Kamran Quliyevə niyə inanmırıq?

Kamran Quliyevə niyə inanmırıq?
İnam hissi həyatda ən vacib hisslərdən biri, bəlkə də birincisidi. Əvvəlcə insanın özünə inamı olmalıdı. İnsan özünə güvənməli, hansısa işi bacaracağına əmin olmalıdı. Yoxsa heç nə alınmayacaq. Fərsizə, qorxağa, bacarıqsıza çevriləcəksən.

Sonra da ətrafdakılara inanmalısan, onlara etibar etməlisən. Bu sırada da ailə üzvlərin, dostların gəlir. Bilməlisən ki, çətin məqamda, dara düşəndə sənin köməyinə kimlər yetişəcək, yıxılanda əlindən kim tutacaq. Məsələnin mənəvi tərəfi ilə yanaşı maddi tərəfi də var. Kiməsə pul verəndə gözün arxasınca qalmamalıdı. Əmin olmalısan ki, əvvəlcədən müəyyənləşdirdiyiniz tarixdə həmin pulu geri ala biləcəksən. Eyni zamanda da ətrafındakıların sənə inamı olmalıdı. Sənə etibar etməli, dar günündə arxa durmalı, pulun olmayanda borc verməlidilər.

Bəli, sözümün canı inamdır. Amma yuxarıda qeyd etdiyim məqamlarla bağlı sizə uzun-uzadı danışmayacağam. Yazımızın mövzusu o deyil. Futboldan danışacağıq. Bir də obyektivliyini qorumağı bacaran idman mətbuatının çox ciddi problemindən.

Dünən elə günün bu saatlarında "Komanda.az” saytında növbəti turda keçiriləcək "Neftçi” – "Sumqayıt” qarşılaşması barədə yazı dərc olunmuşdu. Diqqətimizi çəkdi və istinadla biz də öz oxucularımıza təqdim etdik. Fikirləşdik ki, yazı aktual mövzudadır və konkret adı çəkilən futbolçular var. İctimai rezonans doğuracağı da gözlənilən idi. Amma təkrar edirəm, yazı bizim öz məhsulumuz deyildi və ehtimal olunan "bazarlıq”la bağlı məlumatın hara daxil olduğu giriş hissədə, özü də fərqli şriftlərlə verilmişdi. Yazı müəllifləri onu da qeyd etmişdilər ki, məsələ ilə bağlı klubun rəsmi şəxsləri ilə danışmağa çalışıblar. Lakin onların bu cəhdləri nəticəsiz qalıb.

Həmkarlarımın cəhd etdiyinə də, soyuq münasibətlə qarşılaşdığına da inanıram. Çünki şəxsən mən özüm iki ildi AFFA-nın baş katibi Elxan Məmmədovdan, yarım ilə yaxındı ki, "Neftçi”nin rəhbərliyindən Sport7.az üçün müsahibə götürmək istəyirəm. Lazımı şəxslərə də bu istəyimi çatdırıb, mənə vaxt ayrılmasını xahiş etmişəm. Amma istəyim rədd olunub, Elxan Məmmədovun da, "Neftçi” rəhbərliyinin də qapıları üzümüzə çırpılıb.

Həqiqəti axtarıb tapmayanda fərziyələr güclənir, şübhələr yaranır, ehtimallarla danışmaq zərurəti yaranır. Bunu birmənalı və müzakirəsiz belə qəbul etmək lazımdı. Gizlini, qəbahəti olmayan adamlar aşkarlıqdan, aydınlıqdan, gün işığından qorxmalı deyillər. Yalnız əliəyrilər, yalançılar kimdənsə çəkinərlər, gizlənərlər. Mən indiki halda kimisə şərləmək, qaralamaq fikrində deyiləm. Həmişə də istənilən şəxslə normal müzakirə aparmağa, fikir mübadiləsi etməyə hazıram. Özü də problemin yalnız bizimlə görüşməkdə-danışmaqda olduğu göz qabağındadı. Elxan Məmmədov da, onun yaxın dostu Kamran Quliyev də dəfələrlə fərqli saytlara, dəyərli həmkarlarıma müsahibələr verib, onların suallarını cavablandırıblar. Bizi bəyənmirlərsə, canları sağ olsun. Həyat da davam edir, bizim yazılarımız da.

Bu məsələyə ona görə yenidən toxunuram ki, dünən sözügedən yazı oxucularımızın "Neftçi” azarkeşi olan qismində narahatçılıq yaradıb, onlar bizi sevimli klublarını qaralamaqda ittiham edirlər. Əmin olun, bizim belə bir niyyətimiz yoxdu. "Komanda.az” saytında gördüyümüz və diqqətimizi çəkən yazını biz ciddi qəbul etmişik. Söz-söhbətin ictimailəşməsində, "Neftçi” – "Sumqayıt” qarşılaşmasına diqqətin artmasında maraqlı olduğumuza görə bunu vacib bilmişik. Mümkün oyun alveri ehtimalı varsa, zamanında bunun qarşısı alınmalı, meydanda təmiz mübarizə getməlidi.

Bəli, mən Kamran Quliyevə inanmıram. Sövdələşməni mümkün hesab edirəm. Burda söhbət "Sumqayıt”ın futbolçularının oyunu verməsindən getmir. Onların hər birinə böyük hörmətim var. Samir Abasovun da zəhmətini xüsusi vurğulayıram. Amma bütün bunlar məndə Kamran Quliyevə inamın yaranması üçün kifayət deyil. Mən ona niyə inanmalıyam? Adam öz imicinin, ona olan inamın qayğısına özü qalmalıydı. Özünə inamsızlıq yaratmamalıydı. Səhər yuxudan "Sumqayıt”ın prezidenti kimi oyanıb, axşam yatağına "Neftçi”nin prezidenti kimi uzananda bu günləri görməliydi. Quliyev də inciməsin, "Neftçi” azarkeşləri də. Ona inamımız qalmayıb!

Amal ABUŞOV

Xəbər lenti