"Kəpəz"in "ziyarəti"...

20 yanvarla əlaqədar Azərbaycan klubları Şəhidlər Xiyabanına getməklə yanaşı, məşqlərdə və oyunlarda da şəhidlərimizi yad etdi. Hətta Türkiyədə olan klublarımızın üzvlərinin matəm günü ilə əlaqədar Bakıdakı Şəhidlər Xiyabanına baş çəkməsi mümkün olmasa da, mənəvi cəhətdən, ən azı oyunlar və məşqlər zamanı 1 dəqiqəlik sükutla borclarını ödəmiş oldular. Klubların Bakıdakı rəsmiləri isə hamılıqla, hətta akademiyada futbol təhsili alan uşaqları da cəlb etməklə şəhidlərimizin məzarlarına baş çəkib onları yad etdilər. 

Ancaq yanvarın 19-da, Gəncədə baş tutan "Kəpəz" - "Turan Tovuz" qarşılaşmasında bunların heç birini görmədik. Komandaların meydana qara sarğı ilə çıxmaması bir kənara, heç oyunda 1 dəqiqəlik sükut da olmadı. Əlbəttə, matç Gəncədə keçirildiyindən təşəbbüskar kimi "Kəpəz" önə çıxmalı, tələb irəli sürməli idi. Ancaq heç biri olmadı, sadəcə, heç nə baş verməyibmiş kimi komandalar meydana çıxdılar, oynadılar və getdilər. Başqaları nəinki oyunlara, hətta məşqlərə belə 1 dəqiqəlik sükutla başladığı halda şəhidlərimiz "Kəpəz"in heç yadına da düşmədi. Bu da bir yana...

"Kəpəz" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib. Amma necə? Cəmi 6-7 nəfərlə. Hər halda klubun rəsmi sosial media hesabında yayımlanan şəkillərə baxanda bunu aydın görmək olur. "Kəpəz"in "çiçəyi burnunda" icraçı-direktoru İlqar Nadiri 5-6 nəfəri başına toplayıb şəhidlərimizi yad etməyə gedib. Adı da olub ki, "Kəpəz" Şəhidlər Xiyabanını ziyarət etdi". Axı "Kəpəz" deyil bu, sadəcə klubun bir neçə üzvüdü. Bəs hanı baş məşqçi Yaşar Vahabzadə? Hardadı adlı-sanlı kurator İsgəndər Cavadov? Niyə klubun nəzdindəki komandalar da şəhidləri rəhbərliklə birlikdə ziyarət etməyib? Əlbəttə, bunu rəhbərlik tələb etməli idi. Rəhbərlik deyəndə, yəni hazırda klubun ən fəal rəsmisi kimi görünən İlqar bəy. Ola bilər bəlkə də klub üzvlərindən kimlərsə ayrı-ayrılıqda şəhidləri ziyarət edib. Məsələn, gördüyümüz qədərilə "Kəpəz"in azarkeşlərlə əlaqələndiricisi, eyni zamanda şəhid qardaşı olan Elmar Əliyev hər il olduğu kimi, bu dəfə də xiyabanı ziyarət edib. Tək də olsa borcundan çıxıb. Ancaq klubun bütün rəsmilərini bir yerə toplayıb, hətta çağırış edərək azarkeşləri də komanda ilə birlikdə Şəhidlər Xiyabanına aparmaq o qədər çətin idi? Görünən odu ki, ölkənin barmaqla sayılacaq qədər köklü-köməcli klublarından biri yiyəsizdi. Rəhbərliyin "kollektivlik" anlayışı isə cəmi 6-7 nəfərdən ibarətdi. Heç Nadiri də icraçı-direktoru olduğu kluba nəzarət etmir. Sadəcə, bu ziyarət "gözdən pərdə asmaq" üçün idi ki, dillərə düşməsinlər. Yoxsa, "Kəpəz" hərləyən var? Ayda-ildə bir dəfə məşqlərə baxıb, futbolçuları başına toplayıb söhbət etməklə deyil ki. Bunu biabrçılıq adlandırmaq olar ya yox, demək çətindi. Ancaq dəqiq olan odu ki, xoş sözlər söyləmək də mümkün deyil...

Əslində bu "ziyarət" çox suallar ortaya çıxardı, klubda kollektivlik, mənəvi dəyərlər anlayışının nə dərəcədə olduğunu bir daha göstərdi. Maraqlısı odu ki, öz dəyərləri bir kənara, ölkənin milli dəyərlərinə, şəhidlərin ruhuna hörmətsizlik edən bu klub Azərbaycan Premyer Liqasında yer almaq niyyətindədi. Axı, bu "Kəpəz", o "Kəpəz" deyil...
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR