“Kəpəz”in yeni istiqaməti – I divizion

“Kəpəz”in yeni istiqaməti – I divizion
Deyəsən, "Kəpəz”in rəhbərliyi Şahin Diniyevin məşqçilik bacarığından, sakit təbiətindən çox cuşa gəliblər. Artıq onlara elə gəlir ki, Diniyevin əlində sehirli çubuq var, işlər fırıq olanda həmun çubuğu fırladacaqlar, gəncəli azarkeşləri sevindirəcək nəticələr qazanacaqlar.

Şahin bəy necə futbolçu olub, hamımız bilirik. Millimiz dünya futbolunun səhnəsində ilk addımlarını atanda heyətində Şahin Diniyev də vardı. Legioner həyatı yaşayıb. Çətin dövrlərdə Azərbaycandan kənarda həm təcrübə, həm də pul qazanıb. Məşqçilik karyerası da xeyli enişli-yoxuşlu alınıb. Onun millinin baş məşqçisi olduğu vaxtlar Azərbaycan futbolunun, milli komandanın başı üzərindən hansı oyunlar oynandığını çox adam bilir. Diniyev sona qədər dirənməyə, ona tapşırılan işin öhdəsindən ləyaqətlə gəlməyə çalışdı. Sonda isə onun özünü intihar həddinə çatdırmışdılar. Şükürlər olsun ki, yenidən toparlandı, onu hesabdan silməyin tez olduğunu isbatlaya bildi.

Bütün bu müsbət keyfiyyətlərə baxmayaraq, Diniyevin əlində klub rəhbərliyinin düşündüyü kimi sehirli çubuq yoxdu. "Kəpəz”i təkcə onun məşqçilik bacarığı ilə ayaqda tutmaq, elitanın iddialılarından birinə çevirmək mümkün deyil. Ötən iki mövsümdəki fəaliyyəti ilə Şahin bəy gəncəli azarkeşlərin əksərinin sevgisini qazanıb. Onlar da yaxşı başa düşürdü ki, hazırkı imkanlarla bundan artığını heç Mourinyo da edə bilməzdi.

Gələn futbol ili isı "Kəpəz” və Şahin Diniyev üçün daha çətin keçəcək. Azərbaycanda çıxış etməyə başlayan kimi səviyyəsini ortaya qoyanlardan Dario Federiko və Julian Ebah artıq "Kəpəz”i tərk edib. Onlarla birlikdə Serjio Kosta və Tadas Simaitis də yola salınıb. Gedənlərin yerinin daha səviyyəlilərlə doldurulacağı isə inandırıcı deyil. Pul olsaydı, elə onları saxlamağa çalışardılar. Gəncə təmsilçisinin maddi vəziyyətinin pis olduğunu indi təkcə doğma şəhərdə yox, elə Bakıda da hamı bilir. 

Premyer Liqadakı rəqabət də "Kəpəz” üçün daha da artacaq. Ötən mövsüm 8-ci pilləni ilk turlardan özəlləşdirən AZAL elitanı tərk edib. Mövsümü 7-ci pillədə başa vuran "Neftçi”nin bu il güclənəcəyi şübhəsizdi. "Səbail”in transferləri isə onu düşünməyə əsas verir ki, debütantlar elitanı gəldikləri mövsümdəcə tərk etmək fikrində deyillər. Deməli, "Kəpəz”in bu mövsüm sonuncu pilləyə lövbər salacağı xeyli real görünür. Komandaya yeni gələn futbolçuların əksəriyyəti də elə aşağı diviziondan dəvət olunub. Deməli, bu transferlər "Kəpəz”in avrokuboklar uğrunda mübarizə aparmasına yox, komandanın yavaş-yavaş aşağı dəstə təmsilçisinə çevrilməsinə hesablanıb. 

"Kəpəz” artıq indidən diviziona doğru istiqamətlənib. Zamanında "həyacan təbili” çalınmasa, daha güclü futbolçular heyətə qatılmasa, gəncəli futbolsevərlərin zirvə kimi baxdıqları komandanın aşağıya yuvarlanmasını əngəlləmək mümkün olmayacaq!

Amal ABUŞOV



Xəbər lenti