Katenaççonun tarixi:

Katenaççonun tarixi: "Ehtiyat tor" hekayəsi və ya evrika (III hissə)

Balıqçı qayıqları bir-birini əvəzləyirdi. Stress içində olan məşqçi Tirren dənizinin sahilində səhər gəzintisinə çıxmışdı. O gecə gözünə yuxu getməmişdi. Qağayıların səsinə və sahildəki satıcıların qiymət üstündə çənələşməsinə fikir vermədən yoluna davam edir, komandasından necə maksimum fayda götürəcəyi və bütün cəhdlərinə baxmayaraq, hələ də "məsaməli" görünən müdafiəsini necə gücləndirəcəyi barədə düşünürdü. Liman boyu irəliləyib, özlüyündə bu məsələləri götür-qoy edirdi, birdən qayıqlardan biri diqqətini çəkdi. Balıqçılar torun birini çevirirdilər, altda isə daha bir tor var idi: ehtiyat tor. Bu, onun üçün "evrika anı" idi. Birinci tordan sürüşən balıqlar ikincinin üzərinə düşürdülər. Həmin an o, əsas müdafiə xəttinin arxasında gözləyəcək və "sədd"i aşmağı bacaran rəqib hücumçuları "ələ keçirəcək" ehtiyat müdafiəyə ehtiyacı olduğunu anlamışdı. Bu məşqçinin adı Cuzeppe Viani idi. O, "Salernitana"nı çalışdırırdı, kəşf etdiyi şey isə "katenaçço" adlanırırdı.
 


Vianinin danışdığı hekayə budu və müəyyən Bibliyavari eyhamları da nəzərə alsaq, cəlbedici hekayə olduğunu deyə bilərik. Digər tərəfdən, bir az romantik hekayədi, hə? Bununla belə, katenaççonun İtaliyada meydana gəlməsi ilə bağlı yayılmış fərziyyələr arasında Vianinin iddiası ən inandırıcı olanıdı. Bəlkə də, ondan əvvəl də eyni sistemi tətbiq edənlər olmuşdu, amma bu sistemdən müntəzəm olaraq yararlanan və müəyyən uğurlara imza atan ilk adam o idi. Danışdığım hekayə sayəsində katenaççonun Rappana heç bir aidiyyatı olmadığını düşünə bilərsiniz. Lakin İsveçrənin İtaliya futboluna tarixi təsirini unutmamaq lazımdı. Məsələn, Vittorio Potso iki il Sürix təmsilçisi "Qrasshopper"in əvəzedici komandasında oynayıb. İtaliyanın ilk kapitanı Françesko Kali Lozannada təhsil alıb. Birinci və ikinci Dünya müharibələri arasındakı dönəmdə bütün Şimali İtaliya klublarının heyətində minimum bir isveçrəli oyunçuya rast gəlmək mümkün idi. Xüsusilə də "Cenoa", "İnter" və "Torino"da onların təsir gücü böyük idi.

Sahildəki gəzintinin, balıq torunun onun üçün, həqiqətən də, ilham mənbəyi olub-olmadığını heç vaxt dəqiqliyi ilə bilməyəcəyik. Amma əlindəki heyətin bacarığının məhdud olduğunu anlayan Viani artıq qərarını vermişdi: rəqibin oynamağına mane olacaq, yəni "zəifin haqqı"ndan istifadə edəcəkdi. Nəzəriyyədə haf-beklərdən biri olan və daha sonra "Yuventus"un heyətində çıxış edərkən iki dəfə skudettonun qalibi olan Alberto Piççinini rəqib hücumçunu tutmaq üçün geriyə gəlirdi. Bunun davamı olaraq, həmin dönəmdə İtaliyada şablon düzülüş olan, Potsonun "metodo"sunu əvəzləyən W-M-in müdafiə üçlüsünü təşkil edən oyunçulardan ortada olanı "süpürgəçi" kimi daha da geri çəkilirdi. Müdafiədə gözləyən Vianinin komandası rəqibi üzərinə "çəkir", onları hücuma əlavə adam cəlb etməyə təşviq edir, ardınca isə onları əks-hücumda müdafiəsiz halda tuturdu. Düzülüş baxımından arada müəyyən fərqlər olsa da, innovasiyanın arxasında yatan düşüncə Herbert Çepmenin 1907-ci ildə "Northempton"da tətbiq etdiklərindən elə də fərqlənmirdi.

"Salernitana"nın sonradan "vianema" adlandırılan bu taktikası katenaççonun irəliyə doğru atılmış addımı hesab oluna bilməzdi. Kiçik komanda idilər. 1947-ci ildə bu sistem sayəsində üç paralel ikinci divizion qrupunda çıxış edən klublar arasında ən yaxşı müdafiə performansına imza atıb, əsas diviziona yüksəlsələr də, A Seriyasındakı yeganə mövsümləri ərzində səfərdə bir oyundan belə, qalib ayrıla bilməyərək yenidən B seriyasına qayıtmışdılar.
 


Vianinin "Salernitana"dakı nisbi uğuru sayəsində trend olan katenaççonu ölkənin fərqli yerlərində müxtəlif formalarda tətbiq etməyə başladılar. "Gazzetta dello Sport"un sabiq idman yazarı Lüdoviko Maradey situasiyanı belə izah edirdi:

"Oyun fərdlərin birə-bir mübarizəsinə çevriləndə balaca komandaların heç bir şansı qalmırdı. Artıq onlar bunu dərk etməyə başlamışdılar. Ona görə də W-M-i qoruyaraq arxada ehtiyat adam saxlaya bilmək üçün müəyyən dəyişikliklər etdilər. Adətən, vinqerlərdən biri geri çəkilir, kənar-beki isə müdafiənin arxasına düşürdü. Amma bu, sistematik deyil, kortəbii şəkildə baş verirdi. Bəlkə də, bəziləri dediyimlə razılaşmayacaq, amma bunu deməyimin bir səbəbi var. Kiçik komandalar oyunun böyük bir hissəsini müdafiədə keçirirlər. Bu səbəbdən də kənar-bek şüurlu şəkildə geriyə düşmək istəsə belə, bu, diqqətinizdən qaçardı, çünki həmin an, onsuz da, komanda halında müdafiə olunurdular". (ardı var)



Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR