Olimpiya Oyunlarında Rusiya bayrağını daşıyan ilk qadın idmançı: Maşa Londonda

Olimpiya Oyunlarında Rusiya bayrağını daşıyan ilk qadın idmançı: Maşa Londonda

Tez-tez məndən soruşurlar: russan, yoxsa amerikalı? "Karate Kid" filmindəki cavab zərbələri, axmaq zorbalar, "The Brady Bunch"-dakı Mayk və Kerolun hər şeyi bilən müdrikliyi... - mən təkcə valideynlərim və məşqçilərim hesabına deyil, həm də televiziya və oradakı filmlərlə böyümüşəm. Yumorum "Seinfeld"-ə daha yaxındı, nəinki Qoqol. Mənimki "Full House"-du, nəinki Dostoyevski. Amerikalılar kimi ingiliscə danışa bilirəm, Floridada böyüdüyüm üçün zarafatları, sətir aralarını "tutmaq" mənim üçün problem deyil. Ancaq həmişə özümü rus kimi hiss etmişəm, belə də hiss edəcəm.
 
Üçüncü setin gedişində breyklə geridə olanda mən rusam. Bu, daha çox ruhumun dərinliklərindən, tarixdən və ailəmin irsindən irəli gəlir. Nənə-babalarımı görmək üçün Qomelə (Belarusa) gedəndə, köhnə dostları ziyarət məqsədilə yolum Soçiyə düşəndə və ya Moskvada turnirlərdə iştirak edəndə - hər dəfə bunu hiss edə bilirəm. Dil, küçədəki insanların gürültüsü, sadəcə səs və sözlər də deyil, məsələ üslub, təfəkkür və fikirlərdi. "Ev" anlayışına tərif vermək asan deyil - xüsusilə də, mənim kimi, hər yeri özününkü qəbul edənlər üçün. Ancaq ora ayağın dəyəndə özün də anlayırsan. Orada ayaqların yerə "basır", hamı tərəfindən başa düşülürsən, nəyisə izah etməyə ehtiyac qalmır. Mən rusam. Hər gün, hər dəqiqə, həmişə bunu hiss etmişəm. Ona görə də, oradan gələn xahiş və ya təklif - necə istəyirsizsə, elə adlandırın - mənim üçün böyük anlam ifadə edirdi.

Nə yaraşıqlı atlı məktub gətirmişdi, nə də köhlən at var idi. Telefonuma sadə mesaj göndərmişdilər. Rusiya Tennis Federasiyasının işçilərindən birindən gəlmişdi. London Yay Olimpiya Oyunlarından bəhs olunurdu, məndən hamının izləyəcəyi açılış mərasimində ölkəmin bayrağını daşımağım istənilirdi.

İlk başda zarafat olduğunu düşünürdüm. Onsuz da, Rusiya Tennis Federasiyasından gələn şeyləri ciddi qəbul edə bilmirdim. Ola bilməzdi! Yəqin ki, kimsə mənlə məzələnirdi. Anama göstərdim. Diqqətlə oxudu, gözlərini qırpıb, bir də gözdən keçirdi, telefonu mənə qaytardı və dedi: "Maşa, bu, olduqca real görünür".

Tüklərim biz-biz oldu. Bu, karyeramın ən qürurlu anlarından biri olacaqdı. Rusiyada ilk dəfə bayrağı qadın idmançı daşıyacaqdı, ona görə də, qərar mübahisələri bərabərində gətirmişdi. Geyim məsələsindən - tünd qırmızı pencək, trapes şalvar - söhbət düşəndə məni gülmək tutdu. Görüntüləri yenidən izləyə bilərsiniz: mavi pencək geymiş, Panama şapkası taxmış dörd rus kişi idmançının qarşısında mən, arxamızda isə heyətin geri qalan hissəsi. Tünd qırmızı pencəklər, gülüş və insanlara əl sallamaq... Həsir papağımı taxmışdım və elə hey gülümsəyirdim. Gözümün önündən uşaq vaxtı izlədiyim Olimpiadaların açılış mərasimləri keçirdi. O zamanlar başımda ağ beretim, yatağımın ətrafında paraddakı idmançılardan biri kimi fırlanardım. İndi isə onlardan biri idim.
 


Olimpiadanın tennis yarışları "Uimbldon"da keçirilirdi. Oranı nə qədər çox sevdiyimi bilirsiniz. Finala qədər irəliləyə bildim. Həlledici görüş Mərkəzi kortda oynanıldı, hava küləkli idi. Finalda Serena Uilyamsa uduzdum. Oyun boyunca cəmi bir qeym qazana bilmişdim. Təbii ki, daha yaxşı performans nümayiş etdirmək istəyərdim - həm özüm, həm də ölkəm adına. Ancaq sanki məsələ Rusiya-Amerikadan çox, Serena ilə mənim aramda idi.

Nə baş verirdi? Hansısa oyunçu Serenanı məğlub edə bilərdi, sonra mən həmin tennisçini uda bilərdim, ancaq mən özüm təkbaşına Serena ilə bacarmırdım. Serenaya qarşı göstəricim? O qədər də yaxşı deyil. Onu cəmi iki dəfə məğlub edə bilmişəm. Hər ikisi də çiynimdən zədə almamışdan öncə baş vermişdi. Təbii ki, bu göstərici belə, onun necə mükəmməl oyunçu olduğunu ortaya qoyur. Servisi, gücü, rəqibini bir tərəfdən digərinə qaçırtmağı... - sanki mənim zəif tərəflərimi tamamlayan pazzl parçalarına sahib idi. Və mənim servisim... İlk servisim oyuna girməyəndə mən əsas silahımı itirirəm. Bəlkə də, onun adına üstünlük yaradan şey bu idi. Ancaq bütün hekayə təkcə bundan ibarət ola bilməz. Nəsə başqa bir şey olmalı idi.
 


Məncə, Serena mənə qarşı ekstra motivasiya ilə oynayır. O, hər kəsi məğlub etmək istəyir, ancaq mənə qarşı daha da böyük istəklə oynayır. Niyə? Çünki mən uşaq yaşlarımda "Uimbldon"da ona qalib gəlmişdim. Çünki mən onun ilk həyəcanının, ilk yüksəlişinin qarşısını kəsmişdim. Bir də o günləri geri qaytarmaq olmur. Hər şeydən də çox - çünki həmin gün mən səhv anda soyunub-geyinmə otağında idim. Onun ağladığını eşitmiş, ən pis, ən həssas anlarının şahidi olmuşdum. Məni buna görə bağışlamamışdı.

Finaldan sonra bizim üçün ayrılan platformanın üzərinə çıxdım. Serenaya qızıl medal təqdim olundu. Gözlərimi düz ona zilləmişdim. Bir az əvvəl gümüş medalla mükafatlandırılmışdım. Gümüş də gözəldi, ancaq gümüş qızıl deyil. Ağlımda tək düşüncə var idi: Rioda, 2016-cı il Yay Olimpiya Oyunlarında revanşı alacaqdım. 

Təbii ki, bu, baş verməyəcəkdi...
 


Mariya Şarapova - "Unstoppable: My Life So Far" kitabı

"Game-Set-Match" blogu
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR