“Kəpəz”in mühasibini AFFA Bakıya çağırdı - FOTOLAR

“Kəpəz”in mühasibini AFFA Bakıya çağırdı - FOTOLAR
Adı "Kəpəz”dəki maliyyə pozuntularında hallanan klubun mühasibi Mənsurə Məmmədova AFFA-nın futbol akademiyasında keçirilən tədbirə gəlib.

Sport7.az xəbər verir ki, xanım maliyyəçinin bu dəfəki gəlişi seminarda iştirak etmək məqsədi daşıyır.

Belə ki, bu gün AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar keçirilib. Seminarda UEFA-nın Maliyyə Fair Play qaydaları müzakirə olunub və klub nümayəndələri 2017-ci maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.
 
Bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Xatırladaq ki, Mənsurə Məmmədova Mikayıl Nərimanoğlu "Kəpəz”dən uzaqlaşdırılandan sonra uzun müddət diqqət mərkəzinə düşmüşdü. AFFA-nın ötən il "Ən yaxşı maliyyə meneceri” seçdiyi Mənsurə xanım klubdakı yeyintilərdə əli olmaqda ittiham olunurdu. Məmmədova isə öz növbəsində "Futbol+”ə açıqlamasında bildirmişdi ki, bütün maliyyə əməliyyatlarını Nərimanoğlunun təkidli tələbə ilə yerinə yetirib. Mikayıl Nərimanoğlu isə öz növbəsində hər şeyi AFFA-nın baş katibi Elxan Məmmədovla razılaşdığına onu inandırmışdı. Görünən odu ki, audit yoxlamalarından sonra Mikayıl Nərimanoğlu cəzalandırılıb, klubdan və AFFA-dan qovulsa da, Məmmədova günahsızlığını sübut etməyi bacarıb və "Kəpəz”dəki işinə davam edir.



 


 

 

Xəbər lenti