"Kəpəz" rəsmisi: "Yanlış addım olub, günahı boynumuza alırıq"

20 yanvarda "Kəpəz"in Şəhidlər Xiyabanını bütün kollektivlə deyil, cəmi 6-7 nəfərlə ziyarət etdiyini yazmışdıq. Bundan əlavə yanvarın 19-da komandanın "Turan Tovuz"la yoldaşlıq matçında 1 dəqiqəlik sükutun olmaması, futbolçuların meydana qara sarğı ilə çıxmaması da diqqətdən yayınmadı. Hər halda bütün bunlar şəhidlərə hörmətsizlik kimi qiymətləndirildi və klub rəhbərliyi tənqid "atəşi"nə tutuldu. Məsələ ilə bağlı klubdan da rəsmi mövqe bildirilib.

"Kəpəz"in mətbuat katibi Azad Mustafayev Sport7.az-a açıqlamasında baş verənlərin səbəblərini söylədi: "Kəpəz" futbol klubu olaraq hər zaman milli, mənəvi dəyərlərə, ölkəmiz üçün şanlı qəhrəmanlıq tarixi olan təqvim günlərinə ciddi önəm vermişik. Düzdü, ayın 19-da keçirilən yoldaşlıq matçında unutqanlıq səbəbindən 1 dəqiqəlik sükut və qara sarğı olmayıb. Buna görə də bütün futbol ictimaiyyətindən, şəhidlərimizdən üzrhaxlıq edirik. Yanlış addım olub, etiraz etmirik, günahı boynumuza alırıq.

O ki, qaldı ziyarətə, 20 yanvar, Xocalı, 31 mart soyqırımları ilə bağlı "Kəpəz" futbol klubu bütün ümumşəhər tədbirlərində, yaxud fərdi olaraq, şəhərdən əlavə də ziyarətlər etmişik. Sonuncu təsbirə gəlincə, bir gün əvvəl yoxlama matçı keçirmişdik. Təlim-məşq toplanışının birinci mərhələsinin son günü idi. Ondan sonra bütün futbolçular istirahətə buraxılmışdı. Gəlmə oyunçularımız və məşqçilərimiz, həm Yaşar Vahabzadə, həm Nadir Şükürov hamısı Bakıya çıxıb getmişdi. Klubun əməkdaşları, aşağı yaş qrupu üzrə komandanı məşqçiləri və digər rəsmilər ayrı-ayrılıqda həmin tədbirdə olub. Gəncə böyük şəhərdi, həmin tədbirdə minlərlə əhalisi iştirak edib. Sıxlıq olduğuna görə bəzi məşqçilər ziyarət edib, sonra çıxıb getmişdilər deyə şəkillərdə yox idilər. Heç də göründüyü kimi, yəni 5-6 nəfərlə ziyarətə gedilməyib. 

Aşağı yaş qruplarının üzvləri niyə aparılmayıb? Həmin gün olduqca şaxtalı hava var idi. Ona görə də uşaqları aparıb orada gözlətmək havaya uyğun deyildi. Çünki bilirsiz ki, tədbir uzun çəkir. Bu üzdən uşaqları aparmadıq. Amma daim "Kəpəz" futbol klubu olaraq, adi günlərdə belə uşaqların ora ziyarətini təşkil etmişik. Yaxud uşaqlarla bu haqda mənəvi, tərbiyələndirici, vətənpərvərlik söhbətləri aparılıb. Aşaı yaş qruplarının məşqlərindən bir gün əvvəl və sonra, rəhbərliyin göstərişlərinə əsasən məşqçilər tərəfindən uşaqlarla tərbiyələndirici, ruhlandırıcı xarakterli söhbətlər aparılıb. 20 yanvarla bağlı onlara geniş, əhatəli məlumatlar verilib".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR