Kasıblığı ilə qürur duyanlar - Universitet komandasının hekayəsi

Kasıblığı ilə qürur duyanlar - Universitet komandasının hekayəsi

Meksikada heç bir klub "Pumas UNAM" qədər gənc, üsyankar və yoxsul təbəqələri özündə birləşdirmir. Komanda 1962-ci ildən etibarən Meksika çempionatında çıxış edir. "Pumas" azarkeşləri özlərini "pueblo”, yəni "aşağıdakılar” və "xalq” adlandırırlar. Səbəb olaraq isə ilk növbədə gəldikləri yeri göstərmək olar. "Pumas" 270 min tələbəsi ilə Latın Amerikanın ən böyük universiteti olan UNAM-ın (Universidad Nacional Autonoma de Mexico) komandasıdır. Klubun sahibi hansısa bir şirkət yox, universitetdir.
 


UNAM-ın tarixinə nəzər salsaq, bir çox maraqlı hadisəyə rast gələ bilərik. 1968-ci ildə güc hesabına yatırılan tələbə hərəkatlarını qeyd etmək olar və ya 1999-2000-ci illərdə tələbələrin 9 ay boyunca universitet şəhərciyini işğal etməsi və bunun davamında təhsil haqlarının aradan qalmasını vurğulamaq mümkündü. Bütün bu proseslərin yekununda Meksikanın kasıb təbəqələrindən olan şagirdlərin daha böyük universitetlərə getməsinə ehtiyac qalmadı. Bilik və təhsil sahəsinə mənsub olduğu üçün insanlar daha çox birlik eqosuna malik olur ki, bu da "Pumas" azarkeşlərinin ən əsas özəlliyi hesab olunur. Lakin azarkeşlərin təkcə bu kütlələrdən ibarət olduğunu da söyləmək olmaz. Ümumiyyətlə, UNAM intellektual baxımdan müstəqil quruluşu olan, eləcə də toplumu tənqid edən özəlliyi ilə bərabər, elmi araşdırmaların aparılmasına da şərait yaradır ki, bu da onların Meksika siyasi səhnəsində vacib rol oynamasına səbəb olur.

1954-cü ilin bu günü, yəni 28 avqustunda əsası qoyulan "Pumas", peşəkar komanda kimi ikinci divizona qəbul edildikdən 8 il sonra əsas liqaya yüksəlməyi bacarıb. Komanda hətta 1967-68 mövsümünü ikinci pillədə tamamlayıb. Bu nəticənin ardınca daha da iddialı statusa bürünən "Pumas" 1977-ci ildə braziliyalı legioner Evanildo Kastro (Kabinyo) və Meksika futbolunun əfsanəvi isimlərindən Uqo Sançesin liderliyində ilk ölkə çempionluğunu qazanıb. Sözügedən futbolçular 26 qolla bombardirliyə şərik olublar. 4 il sonra yuqoslaviyalı baş məşqçi Bora Milutinoviçlə daha bir dəfə ölkə futbolunun taxtına oturan universitet komandası, 1981-ci ildə Uruqvay "Nasyonal”ını da məğlub edərək, "Amerika qitəsinin ən böyük komandası" statusunu alır.
 


"Pumas" Meksika futboluna Enrike Borxa Qarsiya, Xorxe Kampos, Luis Qarsiya Poştiqo və Luis Marioni kimi, bir çox aparıcı simaları bəxş etsə də, bu siyahıda Uqo Sançesin yeri tamamilə başqadır. UNAM-da yetişən və 1981-ci ildə Madridin yolu tutaraq "Atletiko" ilə anlaşan "Hugol” ləqəbli futbolçu İspaniyada daha çox "Real”da çıxış etdiyi dövrdə tanınmağa başlayıb. 2000-ci ildə baş məşqçi kimi "evi"nə dönən Uqo Sançes, 2004-cü ildə həm Klausura, həm də Aperturanı qazanmağı bacarıb. Bu nailiyyət Meksika futbolunda bir ilk idi. Belə ki, indiyədək heç bir komanda yaz-payız sistemi ilə təşkil olunan çempionatı bir il ərzində iki dəfə qazana bilməmişdi. Bu azmış kimi, Sançes keçmiş komandası "Real”ı "Santyaqo Bernabeu”da devirərək eyniadlı trofeyin sahibi olmuşdu. Matç Uqonun təkcə Madridə qayıdışı kimi yox, eyni zamanda, "asteklərin” müstəmləkəçi ispanlara qarşı matçı kimi də qələmə verilirdi. Tarixi bir zəfərlə İspaniyadan qayıdan "Pumas" ölkənin hörmət, fəxr və müstəqillik simvoluna çevrilmişdi. İnsanlar küçələrə axışaraq qələbəni sərxoş olana kimi qeyd etmişdilər.

Ümumiyyətlə, çılğın azarkeş qrupu ilə tanınan "Pumas UNAM" əzəli rəqibləri "Amerika”nın üzərinə meydandaca hücum çəkməsi ilə yaddaşlarda qalıb. Bu iki komandanın matçlarından öncə küçələrdə azarkeşlərin iğtişaş törətməsi qaçınılmaz olur. "Amerika”nın "Pumas"dan iqtisadi baxımdan üstün olması və futbolçulara daha yaxşı maddi şərtlər təklif etməsinə baxmayaraq, hər iki komanda ölkənin eyni sosial təbəqəsini təmsil edir. Əzəli rəqiblərin oyunu Meksikanın mədəniyyət və tarixini gözlər önünə gətirir: yoxsulluqdan qurtulmaq istəyənlər və yoxsulluğu ilə qürur duyanların hekayəsi... Daha çox pulu olan yox, daha yaxşı oynayan və qələbəni daha çox istəyən qalib gəlir.
 


1997-ci ildə PUMAS-ın ev oyunlarının "TV Azteca”dan alınıb, yerli "Televisa”ya verilməsi təhqir kimi qəbul edilirdi. Çünki "Televisa” əzəli rəqib "Amerika”, həmçinin dövlət yönümlü kanaldır ki, bu da çılğın pumaslılar üçün qəbuledilməz, bir o qədər də qorxunc hal idi. Azarkeşlər futbolçularının motivasiyadan düşəcəyini zənn etməklə bərabər, "Nekaksa” və "Atlanta” kimi eyni aqibəti yaşayan komandalar kimi, hörmətdən düşəcəklərindən ehtiyat edirdilər. Amma onların səyi nəticəsində qorxulu senari reallaşmadı. Öz qürurlu davranışları ilə seçilən azarkeşlər bu gün, "Pumas"ın yaradılışının 65-ci ildönümündə komandaları ilə fəxr edə bilərlər.



OXŞAR XƏBƏRLƏR