"Keşlə"dən etiraf: "Mehdiyev belə deyəndən sonra buna ehtiyac duymadıq"

"Keşlə"nin başına gülməli hadisə gəlib. 

Yəqin ki, mətbuatı diqqətlə izləyənlər söhbətin nədən getdiyini anladı. Bəli, söhbət komandanın baş məşqçisi Tərlan Əhmədovun qış fasiləsində bəh-bəhlə transfer etdiyi və Antalyaya apardığı Emin Mehdiyevdən gedir. Məsələ burasındadı ki, Peşəkar Futbol Liqası Mehdiyevin rəsmi oyunda meydana çıxmasına icazə verməyib. Çünki bir futbolçu eyni mövsüm ərzində üç klubun formasını geyə bilməz. Emin Mehdiyev isə mövsümə "Qaradağ Lökbatan”da başlayıb, ardından Türkiyənin BAL Liqasına yollanıb və orda da meydana çıxıb. Daha sonra "Keşlə"yə gəlib və oynamaq istəyib... Lakin nə onun, nə də bakılıların bu arzusu gerçəkləşib. Təbii ki, ilk növbədə bu məsələdə klub günahkardı. Yaxşı, deyək ki, "Keşlə"nin başında dayananların böyük futboldan anlayışı yoxdu, qaydalardan xəbərsizdilər. Bəs baş məşqçi Tərlan Əhmədov hara baxırdı? Ömür boyu futbol oynamış Əhmədovun da belə qaydalardan xəbərsiz olduğunu yazsaq, ona gülməzlərmi? Belə çıxır ki, Tərlan bəy komandasına götürdüyü futbolçunu son vaxtlar heç izləməyib. Sadəcə kimsə təklif edib, o da inanıb və transfer edib.

Bunun necə baş verdiyini öyrənməyə çalışdıq və kluba yaxın mənbələrdən Mehdiyevin hansı şəkildə transfer edildiyini, günahkarın kimliyini, o cümlədən futbolçunun sonrakı aqibətinin necə olacağını öyrəndik. Hər halda klubdan Sport7.az-a verilən məlumatda məsələ belə izah edildi: "Keşlə"yə dəvət edilməmişdən öncə özündən bu haqda soruşduq. Bildirdi ki, "Qaradağ Lökbatan"da oyanyıb və mövsümün sonunda ayrılaraq BAL liqasına gedib. Ona görə də Emini götürdük. Sonradan məlum oldu ki, bir neçə tur oynayıb. Əslində yoxlamalı idik, amma özü belə deyəndən sonra ehtiyac duymadıq. Onu qeydiyyata salıb yalnız məşq etdirməklə kifayətlənmirik. Futbolsuz, daha doğrusu oyunsuz qalmasını istəmirik. Biz onu "Qaradağ Lökbatan"a icarəyə verə bilərik. Yəqin ki, yaxın günlərdə bilinəcək. Çalışacağıq ki, o oynasın. Onsuz da onun "Qaradağ Lökbatan"la müqaviləsi mövsümün sonuna qədərdi. Biz danışmışıq ki, bu müqaviləni bir müddət də uzadaq. Çünki vəziyyət belədi ki, o oynamalıdı. Hər halda mövsümün sonunda bilinəcək. Xeyr, burda heç bir aldatmaqdan söhbət gedə bilməz. Sadəcə, anlaşılmazlıq, diqqətsizlik olub. Ona görə də belə alınıb".

Sport7.az

Xəbər lenti