Katenaççonun tarixi: Zəif komandaların güclülərə qarşı mübarizə vasitəsi (I hissə)

Katenaççonun tarixi: Zəif komandaların güclülərə qarşı mübarizə vasitəsi (I hissə)

Katenaçço, yəqin ki, ən pis reputasiyaya malik taktiki sistemdi. Bir çox generasiyaya görə, bu söz - "evlərin qapısına taxılan zəncir" mənasını verir - İtaliya futbolunun ən paranoid, neqativ və qəddar halını özündə ehtiva edir. Britaniyada katenaççonun ünvanına tənqidlər bitmək bilmirdi. Hətta 1967-ci ildə Avropa Kubokunun finalında "Seltik" bu oyun tərzinin əsas təmsilçisi - Elenio Erreranın "İnter"ini məğlub edəndə "Liverpul"un baş məşqçisi Bill Şenkli Şotlandiya klubunun çalışdırıcısı Cok Steyni təbrik etmiş və bu qələbə sayəsində onun adının tarixdə əbədi olaraq qalacağını demişdi. Sonradan Şenklinin "Seltik"in iki məşqçisinə oyun ərzində Erreranı təhqir etmələrinə dair təlimat verdiyi ortaya çıxmışdı. Oyundan sonra Billin təkidi ilə onların banket yeməyində iştirak etdikləri də iddia olunur. Errera yanlış anlaşıldığını düşünürdü. İllər əvvəl digərlərinin Herbert Çepmenin sistemini təqlid etməsi kimi, katenaççonu da təkrarlamaq istəyənlər çox idi. Erreraya görə, onlar bu sistemi tətbiq edərkən uğursuz nümunələr ortaya çıxmış və bu sayədə katenaçço cəmiyyət arasında neqativ reputasiya qazanmışdı. Bu, müzakirəyə açıq mövzudu.

Hekayəmizin başlanğıc nöqtəsi İsveçrədi. Karl Rappan 1905-ci ildə Vyanada dünyaya gəlib. Forvard və hücumameyilli yarımmüdafiəçi olan Rappanın professional futbolçu karyerası Vyana futbolunun qızıl dönəmi hesab olunan 1920-ci illərin ikinci hissəsinə təsadüf edir. O, "Kofe haus" cəmiyyətinin üzvləri ilə çox yaxın idi. Sonralar özü də bir müddət bu işlə məşğul olacaqdı. Onun Cenevrədə "Cafe de la Bourse" adlı kafesi var idi. Avstriya millisinə çağrılan Rappan 1930-cu ildə "Rapid"in heyətində ölkə çempionatının qalibi olub. Ardınca İsveçrəyə köçən Karl burada "Servett" klubunda oyunçu-məşqçi kimi çalışmağa başlayıb.
 


Onun oyunçuları yarı-peşəkar idilər. İsveçrə idman jurnalistikasının ağsaqqallarından olan Valter Lutsun dediyinə görə, futbolçularının fiziki olaraq professional futbolçularla rəqabətə girə bilməyəcəyini dərk edən Rappan başqa üsulların axtarışına çıxmışdı. Rappan DÇ-1962-dən əvvəl "World Soccer" jurnalına verdiyi müsahibəsində demişdi:

"İsveçrə üçün taktika önəmli rol oynayır. İsveçrəlilər dünyaya futbolçu kimi gəlmirlər, amma onlar məsələlərə sağlam düşüncə ilə yanaşa bilirlər. İrəlini düşünmək, gələcəyi hesablamaq kimi mövzularda onları inandırmaq olur.

Komanda seçərkən iki şeydən birinə üstünlük verməli olursan. Ya əlinizdə həqiqi klasa sahib və rəqiblərini istedadı ilə məyus edəcək oyunçular olur - nümunə olaraq Braziliyanı göstərə bilərik -, ya da müəyyən konsepsiyaya, plana uyğunlaşdırmalı olduğunuz 11 orta səviyyəli futbolçuya sahib olursunuz. Bu planın məqsədi - hər bir fərddən komandanın mənfəəti üçün maksimum faydalanmaqdan ibarətdi. Çətin olan isə oyunçuların düşünmə və hərəkət sərbəstliklərini əllərindən almadan onları müəyyən taktiki intizama vadar etməkdi".
 


Onun irəli sürdüyü həll yolu, yəni isveçrəli jurnalistlərdən biri tərəfindən "verrou" ("sürgü" deməkdi - red.) adlandırılan sistem, Çepmen W-M-i ortaya atdıqdan sonra belə, Vyanada standart düzülüş olaraq qalmış, köhnə 2-3-5-in inkişaf etmiş versiyası hesab olunurdu. Mərkəz-hafın iki kənar-bekin arasına girdiyi W-M-dən fərqli olaraq, bu düzülüşdə qanad-haflar kənar-beklərə kömək etmək üçün cinahlar boyu geri düşürdülər. Təbii ki, qanad-hafların hücum funksiyaları yerində qalırdı, amma onların əsas funskiyası rəqib vinqerlərlə mübarizə aparmaqdan ibarət idi. Belə olan halda, kənar-bekləri yanaşı oynayan mərkəz müdafiəçilərinə çevrilirdilər. Oyunun gedişində rəqib öz sağ cinahından hücum edəndə bu ikilidən solda olanı topa doğru hərəkətlənir, digər isə geridə qalıb onu sığortalamağa çalışırdı. Hücum digər cinahdan olanda isə tərsi baş verirdi. Nəzəriyyəyə görə, geridə həmişə bir əlavə adam olurdu. Həmin dövrdə İsveçrə mətbuatı bu əlavə oyunçunu "verouller" adlandırırdı. Sonradan isə daha çox "libero" sözündən istifadə ediləcəkdi.

Sistemin əsas qüsurlarından biri mərkəz-hafın üzərinə çox yük düşməsi idi. 4 müdafiəçi, geriyə çəkilərək oynayan iki iç-forvardın arxasında bir mərkəz-haf və üç nəfərdən ibarət hücum xətti - kağız üzərində bu düzülüş Joze Mourinyunun "Çelsi"dəki ilk iki mövsümündə tətbiq etdiyi 4-3-3-ə bənzəsə də, vinqerlərin çox irəlidə oynaması əsas fərqi ortaya çıxarırdı. Onlar saf hücumçu kimi çıxış edir, top itiriləndə geriyə kömək etmək əvəzinə, irəlidə mövqe almağa davam edirdilər. "Verrou" W-M-ə üstünlük verən komanda ilə qarşılaşanda irəli üçlü rəqibin müdafiə üçlüsü ilə, iç-forvardlar isə rəqibin qanad-hafları ilə birə-bir oynayırdılar. Belə olan halda, mərkəz-haf təkbaşına iki iç-forvardla mübarizə aparmalı olurdu. Meydanın bir hissəsində əlavə adam "yaratmaq" başqa bir hissədə bir adam azlıqda olmaq demək idi. Liberodan istifadə edən komandalar həmişə bu problemlə üzləşirdilər.

2-3-5-ə qarşı vəziyyət daha da pis idi. "Verrou"ya üstünlük verən komandanın meydanın hər iki ucunda bir oyunçusu var idi. Amma eyni zamanda, mərkəz-haf təkcə iç-forvardlarla yox, həm də rəqibin mərkəz-hafı ilə mübarizə aparmalı idi. Bu, imkansız bir şey idi. Bu səbəbdən ilk başda Rappanın komandası geridə gözləmək və mərkəzi təslim etmək niyyətində idi. Əvəzində yaxın markajla rəqibi bezdirən qatı müdafiə xətti rəqibi yan paslara məcbur edirdi. Sistem inkişaf etdikdən sonra iç-forvardlardan birinin geriyə gəlməsi nəticəsində mərkəz-hafın üzərinə düşən yük azaldı. Zaman keçdikcə əsl diqqətəlayiq dəyişiklik isə müdafiə xəttində baş verdi: iki cinah-bekindən biri (de fakto mərkəz müdafiəçiləri - red.) ortodoks "süpürgəçi" kimi digərinin arxasına düşürdü.
 


Rappan "Servett"in baş məşqçisi kimi iki dəfə, "Qrasshopper"də isə beş dəfə ölkə çempionatının qalibi oldu. Amma onun sisteminin effektivliyi daha çox İsveçrə yığma komandası ilə birlikdə qazandığı uğurlar sayəsində diqqət çəkdi. 1937-ci ildə milliyə baş məşqçi təyin olunan Rappan komandasını DÇ-1938-ə aparmalı idi. Həmin dönəmdə İsveçrə Mərkəzi Avropanın ən zəif komandalarından biri hesab olunurdu. "Ağ-qırmızılar" "Dr Gerö" kubokunda bərbad nəticə göstərmişdilər: 32 oyunda 25 məğlubiyyət, 4 qələbə və 3 bərabərlik. Bununla belə, "verrou"dan istifadə etməyə başlayan İsveçrə dünya çempionatı ərəfəsində İngiltərə ilə oynanılan hazırlıq matçında 2:1 hesabı ilə qələbə qazanmağı bacardı. Rappanın yetirmələri mundialın ilk oyununda, Avstriyanı da tərkibinə daxil etmiş Almaniyanı məğlub etdilər. İsveçrə 1/4 finalda Macarıstana 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. Lakin bu, şərəfli vida idi, çünki komanda tarixinin ən yaxşı nəticəsinə imza atmışdı. Buna baxmayaraq, həmin dövrdə hələ də kifayət qədər diqqət çəkməyən "verrou", sadəcə, zəif komandaların güclülərə mane olmaq üçün istifadə etdiyi sistem kimi qiymətləndirilirdi. (ardı var)


Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR