Katenaççonun tarixi:

Katenaççonun tarixi: "Volqa sıxacı" (II hissə)

Boris Arkadyevin mütəşəkkil nizamsızlığı nəticəsində müdafiə taktikalarının yenidən gözdən keçirildiyini nəzərə alsaq, bir neçə il sonra Rusiyada bənzər bir sistemin müstəqil şəkildə ortaya çıxmasının o qədər də təəccüblü olmadığını deyə bilərik. Sovet Hava Qüvvələrinin dəstəklədiyi "Krılya Sovetov" klubunun əsası 1942-ci ildə Kuybışevdə (şəhər indi Samara adlanır - R.M.) qoyulmuşdu. Komanda 1945-ci ildə Yüksək liqaya vəsiqə qazanmışdı. Sözügedən klub qısa müddət ərzində müdafiə futbolu ilə, xüsusilə də "Volqa sıxacı" adlanan taktiki sistemlə nam salmışdı. Bu, "verrou" qədər dəyişkən sistem deyildi və 2-3-5-in yox, daha çox W-M-in in inkişaf etmiş versiyası idi. Amma təməl prinsip eyni idi: haf-beklərdən biri geri düşürdü və bu sayədə müdafiəyəmeyilli mərkəz-hafın kənar-beklərin arxasını "süpürməsi"nə imkan yaranırdı.
 


Bu taktikanın memarı "Krılya"nın məşqçisi Aleksandr Kuzmiç Abramov idi. Samara təmsilçisinin sabiq kapitanı Viktor Karpov onun haqda danışarkən deyirdi:

"Bəzi insanlar mat qalmışdılar, çünki o, professional futbol adamı deyildi. Gimnastikadan futbola gəlmişdi. Bəlkə də, buna görə futbol doqmaları ona təsir etmirdi. Demək olar ki, hər mövzu ilə bağlı öz fikirləri var idi. Abramov gimnastik məşğələlərə böyük önəm verirdi. Koordinasiyamızı artırmaq üçün məşqlərdə onlardan istifadə edirdi. Bəzən bir saat ərzində topa toxunmurduq. Bununla belə, məşq metodları sayəsində bacarıqlarımızı artırırdıq. Kuzmiç bizi meydanda düşünməyə vadar edirdi. Hər oyundan qabaq komandanı bir araya yığırdı və oyun planını birlikdə müzakirə edirdik. Bildiyim qədəri ilə digər məşqçilər bunu etmirdilər.

Necə oynayacağımız rəqiblərimizdən birbaşa asılı idi. Məsələn, Trofimov, Kartsev, Beskov, Solovyev, İlyin kimi oyunçulardan ibarət hücum xəttinə malik "Dinamo"ya qarşı oynayırdıqsa, təbii ki, "ulduz beşliy"i dayandırmaq üçün münasib həll yolu tapmalı idik. O vaxtlar komandaların əksəriyyəti üç müdafiəçi ilə oynayırdı, amma bizim haf-beklərimiz arxa xəttə çox kömək edirdilər. Söhbət mən və Nikolay Pozdyanakovdan gedir.

Əslində, birə-bir oynamırdıq. Dəyişkən oynamağa çalışırdıq və sistem hər oyunçunun hərəkət dairəsinin geniş olmasını dəstəkləyirdi. Bəzən əvəzedici oyunçularımızdan biri oyuna daxil olduqdan sonra tutduğu rəqibin arxasınca düşüb, meydan boyu onu təqib edərdi. Rəqib futbolçu su içmək üçün kənara çıxsa belə, "xam" komanda yoldaşımız ondan əl çəkməz, o da meydanı tərk edərdi. Belə futbolçulara gülərdik. Çünki bizə - əsas oyunçulara şərtlərə görə hərəkət etməyi öyrətmişdilər".
 


Nikolay Starostinin üçüncü bek kimi qardaşını oynatmasına qarşı çıxanlar olmuşdu. Bu səfər isə Abramovun yeniliyini qəbul etməyən və bunu rus futboluna qarşı edilmiş xəyanət kimi qiymətləndirənlər var idi. Müəyyən müddət sonra sistem "zəifin haqqı" kimi qəbul olundu. Bu barədə Lev Filatov kitabında yazırdı. Abramovun rəhbərliyi altında çıxış etmiş, komandanın kapitanlarından olan hücumçu Viktor Voroşilov sistemə qarşı çıxanları sərt şəkildə tənqid edirdi:

"Deyək ki, TSDKA-ya qarşı oynayırıq. Onların hücumda Qrinin, Nikolayev, Fedotov, Bobrov və Doymin kimi oyunçuları var. TSDKA-ya qarşı açıq oynamaq nə qədər məntiqlidi? Bu səbəbdən də belə matçlarda öz qapımıza daha yaxın oynayırdıq. Bir dəfə Moskva "Dinamo"su ilə görüşdə azacıq açıq oynamağa çalışdıq. Məşqçiləri Mixail Yakuşin ağıl oyunları ilə bizi məhv etdi və 0:5 hesabı ilə məğlub olduq.

Rəqiblərin oyununu pozmağa hesablanan "Volqa sıxacı"nın uğurunu danmaq olmazdı. "Krılya" 1946-cı ildə keçirdiyi 22 oyunun cəmi üçündə qələbə qazanmış və çempionatı 12 komanda arasında 10-cu sırada bitirmişdi. 1947-ci ildə isə "Sovetov" 13 komanda arasında 7-ci olmaqla yanaşı, Moskva "Dinamo"su üzərində qələbə qazanmaqla diqqətləri üzərinə çəkməyi bacardı. Sözügedən rəqibi bir il sonra yenidən məğlub edən "Krılya" 1949-cu ildə isə TSDKA-nı həm evdə, həm də səfərdə 1:0 hesabı ilə üstələdi. Filatov yazırdı:

"Onların məşhur rəqibləri futbol oynamağa çalışırdılar. Pas kombinasiyalarından istifadə edirdilər, künc zərbəsi qazanırdılar, tez-tez cərimə zərbələrini yerinə yetirirdilər, amma hər dəfə əliboş qayıdır, top isə ya havaya uçur, ya da meydanın kənarındakı qaçış zolağına tərəf göndərilirdi. Bir müddət sonra rəqiblər ruhdan düşürdülər, çünki hər dəfə başlarını "divar"a çırpdıqlarını anlamağa başlayırdılar".
 


Bununla belə, hələ də "sıxac" özlüyündə proaktiv strategiya hesab olunmur, əksinə, balaca komandaların güclü kollektivlərlə oyunlarda istifadə etdiyi taktiki gediş kimi qiymətləndirilirdi. 1951-ci ildə çempionatı 4-cü sırada bitirən "Krılya" iki il sonra isə Sovet Kubokunda finala çıxmağı bacardı. Karpov 1954-cü ildə Budapeştdə oynanılan və SSRİ B yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşan matçda Dyula Siladyiyə qarşı birə-bir oynadığını da xatırlayır, amma sistem böyük ölçüdə "Krılya" ilə məhdudlaşdı. "Sıxac" məşhurlaşmaq üçün İtaliyaya addım atmalı idi. (ardı var)
 


Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR