“Kəpəz” üçün duyğu sömürüsü

“Kəpəz” üçün duyğu sömürüsü
Üzrlü sayın. Bu kəlmənin Azərbaycan türkcəsində tam qarşılığını tapa bilmədim. Ona görə də Anadolu türklərinin lüğətinə baş vurdum. "Duyğu sömürüsü”nün izahı isə isə hər hansı bir işə görə qarşıdakı insanın vicdanı ilə oynamaq hadisəsidir. Ola bilsin ki, biz bunu "hisslərlə oynamaq” kimi ifadə edirik. Amma "duyğu sömürüsü” mənim indi toxunmaq istədiyim mövzunun tam izahatını verir.

Bəli, artıq başlıqdan da anlamısız ki, "Kəpəz”dən bəhs edəcəyəm. Daha doğrusu Premyer Liqanın sonuncusu olduğu üçün elitanı tərk etməsi gərəkən "Kəpəz”ə görə qarşılaşdığımız duyğu sömürüsündən. Hazırda hamımızın hissləri ilə oynayırlar. Bir qrup işbaz, Gəncə futbolunun faciələri üzərindən özlərinə xoşbəxtlik quranlar bizim hisslərimizlə oynayır, vicdanımızı terror edirlər. "Kəpəz” ötən mövsüm Premyer Liqada mübarizəyə başlayarkən bu Əsasnaməni qəbul etmişdi, orda yazılan şərtlər daxilində mübarizəyə atılmışdı. Deməli, indi də həmin Əsasnamənin tələbinə uyğun olaraq, elitadan getməli, gələn mövsüm aşağı divizionda mübarizə aparmalıdı. Aparmalıdı ki, səhvlərindən nəticə çıxarsın, Premyer Liqaya öz gücüylə, digər rəqiblərini üstələyərək yüksəlsin.

"Kəpəz”in Premyer Liqada sonuncu olması rəsmiləşən kimi Gəncə şəhər stadionun ətrafını tikinti meydançasına çeviriblər. Əllərinə fırça, çəkic, mişar, balta alıblar, texnikanı cəlb ediblər. Və stadiondakı bazanın kosmetik təmiri ilə məşğuldular. Demək istəyirlər ki, Gəncədə "Kəpəz”ə qayğı var, problemləri həll edəcəklər. Bundan sonra da "Kəpəz” elitada doğma şəhəri layiqincə, onun adına layiq təmsil edəcək.
 
İnanan daşa dönsün!


Bazanı təmir etməyə gücünüz, pulunuz və həvəsiniz var idisə, bunun üçün niyə "Kəpəz”in elitadan düşməsinin rəsmiləşməsini gözləyirdiz? Kim təminat verir ki, AFFA-nın İcraiyyə Komitəsi növbəti dəfə öz yazdığını geri oxusa və "Kəpəz”i Premyer Liqada saxlamağa qərar versə, həmin təmir işləri də yarımçıq qalmayacaq?!

Nəymiş ki, əfəndim, Gəncədə futbolu sevirmişlər və ordakı oyunlarda tribunalara minlərlə azarkeş gəlirmiş. Bəli, gəncəlilər futbolu, "Kəpəz”i sevirlər, futboldan anlayırlar, istidə-soyuqda tribunaya gəlirlər. Amma siz onlardan soruşmusuzmu ki, həmin azarkeşlərin belə yarımcan, turnir cədvəlinin zirzəmisində gün keçirən "Kəpəz”ə ehtiyacı var, ya yox?! Siz azarkeşi düşünən, onlara qiymət verən olsaydız, üç il ərzindən onlar üçün stadionda bir normal ayaqyolu tikərdiz. Cibinin son qəpiyindən keçib bilet alan sadə azarkeşlər təbii ehtiyaclarını ödəmək üçün üfunət iyi verən, üstüaçıq tualetlərə və ağac diblərinə qaçmazdılar.

Dünyanın heç bir yerində azarkeşinə görə komandanı çempionata buraxıb, orda sonuncu olanda da başına sığal çəkmirlər. Ona qalsa, İngiltərədə tarixi 100 ildən çox olan futbol klubları var. Aşağı divizionlarda, hətta Həvəskarlar Liqasında oynayırlar. Amma azarkeşləri onlardan üz döndərməyib, tarixi unutmayıblar. Gücləri və pulları çatan səviyyədə oynayırlar, mübarizə aparırlar, komandanı yaşadırlar.
 
Bu yaxınlarda "Dənizlispor”un bir azarkeşi stadiona girişinə qadağa qoyulduğu üçün "xoruzlar”ın oyununu qaldırıcı kranın üstündən izləyirdi. İndi nə olsun, həmin "Dənizlispor”u birbaşa Super Liqaya gətirsinlər?

Azarkeşləri əlinizdə bayraq edib, duyğularımızı sömürməyin, vicdanımızla oynamayın. Bizə hörmət edən deyilsiz, "Kəpəz”ə hörmət edin. Ayıbdı!

Amal ABUŞOV

Xəbər lenti