Katenaççonun tarixi:

Katenaççonun tarixi: "La grande Inter" əfsanəsinin sonu (XI hissə)

Erreranın "İnter"inin əsl tənəzzülü növbəti mövsüm başladı. Qəribədi, "İnter" sözügedən mövsümə əla start vermiş və ardıcıl 7 oyundan qalib ayrılaraq rekorda imza atmışdı. Komanda aprel ayının ortasında çempionatın lideri idi və ən yaxın rəqibi "Yuventus"u 4 xal qabaqlayırdı. Üstəlik, Avropa Kubokunun 1/4 finalında Madrid "Real"ını 3:0 hesabı ilə məğlub edərək əvvəlki mövsümün revanşını almışdılar. Amma sonra işlər relsdən çıxdı. Yarımfinalda "İnter"in Sofiya SSKA-sı ilə oynadığı hər iki matç 1:1 hesabı ilə bitdiyi üçün pley-offa ehtiyac yarandı. Oyundan əldə olunacaq gəlirin 75%-nin bolqarlara çatacağına dair zəmanət verən "İnter", pley-off görüşünün Bolonyada keçirilməsinə nail oldu. Yekunda "neradzurri" 1:0 hesabı ilə qələbə qazandı, amma şübhə və qorxunun işartıları artıq gün üzünə çıxmışdı. Ardınca "Latsio" və "Kalyari" ilə heç-heçə oynayan Erreranın yetirmələri "Yuventus" səfərindən isə məğlub (0:1) qayıtdılar. Beləliklə, zirvədəki xal fərqi ikiyə düşdü. Növbəti oyunda "İnter" "Napoli" ilə bərabərliyə razı oldu, "Yuventus" isə Mantova səfərində xal itirdi. Sonra Milan təmsilçisi öz meydanında "Fiorentina" ilə bacarmadı. Bu səfər "Yuve" fürsəti qaçırmadı və "Viçentsa"nı məğlub edərək xal fərqini qapadı. Mövsümün bitməsinə iki oyun qalmışdı və "İnter" Lissabonun ev sahibliyində keçiriləcək Avropa Kubokunun finalında "Seltik"ə, çempionatda isə səfərdə "Mantova"ya qalib gələcəyi təqdirdə "dubl" edəcəkdi. Lakin bu səfər işlər onların istədiyi kimi getmədi.

Erreranın Allodi ilə münasibətlərinin pozulduğu və "Real"ın onu baş məşqçi təyin etmək istədiyinə dair xəbərlər yayılmışdı. Həmçinin Suaresin, nişanlısının istəyi ilə İspaniyaya qayıtmağı planlaşdırdığı və Morattinin işlərinə daha çox vaxt ayırmaq üçün prezident postunu tərk edəcəyi iddia olunurdu. Daha da pisi: müxtəlif mənbələrə görə, Suares əzələ dartılması və qırtlağındakı problem səbəbindən finalı buraxacaqdı. Matsola isə həlledici görüş ərəfəsində qrip olmuşdu.

"Seltik" yarımfinalda "Dukla" səfərində müdafiəyəmeyilli sistemdən istifadə edərək qolsuz bərabərliyə nail olmuşdu. Amma bu, bir daha onların əsas gücü tərəfinin hücum olduğunu göstərmişdi. "Seltik" baza olaraq DÇ-1958-dən sonra yayılan 4-2-4 düzülüşündən istifadə edirdi. "İnter"lə oyunda hücumçular - Stivi Çalmers və Villi Volles növbə ilə geriyə çəkilərək "İnter"in mərkəz müdafiəçilərini öz üzərilərinə çəkməyə çalışırdılar. Vinqerlər - Cimmi Conston və Bobbi Lennoksa isə hücumçu qanad-beklər - Cim Kreyq və Tommi Qemmellə zona açmaq üçün içəriyə meyillənmək tapşırığı verilmişdi. Məntiqlə düşünsək, "İnter"in müdafiəsinə "Seltik" bütün gücü ilə hücum etməklə cavab verəcəkdi.
 


"İnter" həmin gün, həqiqətən də, müdafiə olunmaq üçün meydana çıxmışdı. Xüsusilə də Matsolanın 7-ci dəqiqədə penaltidən vurduğu qoldan sonra plan bəlli idi. 1965-ci ildə "Benfika"ya qarşı etdiklərini təkrarlamaq istəyirdilər, amma bu "İnter" həmin "İnter" deyildi. Onsuz da, futbolçuları içdən-içə "gəmirən" şübhələr "Seltik"in hücumları fonunda daha da intensivləşmişdi.

Burnyiç: "Oyunun əvvəllərindən etibarən "Seltik"in qarşısını kəsə bilməyəcəyimizi anlamışdıq. Hər top onlara çatırdı, meydanın hər yerində bizdən üstün idilər. Fasiləyə 1:0 hesabı ilə üstün yollanmağımız möcüzə idi. Bəzən belə situasiyalarda dəqiqələr keçdikcə özünüzə olan inamınız artır və qələbəyə inanmağa başlayırsınız. Amma o gün belə olmadı. Fasilədə paltardəyişmə otağında bir-birimizə baxanda məğlubiyyətin alnımıza yazıldığını bilirdik".

Burnyiçə görə, "ritiro" artıq komandaya zərər verirdi və bu, sadəcə şübhələrin və neqativliyin artmasına xidmət edirdi: "Finaldan əvvəlki bir ay ərzində, səhv etmirəmsə, ailəmi cəmi 3 dəfə görə bilmişdim. Arada Fakketti ilə evli olduğumuza dair zarafatlaşırdıq. Onu həyat yoldaşımdan daha çox gördüyümü əminliklə deyə bilərəm. Təzyiq getdikcə daha da artırdı. Qaçış yox idi, nə edəcəyimizi bilmirdik. Məncə, həm çempionatda, həm də Avropadakı tənəzzülümüzdə bu amil böyük rol oynadı".

Finaldan əvvəl Errera komandasını Portuqaliyada dəniz kənarında və Lissabondan yarım saatlıq məsafədə yerləşən bir otelə aparmışdı. Həmişə olduğu kimi, "İnter" bütün otaqları rezerv etmişdi. Burnyiç qaldığı yerdən davam edir: "Oyunçular və texniki heyətdən başqa orada heç kim yox idi. Hətta klub idarəçiləri də bizlə qalmırdılar. Zarafat etmirəm, avtobusumuzun otelə daxil olduğu andan, üç gün sonra stadiona yollanmaq üçün oranı tərk etdiyimiz müddətə qədər məşqçilər və otel işçilərindən başqa heç kimi görməmişdik. Normal insan orada dəli olardı. İllərdi komandada bu rejim tətbiq olunduğu üçün biz öyrəşmişdik. Amma artıq bıçaq sümüyə dirənmişdi. Sanki bütün dünyanın yükü bizim çiyinlərimizdə idi və çıxış yolunu tapa bilmirdik. Yuxu problemləri yaşayırdıq. Heç kim yata bilmirdi. Gecələr 3 saat yatanda özümü xoşbəxt hiss edirdim. Sadəcə final matçını və "Seltik"in oyunçularını düşünürdük. Fakketti ilə birlikdə səhərə kimi yatmayıb, yan otaqda yüksək gərginlik səbəbindən qusan kapitanımız Armando Piççinin səsinə qulaq asırdıq. Təsəvvür edin, final günü səhər 4 oyunçu qusdu, digər 4-ü isə meydana çıxmamışdan əvvəl, paltardəyişmə otağında qusdular. Qısası, öz sonumuzu özümüz hazırlamışdıq".

"Seltik" isə çox rahat görünürdü və bu, "İnter" futbolçularının özlərini daha da pis hiss etməsinə səbəb olurdu. Bu, katenaççonun "cəfəngiyata enmə" nöqtəsi idi. Bundan artıq neqativlik ola bilməzdi. Öz yaratdıqları "canavar" indi onlara hücum edirdi. "Seltik" futbolçularını saxlaya bilmirdilər və rəqib ard-arda qol epizodları yaradırdı. Berti Oldun zərbəsi dirəkdən qayıtdı, Qemmellin topunu qapıçı Culiano Sarti qaytardı və nəhayət, ikinci hissənin 17-ci dəqiqəsində bərabərlik qolu vuruldu. Qol Cok Steynin planlarının meydandakı təzahürü idi: cinahlar boyu irəli çıxan qanad-bekləri "İnter"in markajını neytrallaşdırmışdılar. Beləliklə, hamıya, xüsusilə də geridən çıxıb hücuma qoşulan oyunçulara qarşı markaj tətbiq etməyin mümkünsüz olduğu ortaya çıxdı.
 
 
Qoldan sonra da "Seltik" hücumlarını davam etdirdi. Burnyiç: "Yadımadı, Piççi qapıçıya tərəf baxaraq dedi: "Culiano, özünü yorma, mənası yoxdu, gec-tez "Seltik" qələbə qolunu vuracaq". Heç vaxt bu sözləri eşidəcəyimə inanmazdım. Kapitanımın qapıçıdan "ağ bayraq" qaldırmasını istəyəcəyini ağlımın ucundan belə keçirməzdim. Bu, bizim necə viranə halda olduğumuzu göstərirdi. Sanki iztirabın müddətini uzatmaq istəmirdik".

Tükənən "İnter" ancaq mənasız uzun toplardan istifadə edirdi. Nəhayət, oyunun sonuna beş dəqiqə qalmış "neradzurri" təslim oldu. Bu qolun vurulmasında da qanad-bekin önəmli rolu var idi. Həmin gün "Seltik" Avropa Kubokunu qazanan və latın mənşəyi olmayan ilk komanda kimi tarixə düşdü, "İnter" əfsanəsi isə bitdi.
 


Mantovada daha da bərbad hadisələr baş verdi. Sarti "İnter"in sabiq hücumçusu Di Cakomonun zərbəsini dəf edə bilmədi və "Yuventus" "Latsio"nu məğlub edərək İtaliya çempionu oldu. Burnyiç o anları belə təsvir edirdi: "Mental, fiziki və emosional olaraq tükənmişdik". Errera baş verənlərə görə müdafiəçiləri günahlandırdı. Quarneri "Bolonya"ya, Piççi isə "Vareze"yə satıldı. Komandanın "süpürgəçi"si demişdi: "İşlər yaxşı gedəndə qəhrəman həmişə Errera olurdu. İşlər qaydasında getməyəndə isə bizi günahkar kimi göstərirdi".

Zaman keçdikcə katenaççonu təqlid edənlərin sayı artdı və beləcə, sistemin problemləri də daha bariz şəkildə ortaya çıxdı. Rappanın kəşf etdiyi, yarımmüdafiənin basqınla ələ keçirilməsinə dair problem həllini tapmadı. "Tornante" bu problemin təsirini azalda bilirdi, amma bu baş verərkən komandanın hücum gücü də azalırdı.

Maradey: "İnter" bu problemin öhdəsindən gələ bilmişdi. Çünki geniş zonalarda Jair və Korso kimi istedadlı oyunçuları var idii. Həmçinin Suares kimi, "uzun top" ustasına sahib idilər. Amma bir çox komanda üçün bu məsələ əsl problemə çevrilmişdi. Nəticədə cinah-beklərini libero kimi istifadə etmək əvəzinə, iç-forvardlardan libero yaratdılar. Bu sayədə komandalar topu ələ keçirəndə ondan yarımmüdafiədə əlavə pas opsiyası kimi istifadə edə bilirdilər. Bu, katenaççonun təkamül nəticəsində "il gioco all'Italiana" (italyan oyunu) adlandırdığımız şeyə çevrilməsi idi".
 


Mənəvi cəhətdən çökən və özünəinamını itirən "İnter" 1967-68 mövsümündə çempion "Milan"dan 13 xal geri qalaraq beşinci oldu. Yekunda Errera "Roma"ya keçdi. Katenaçço "La grande Inter"lə birlikdə ölməsə də, onun yenilməzliyinə dair miflər bitdi. "Seltik" hücum futbolunun gələcək vəd etdiyini sübuta yetirdi və buna görə onlara minnətdar olan tək adam Şenkli deyildi. (SON)



Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR