Kəndə əsgər gəlib...

Kəndə əsgər gəlib...
Məşhur "Tütək səsi” filmində təxminən belə bir dioloq var:

- Deyirlər kəndə əsgər gəlib...
- Nə danışırsan? Əsgər gələ, kənddə belə sakitçilik ola?

 
Azərbaycanın başkəndinə Avropanın ən güclü klublarından biri sayılan "Atletiko” gəlib. Heyətində dünyanın tanınmış futbol ulduzları var. İspaniya çempionatında "Real”a və "Barselona”ya "əlcək atan” Simionenin komandası son bir-neçə ildə Çempionlar Liqasının da favoritlərindəndi. Onlar Bakıya şou göstərməyə, yaxud da yoxlama oyunu keçirməyə gəlməyiblər. "Atletiko”nu Bakıya "Qarabağ” gətirib. Azərbaycan çempionu ilə oynayacaqları rəsmi qarşılaşma madridliləri 5 min kilometrə yaxın yol qət etməyə vadar edib. Qrupda keçirdikləri ilk iki qarşılaşmada qələbəyə həsrət qaldıqlarına görə ehtiyac duyduqları 3 xalı Bakıda qazanmağı hədəfləyiblər.

"Qarabağ”a da xal lazımdı. Azı bir xal. 3 xal qazana bilsək, daha yaxşı olar. Uduzsaq da dünyanın sonu deyil. Amma "Çelsi”, "Atletiko” və "Roma” kimi klubların yer aldığı qrupda qazanacağımız hər bir xal "Qarabağ”ın nüfuzunu daha da artıracaq, Azərbaycan çempionunun Çempionlar Liqasında təsadüfi qonaq olmadığını dünyaya sübut edəcək. "Atletiko”nun hazırkı fiziki və psixoloji durumu şanslarımızı artırır. Nə qədər mümkünsüz görünsə belə, arzusunda olduğumuz həmin o xalı qazanmağa gücümüz yetər. Ümidsiz olmayaq.
 
Madrid "Atletiko”sunun Hafiz Məmmədovun dəvəti, paytaxtımızın eyniadlı klubunun təşkilatçılığı ilə Azərbaycana gəldiyi günlər hamımızın yadındadı. "Atıetiko”nun "ulduzları”nın gəlişi əsl futbol bayramına çevrilmiş, qonaqları ölkə prezidentinin qəbuluna da aparmışdılar. Məsələnin belə böyüməyi AFFA-nın qısqanclığına səbəb olmuş, əvvəlcədən əldə edilən razılıq da pozulmuşdu. Nəticədə "Atletiko”nun qarşısına milli komandamızın əvəzinə "Bakı”nın yetirmələrini çıxarmışdılar.

Bu xoşagəlməz tarixi çox da qurdalamaq istəmirəm. Heç sözümün canı o da deyil.

Madrid "Atletiko”su yenidən Bakıdadı. Məntiqlə bu dəfəki oyunun əhəmiyyəti daha böyük ajiotaj və maraq doğurmalı, azarkeşləri həyacanlandırmalıydı. İndiki vəziyyət kəndə əsgərin gəlməsinə, amma sükut pozulmamasına bənzəyir. "Roma” ilə oyundakı obyektiv və subyektiv səbəblər üzündən yaşanan problemlər azarkeşlərin yarısının gözünü qorxudub, yarısını da küsdürüb. "Qarabağ” yenə də Respublika stadionunun tribunalarını dolduran həmin o 30-35 minlik sadiq azarkeşlərinin ümidinə qalıb.

Bilet satışının "Roma”yla oyundan fərqli ləng getməsinə, bilet almağa, stadiona getməyə həvəs göstərənlərinin sayının az olmasına səbəb məhz sentyabrın 27-də yaşananlardı. Narazı olanların küsməyə, inciməyə, öz narazılığını əsaslandırmağa yetərincə haqqı var. Bu haqqı onların əlindən heç kim ala bilməz. Amma nəzərə almaq lazımdı ki, "Roma” ilə oyun "Qarabağ”ın klub olaraq bu miqyasda ilk ciddi sınağı idi. Üstəlik, indi açıqlanmasa da, bağlı qapılar arasında klub rəhbərliyinə böyük vədlər verənlərin, sonra isə onları yerinə yetirməyib, "Qarabağ”ı meydanda tək qoyanların olduğunu da nəzərə almalıyıq.
İndi küsmək, incimək, acıq verib evdə oturmaq zamanı deyil, dostlar. Avropanın adlı-sanlı 32 klubundan biri olan, dünyanın ən nüfuzlu klub turnirində bizi təmsil edən "Qarabağ”ın bizim dəstəyimizə ehtiyacı var. Sabah havanın da, təşkilatçılığın da daha yaxşı olacağına ümid edək və "Qarabağ”a dəstək vermək üçün Bakı Olimpiya Stadionunun yolunu tutaq.

Kəndə əsgər gəlib, sükutu pozmalıyıq!

Amal ABUŞOV

Xəbər lenti