıtması heç şübhəsiz xoş və sevindirici xəbər oldu. Hər halda millinin sabiq üzvünün, "Neftçi"də və Birinci Divizionda çempion olmuş bir mütəxəsisin kənarda qalmasını, onun əvəzinə isə "day-dayı"lı "məşqçilər"in işləməsini futbolumuza xəyanət kimi qiymətləndirmək mümkündü. Uzun fasilədən sonra sevimli peşəsinə qayıdan Quliyev "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun köməkçisi olacaq. 

Bu səbəblə onunla söhbətləşməyi qərara aldıq. Kamal bəy Sport7.az-a müsahibəsində futbolsuz günlərindən, qayıdışından və bir çox məsələlərdən danışdı: "Sumqayıtdayam. Allah sizin də, Tərlan Əhmədovun da, "Keşlə" rəhbərliyinin də köməyi olsun. Mənə təklif etdilər, yenidən futbola qayıtdım".

- Tərlan Əhmədov şəxsən sizinlə danışmışdı?

- Bəli, zəng vurdu və təklifini bildirdi. Həqiqətən şad oldum. Sizin vasitənizlə klub rəbərliyinə, Tərlana öz minnətdarlığımı bildirirəm. Çalışmaq, birlikdə işləmək üçün dəvət etdi, mən də müsbət dəyərləndirdim.

- Çempionat yoxdu, komandalar məşqlərə başlamayıb. Qarşıdakı planlar necədi?

- Tərlan Əhmədovla danışmışam. Bütün komanda "COVİD-19" testindən keçiriləcək. Daha sonra məşqlərə başlanacaq. Yəqin ki, baş məşqçi yaxın günlərdə açıqlama verəcək.

- Nə qədər müddətdi futboldan uzaq qalmışdız?

- Təxminən, 1 il olar. Bəlkə də daha çox. 

- Bu müddətdə futbolla bağlı yenilikləri izləyirdiz?

- Azərbaycan çempionatının oyunlarını, futbolla bağlı verilən qərarları saytlar vasitəsilə izləyirdim. 

- Məşqçiliklə bağlı nələrisə unutmamısız ki?

- Xeyr, necə yadırğamaq olar ki? İnsan 15-20 il çalışdığı sənəti, peşəsini unuda bilərmi? Yəqin ki, unutduqlarımı Tərlan müəllimlə birlikdə əvvəlki vəziyyətinə, bəlkə də daha yaxşı duruma qaytararıq. 

- Futbolsuz qaldığınız dönəmlərdə nə işlə məşğul olurduz?

- Marşurut avtobuslarımız var, onlara nəzarət edirdim. Rayonlara gedib-gəlirdik. Lazım olanda özüm də idarə edirdim. 

- Rayonlararası yollar bağlanandan sonra nə edirdiz?

- Yollar bağlanandan bəri evdə oturmuşdum. Heç bir qazanc, gəlir yox idi.

- "Keşlə"yə nə zaman qoşulacaqsız?

- Tərlan müəllim mənə zəng vurub bir araya gələcəyimiz vaxtı deyəcək.

- Qarşıdakı planlarla bağlı hansısa müzakirələr aparmısız?

- Xeyr, onunla görüşməmişəm, dərin müzakirələr aparmamışam. Avroliqanın oyunlarına da az qalıb. Bir tərəfdən də pandemiya... Yəqin ki, Tərlan müəllim bunların hamısını nəzərə alıb özü açıqlama verəcək.

- Çempionat yarımçıq bitirildi, klublar məşqsiz qaldı. Avrokuboklarda bizi təmsil edəcək komandalardan nə gözləyə bilərik?

