Kamal Quliyevdən divizionda oynayanlara məsləhət: "Futbola baş qatmaq, hobbi kimi baxsınlar"

Kamal Quliyevdən divizionda oynayanlara məsləhət:
"Neftçi"nin Akademiyasında seleksiya qrupunun rəhbəri olan Kamal Quliyev son proseslərlə bağlı fikirlərini bildirib.

Kamal bəy Sport7.az-a açıqlamasında akademiyanın durumuna toxunmaqla yanaşı AFFA-nın birinci divizion və Premyer Liqa ilə bağlı qərarlarına da münasibətini açıqlayıb.

"Akademiyada durum normaldı. Yarımfinal və sair oyunları olur. Biz də komandalara nəzarət edirik. Akademiyada mövsümlə bağlı hələ konkret heç nə demək olmur. Qarşıda oyunlar var. Onlar bitəndən sonra analiz edib qərar verəcəyik. Növbəti mövsümlə, yeniliklərlə, o cümlədən cari çıxışımızla bağlı yekun iclas keçirilməyib. İclasdan sonra plan, proqram, məqsədlər filan bəlli olacaq. 

Mənim təkliflərimə gəlincə, həmişə demişəm indi də bildirirəm. Məncə ilk növbədə akademiyaya ayrıca büdcə ayrılmalıdı. Digər tərəfdən, əsas məqsəd nəticə qazanmaq deyil, futbolçu yetişdirmək olmalıdı. Üçüncüsü, 19 yaşlılardan ibarət komandamıza daha çox güc, üstünlük verilməlidi. Çünki bizi Çempionlar Liqasında təmsil edə biləcək yaş qrupu məhz onlardı. Onlara nəzarət olunmalıdı. Komanda kimi baxmalıyıq. Bu kimi təkliflərim olacaq. Daha sonra istedadlı futbolçuların yetişməsində yaranan problemlər araşdırılmalıdı, mümkün qədər turnirlərdə çıxış etməlidilər. 

Bizdə koordinator var idi - Eldar müəllimi nəzərdə tuturam. O gedəndən sonra əvəzinə heç kim təyin olunmadı. Mən sadəcə, seleksiya xidmətinin rəhbəriyəm. Amma bütün oyunları izləyirəm. Bu gün çox təəssüf ki, əsas komandaya verə biləcəyimiz Mehman adlı futbolçu neçə aydı zədəlidi. Şıxmirzə adlı yaxşı uşaq idi, əsgərliyə getdi. Hansı ki, iki ildən sonra, 80-90 min manat verib yerli futbolçu kimi oynada bilərdik. Klubu irəli sala bilərdi. Düzdü, əsgərlik də borcdu. Buna baxmayaraq, akademiyada həqiqətən də həmişə olduğu kimi istedadlı futbolçular var. Onların lazımi mərhələyə gəlib çatmasına güclü nəzarət etməliyik. İstedadları həm fərqləndirməli, həm də qorumalıyıq. Əsgərliklə bağlı müəyyən proseslər var ki, keçilməlidi. Bununla bağlı danışıqlarımız olub. Bir neçə futbolçumuz MOİK-dədi. Onların çıxışlarını davam etdirməsinə çalışırıq ki, futboldan ayrılmasınlar. Yığmanın futbolçusu olmaq da şərtdi ki, AFFA tərəfindən dəstək verilir. Yığma üzvü olmayanların isə perspektivləri varsa, onları itirməməyə, MOİK kimi komandalara salmağa çalışırıq".

Kamal bəy AFFA-nın birinci divizionla bağlı qərarına da münasibətini bildirdi: "Münasibətim necə olacaq? İki il bu məsələrin içində oldum, boğuşdum, səsimi çıxardım, amma cavab vermədilər. İndi nə olacaq ki? Hər işin bir çözümü var. Futbol funksionerlərimiz var, müsahibələrində bildirirlər ki, "filan komandanı Premyer Liqaya müəyyən vasitələrlə çıxardıq". Həmin yolla da "Xəzər"i və digərlərini çıxarmaq olardı. Birinci divizionda heç kim Premyer Liqanın tələblərinə cavab verə bilmir. Onda Premyer Liqanı ləğv edək? Birinci divizionda "Neftçala"nı çalışdırdığım vaxt, "Zirə" 5-ci, "Kəpəz" isə 9-cu yerdə idi. Hər iki komanda Premyer Liqaya çıxdı. Bu normal haldı. Artıq təəccüblənməyə əsas yoxdu, çünki bunları görə-görə gəlmişik. Yalnız bu sual məni maraqlandırır ki, Birinci Divizion çempionatını keçirməyin mənası nədi axı? O klubları oynatmağın mənası nədi ki? Özümdən götürürəm, bir futbolçuları ümidləndirdim ki, sonda bizi Premyer Liqa gözləyir. Sonda bu yoxdusa çempionatı keçirməyin mənası nədi? Bizə nə verir axı? Hansı limiti tətbiq etdik, kimi qazandıq? Heç kimi, sadəcə, özümüz-özümüzü aldadırıq. Niyə bu problemlər yaranır? Bildiyimə görə "Xəzər" rəhbərliyi kluba maliyyə imkanı yaradan, şəxsi biznesləri olan insanlardı. Bilirsiz ki, bəzi klublar, idman növləri, Azərbaycanın bir şirkətinin (SOCAR-ı nəzərdə tutur - m.) sərmayəsi ilə ayaqda dururlar. Bu yük olmayacaqdı. Yəni kənardan maliyyələşən klub olacaqdı. Ələxsus da bölgəni təmsil etmək, orda futbolu dirçəltmək, uşaqlarda maraq yaratmaq istəyirdilər. Yadılma gəlir, o vaxt "Karvan" yarananda Yevlaxda demək olar futbol "ölmüşdü". Bizim çıxışlarımızdan sonra, ölkə futbolunda xeyli sayda yevlaxlı futbolçu üzə çıxdı, yetişdi. Çünki yenidən o camaata, uşaqlara futbolu sevdirdik və onlar "Karvan"la alışıb yanmağa başladılar. Hansı bölgəmizdə futbol ənənəsi varsa orda komanda yaratmaq lazımdı. Yığmaya namizədlər istəyiriksə, bölgə klublarının sayı artmalıdı. Deyirik ki, maliyyə problemi var, bu da sizə bariz nümunə. Niyə kənardan maliyyələşən klubu Premyer Liqaya buraxmayasan? "Xəzər"ə görə təəssüf edirəm. Çünki mən də iki il o hadisələri yaşadım, sonda danışdığıma, düzünü, haqqı dediyimə görə pis oldum. Bununla barışmalıyıq, belədi.

Digər klublara məsləhət görərdim ki, necə bacarırlar, yaradılan şəraitdən elə də istifadə eləsinlər. Necə deyim, birinci divizionda futbol oynamağa baş qatmaq, hobbi kimi baxsınlar. Artıq bu sənət deyil. Belədə necə sevgi ola bilər axı? Çünki sonda həmin komandaya, hər şeyə məsuliyyətsiz yanaşacaqlar. Axı qazanacaqları bir şey olmayacaq. Quru-quru kubok verməklə... Məsləhətim odu ki, başlarını qatsınlar. Elə futbolçu tanıyıram ki, Birinci Divizionda oynayır, eyni zamanda ailəsini dolandırmaq üçün başqa yerdə də işləyir".

Sport7.az

Xəbər lenti