Kamran Ağayevin cəzası nə olacaq? - FOTO

Kamran Ağayevin cəzası nə olacaq? - FOTO
Ötən tur AFFA İntizam Komitəsinin "Qarabağ”la "Qəbələ”yə verdiyi cəzalar çoxlarının təəccübünə səbəb olmuşdu.

"Qırmızı-qaralar” hakimlərin otağına yan xətt hakimi üçün ehtiyat bayraq qoymadığına görə 1600 manat cərrimələnmişdi.

Eyni məbləğdə cəriməyə "Qarabağ” da məhkum edilmişdi. Bu dəfə səbəb bayraq yox, fiziki hazırlıq üzrə məşqçinin hakimlər otağına gedərək isinmə hərəkətlərinin vaxtını soruşması idi.

Görünən odu ki, İK-nin bu həftəki toplantısı da AFFA üçün xeyli bərəkətli keçəcək. Əlbəttə ki, AFFA özünə yaxın sayılan klublara qarşı güzəştli davranmasa. Xüsusiylə də "Keşlə”nin qapıçısı Kamran Ağayevin cəzalanıb, cəzalanmayacağı maraqla gözlənilir.

Ötən ilin dekabrında "Keşlə”nin kapitanı Kamran Ağayev "Qarabağ”la oyundan sonra hakimlərin otağına getmiş və onlara idarəçiliyə görə narazılıq etmişdi. Həmin vaxt AFFA İK Kamrana güzəştə getmiş, Ağayevlə birlikdə hakimlər otağına gedən Zaur Axundov pu cəriməsiylə canlarını qurtarmışdılar. Bu da yalnız mətbuatın ortaya video-fakt qoymasından sonra baş vermişdi.

"Neftçi”ylə oyunun 67-ci dəqiqəsində İnqilab Məmmədovun "Keşlə”nin qapısına penalti təyin etməsi qəsəbə təmsilçisinin narazılığına səbəb olub. Hakimin qərarıyla razılaşmayan qonaq komanda uzun müddət Məmmədova və onun köməkçisinə etiraz etdi. Davamını isə azarkeşlər gətirdi. Futbolçuların hərəkətlərindən ruhlanan "Keşlə” fanatları son dəqiqəyə qədər hakimlərin ünvanına təhqirlər-söyüşlər yağdırdı. Kamran Ağayev də oyunun sonuna qədər sakitləşmədi. "Neftçi”nin oyunçularından biri zədələnərkən oyuna ara verildi. Maraqlıdı ki, su içmək üçün rəqibin ehtiyat oyunçular skamyasına yaxınlaşan Ağayev fürsətdən istifadə edib yan xətt hakimi Rahil Ramazanovla mübahisə etdi. Final fitindən sonra da Kamranın etirazları davam edirdi və bu etirazlar tunelə daxil olana qədər bitmədi.

Maraqlıdı, hakimlər bu barədə protokola qeydlər ediblərmi? İntizam Komitəsinin Ağayevə güzəşt limiti bitibmi?
 

 


Xəbər lenti