- Bu il mənə elə gəlir ki, klublarımızı qısnamaq, onların üzərinə getmək lazım deyil. Pandemiya bütün sahələrdə olduğu kimi, futbolumuzda da fəsadlar yaratdı. Görün neçə vaxtdı, futbolçular birlikdə məşq etmir, oyunlar yoxdu. Hətta məşq etsələr belə, oyunsuz çox çətin olacaq. Oyun praktikası itib, futbolçular formadan düşüb. Bunların hamısını bərpa etmək üçün vaxt lazımdı. Ona görə bu il bizi təmsil edəcək klubların üzərinə getməyin mənası, yeri yoxdu. Vəziyyət göz qabağındadı və bu bizə əsas vermir ki, klublarımızı hansısa uğursuzluğa görə tənqid edək. Onları başa düşməliyik. Hazırda bütün sahələrə təsir edən bəlanın içindəyik. Klublarımızı dəstəkləməliyik. Hara qədər irəliləsələr, uğur qazansalar bizim üçün yetərli olacaq. 

- Məsələn, "Qarabağ" qrup mərhələsində daimi iştirak edən komandamızdı. Kənarda qalsa təəccübləndirici olmayacaq?

- Əlbəttə, buna da təəccüblənmərəm. Oyun praktikası, ağırlığı tam başqadı. Görün neçə vaxtdı futbolçular oyunsuz, məşqsiz qalıb. Sərbəst məşqləri, məşq saymaq olmaz. Çünki kimsə məşq edirsə, bir başqası gücünün lazımi qədərindən yararlanmır. Amma komanda şəklindəki məşqlər zamanı hər şey göz qabağında olur və futbolçunun özünü zəif göstərməsinə etirazını bildirə bilirsən. Ona görə məşqçiləri də qınamalı deyil. 

- Bir çox, hətta özümüzə bərabər saydığımız ölkələrdə futbol bərpa olundu, davam etdi. Azərbaycan çempionatının bu şəkildə yekunlaşdırılmasına münasibətiniz necədi?

- Əlbəttə, istərdim ki, çempionat davam etdirilsin. Futbolçular nə qədər oynasa, bir o qədər praktikası, fiziki forması yerində olar. Amma bildiyiniz kimi, dövlət başçımızın qərarıdı. Hansısa qurum, idarə, müəssisə belə qərar versəydi müraciət ünvanlamaq olardı. Birbaşa dövlət başçımızın qərarı olduğu üçün hörmət etməliyik. Yəqin nəsə bilirlər ki, belə qərar verdilər.

- Çempionatın davam etdirilməsi üçün hansısa çıxış yolları vardı?

- Düşünürəm ki, klublarımız Milli Məclisə müraciət etsəydilər, buna baxılardı. Qərar nə olacaqdı bilmirəm, amma yenə də müraciət edə bilərdilər. Çempionatın formatın dəyişməklə də davam etmək mümkün idi. Xeyirlisi Allahdan, bəlkə də belə məsləhət idi.

- Pandemiya şəxsi həyatınıza necə təsir etdi? Yəni, dostlarınızdan, yaxınlarınızdan yoluxan yoxdu ki?

- Şükür Allaha ölən, itən yoxdu, dostlarım, qohumlarım hamısı sapsağlamdı. Bu barədə problem yoxdu. Amma bu dünyanın bəlasıdı. Bizim ölkəmizdə də var. Televeziyadan, saytlardan yoluxanlar, sağalanlarla bağlı məlumatlar alıram, qaydaları izləyirəm. Ümumiyyətlə qayda-qanunlara əməl etməkdən əlavə, ictimaiyyət də özünü bu bəladan qurtara bilər. Bunu ictimai tənqid vasitəsilə etmək olar. Məsələn, kimsə yanımda maskasızdısa və mən ona etiraz etmirəmsə, ictimai qınaqdan uzaq oluram. Hər şey mümkündü, həmin insan xəstəliyə yoluxdura bilər. İctimai nəqliyyatda, kütlələrin toplaşdığı yerdə, qayda-qanunlara əməl etməyən insanları polis orqanlarından əlavə, digər insanlar da cəzalandırmalıdı. Yalnız belə mübarizə aparmaq olar. Şükür Allaha ki, dostlarım, qohumlarım və ya tanışlarım arasında bu xəstəlikdən əziyyət çəkən yoxdu. Hər ehtimala qarşı ehtiyat etmək lazımdı.

- Bu davamiyyətlə yeni mövsümün startı da gecikəcək. Bunun hansı fəsadları ola bilər? Hazırda yeni futbol mövsümünün başlaması ilə bağlı heç müzakirələr də aparılmır...

- Yəqin ki, hansı formada keçirilməsi ilə bağlı qərarlar verəcəklər. Təkcə futbol deyil, neçə vaxtdı digər sahələrdə də iş dayanıb. Məsələn şadlıq sarayları və digər obyektlər də bundan əziyyət çəkir. Yəqin xəstəliyin hansı səviyyədə olmasına baxıb, ona uyğun qərar verərlər. İnanmıram ki, çempionatımız axsasın. Çünki hamı iş görür, zəhməthaqqı alır. Neçə vaxtdı bu yöndə hər kəs sükut içindədi. İstənilən qurumun yaxud şirkətin pulunu çölə atmaq fikri də yoxdu. Xərclədikləri pulun müqabilin görmək istəyirlər. Milli Məclisdə məsələyə baxıb qərar verilər yəqin ki.

- Son vaxtlar millinin baş məşqçi məsələsi də müzakirə olunur. Roy Kinin, De Byazinin və bununla yanaşı bir sıra yerli məşqçilərin adları çəkilir. Ümumiyyətlə bu barədə mövqeyiniz necədi?

- Hamının fikrinə hörmətlə yanaşıram. Bu da mənim şəxsi fikrimdi. Həmişə demişəm, Avropada oynayan futbolçularımız üstünlük təşkil etmir. Bəzi futbolçuları nəzərə almasaq daxili çempionatımızdan yararlanırıq. Ona görə də daim yerli məşqçinin tərəfdarı olmuşam. Xatırlayırsızsa, klublarımızda da uğurlara imza atan yerli məşqçilərimiz olub. Yenə məsləhət səlahiyyət sahiblərinindi, özləri bilər. Millidə ölkə çempionatında oynayan futbolçular üstünlük təşkil edirsə, mənə elə gəlir yerli məşqçinin çalışması daha yaxşıdı.

- Belə bir vəziyyətdə milliyə xarici məşqçi soxuşdurmaq nə dərəcədə düzgündü?

- Ələsxus da pandemiya ilə mübarizə apardığımız bir dönəmdə bunun nə faydası, nə də təsiri olar. Gələn məşqçi öz planını ortalığa qoymalıdı. Ancaq indiki vəziyyətdə o planlar yəqin ki, həyata keçməyəcək.

- Millinin baş məşqçisi qismində kimləri görmək istəyərdiz?

- Allaha şükür, işləyən məşqçilərimiz var. Arif Əsədovdu, Şahin Diniyevdi... Elə Məşqçilər Komitəsində olanlardan Ağasəlim Mircavadovdu... Biz bu məşqçilərdən öyrənmişik, onlara baxmışıq. Gözümüzü açandan məşqçi kimi işləyiblər. Bununla yanaşı, sabiq futbolçu olmuş və sonradan məşqçi kimi çalışmış insaları da yoxlamaq olar. Niyə də olmasın?

- Bu il karyerasını bitirmiş Rəşad Sadıqovun da adı çəkilir. O gəlsə, "yanmaz" ki?

- Niyə də olamsın? "Gəncdi", "Praktikası yoxdu" kimi söhbətlər artıq keçmişdə qalıb. İstər Rəşad Sadıqov olsun, istər millinin digər sabiq üzvləri, bəs onlara nə vaxt güvənib yoxlamalıyıq? Özlərini göstərməsi üçün onlara da şans verilməlidi. Bir iş görülmürsə, onu necə qiymətləndirmək olar? Belə insanlara şans yaratmaq lazımdı ki, onların işinə qiymət verəsən.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR