Kamran Quliyevin unutduğu adamlar

Kamran Quliyevin unutduğu adamlar
- "Neftçi”nin son zamanlar uğurlu çıxış etməsində əsas rolu nə oynayır?
- Futbolçular, məşqçi heyəti, bütün sıravi işçilər, rəhbərlik və sponsorlar. Bu "beşlik"!

Sitat "Neftçi”nin prezidenti Kamran Quliyevin "Zirə”yə qalib gəldikləri oyundan sonra verdiyi müsahibədəndi. Ondan "uğurun sirri”ni soruşublar. Klub prezidentinin də cavabı belə olub. Həqiqətənmi belədi, yoxsa Kamran bəy kimisə unudub?

Hər bir işdə iki cür məsuliyyət payı var. Biri maddi məsuliyyətdi, digəri mənəvi. Bu yazını qələmə alarkən saytımızın baş redaktorunun və oxucularının qarşısında məsuliyyət daşıyıram. Oxucuların qarşısındakı məsuliyyətim mənəvidi. Çünki onlar qiymətli zamanlarından ayırır, mənim yazımı oxuyurlar. Amma redaktorun qarşısında daşıdığım məsuliyyətdə maddiyat da var. Axı, ondan bu yazıma görə qonorar alıram. Deməli, redaktorun etimadını doğrultmaqla yanaşı, onun verdiyi qonorarın qarşılığında əlimdən gələnin ən yaxşısını etməli, aldığım pula dəyən məhsul ortaya çıxarmalıyam.

Futbolda da belədi. Başda Kamran Quliyev olmaqla "Neftçi”nin məşqçiləri, futbolçuları və sıravi işçiləri aldıqları maaşın qarşılığını verməyə borcludular. Onlar gördükləri işin qarşılığında maaş alırlar. İşini vicdanla görmək isə hər bir işçinin, vəzifə sahibinin borcudu. Sponsorlarla bağlı məsələ də hamımıza aydındı. Adından göründyü kimi, "Neftşi” neft pullarının sayəsində ayaqda durur. Neft Azərbaycan xalqının sərvəti, "Neftçi” də "xalq komandası”dı. Deməli, sponsorlar da xalqın sərvətindən ayrılmış pulu xalqın komandasında verməklə fövqəladə nəsə etmirlər.

Fevralın 16-a qədər Kamran Quliyev "Sumqayıt”ın prezidenti kimi maaş alırdı, orda çalışırdı. Həmin vaxt o, "gənclik şəhəri”ni təmsil edən komandanın uğurları üçün məsuliyyət daşıyır, əmək sərf edirdi. Eləcə də digərləri. Tərlan Əhmədov çox yaxın keçmişdə AZAL-ın baş məşqçisi idi və "Neftçi”yə qarşı komandasını meydana çıxarırdı. Yaxud da "Neftçi”nin hər qələbəsindən sonra selfi çəkilişində baş rolda olan tərcüməçi əvvəllər "Bakı”nın əməkdaşı idi. Eşitdiyimə görə, oyundan-oyuna "Neftçi”də paylanılan mükafatların da miqdarı artırılır. Təsadüfi deyil ki, futbolçuları təbrik etmək üçün rəhbərlik paltardəyişmə otağına daxil olandan sonra ordan sevinc səsləri eşidilir.

Bütün bunlar o deməkdi ki, rəhbərlik də, işçilər də, futbolçular da hər nə qədər "Neftçi”ni sevsələr, ürəkdən ağ-qara rənglərə bağlı olsalar da, məsələnin maddi tərəfini heç vaxt unutmurlar və bu gün ona görə ordadılar ki, maaş alır, pul qazanırlar. Buna görə heç kimi qınamaq olmaz, həyatın qanunudu. Bəli, cənab Quliyev düz deyir, "Neftçi”nin uğurunda rəhbərlikdən tutmuş sıravi işçiyə qədər hər birinin zəhməti var. Amma Kamran bəy çox vacib bir məqamı unudub.

Düzgün təxmin etdiniz. Klub prezidenti soyuqda-istidə, ən pis günündə belə "Neftçi”nin yanında olan, qarşılıqsız sevginin əsirinə çevrilən azarkeşləri unudub. Onlar öz zəhmətlərinin qarşılığında maaş almırlar, öz ciblərindən xərc çəkirlər. Komandanın dirçəlməsində "Forza Neftçi” başda olmaqla bütün azarkeşlərin də böyük rolu var. Bunu danmaq haqsızlıq, ədalətsizlikdi. Onlar unudulmağa layiq deyillər. Təklif edirəm ki, ilk imkandaca səhvinizi düzəldin!
 
Amal ABUŞOV
 

Xəbər lenti