"Kiminsə haqqına girməmişəm" - MÜSAHİBƏ

Bu il "Qarabağ"ın azad azarkeş qrupu "Ladies of "Qarabag” FC”-un 5 yaşı tamam olur.
 
Fan-klubun yaradıcılarından və hazırda rəhbəri olan jurnalist Vasif Acalov Sport7.az-a müsahibəsində geridə qalan 5 ildə görülən işlər və bir sıra maraqlı məqamlardan bəhs edib:
 


- Jurnalist və fan-klub yaratmaq...
- Biz Qarabağ adına xidmət edək könüllülərik. Oğlan, qız fərq eləmir. Ətrafımda olan dostlarımla çalışırıq Qarabağ həqiqətlərini dünyaya çatdıraq. Məqsədim bu olub. Vətənpərvər mövzular, milli qəhrəmananlarımız, onlarla bağlı təbliğat işlərini aparmağa çalışıram. Ancaq Qarabağ həqiqətləri ilə bağlı biz media və sosial şəbəkədə bir zamanlar uduzurduq. Çünki müasir dövrdə müharibənin tək silahla aparılmadığını hər kəs bilir. Futbolu milyonlarca insan izlədiyi üçün, təbliğat baxımından yaxşıdır. Məqsəd o oldu ki, Qarabağ həqiqətlərini futbol vasitəsi ilə dünyaya çatdıraq. 
 


2014-cü ilin sentyabr ayı idi. Günay xanım (Yelmarqızı) öz rəfiqələrini, tanışlarını futbol matçlarına aparırdı. Ona yaxınlaşdım, dedim ki, fan-klub yaradaq. O da dedi ki, bəs mənim də fikrim var. Ancaq öhdəsindən gələ bilə bilərikmi? Dedim, siz olan yerdə təbii ki, öhdəsindən gələrik. Razılaşdıq. "Facebook"da bir səhifə yaratdıq və öz profilimizdə paylaşdıq. Həmin gün başımız işə qarışdı. Axşam baxanda artıq səhifənin 700-ə yaxın izləyicisi vardı. Fan-klubu yaratdıq və gördük maraq var. Düzdü, bəzi saytları çıxmaq şərti ilə, sonradan media tərəfindən mütəmadi maraq olmadı. Yəni, dəstək sona kimi gəlmədi.. 

- Bəs niyə sırf xanımlarlar? 
- Fikir vermisinizsə, rejissor tribunada xanım görəndə, xüsusilə onu çəkib göstərir. Onun çılğınlığını, adi baxışını, açdığı pankartı, dediyi şuarı ön plana çəkilir. Çünki stadiona bəylər qədər xanımlar gəlmir. Dünyanın hər yerində belədir. Və əgər rejissor onu çəkib dünyaya göstərirsə və həmin anda bu görüntünü milyonlarla insan izləyirsə, bundan yaxşı mənada öz xeyrimizə istifadə etməliyik. Bu həm Qarabağ adını daşıyan kluba dəstək idi, həm də Qarabağ həqiqətlərini dünyaya çatdırmaq idi. İstər-istəməz xanımın geyimində "Qarabağ" sözünü görən insan internetdə "Qarabağ"la bağlı maraqlanır. Və artıq "Qarabağ" klubu ilə yanaşı Qarabağla bağlı yazılara da rast gəlir. Bir irlandın, ingilisin, almanın Qarabağdan xəbəri yoxdursa, internetdə axtarış verəndə klubla yanaşı Qarabağla bağlı məlumatlar da çıxır önünə. Və məqsəd torpaqlarımızı işğal altında saxlayan, insanlarımız öldürən erməni əclafların etdiklərini dünyaya ifşa etmək idi. 

Futbola getmək istəyən xanımların çətinliyi vardı. Düzəldiyini düşünürük, ancaq hələ də istədiyimiz səviyyədə deyil. Bəylərlə gedə bilməyən xanımlar üçün ayrılmış sektorumuz var. Əsasən də çalışırıq ki, azyaşlı övladlarını gətirsinlər. Oyunu izləyən uşaq anasından "Qarabağ" haqda soruşanda ona məlumat verilir ki, Qarabağ düşməndədi, bu komandan oranı təmsil edir. Və beləcə öz bildiklərini başlayırlar uşaqlara aşılamağa. Bu yolla gələcək nəsilə məlumat ötürülmüş olur. Əslində bu fan-klubunun mənası, dəyəri böyükdü. Məqsəd tribunada "Qarabağ" deyib, qışqırmaq deyil, dünyaya, bilməyənlərə əslində Qarabağ hadisələri necə olub, başımıza hansı oyunlar açılıb, insalara nələr edilib, bunu çatdırmaqdı. 
 


- Özünüz də Qarabağlısınız?
- Özüm əslən Borçalıdanam, Qarapapaq türküyəm. Xalq qəhrəmanı olan Emin bəy Acalovun nəslindənəm. Ermənilərin bir nömrəi düşməni olan tayfadanam. 

- Siyasi tərəfini anladım, bəs özünüz "Qarabağ" klubunun azarkeşisiniz?
- Mən Azərbaycanı təmsil edən bütün klubların azarkeşiyəm. Avropa səhnəsinə çıxıb, gücünü göstərən bütün klublarımızın dəstəkçisiyəm. Fərq eləmir "Keşlə" olsun, "Qəbələ" olsun, "Neftçi" olsun. Amma Qarabağ adını daşıdığına görə bu kluba daha həssas yanaşıram, daha çox bağlıyam. Digər klublara nisbətən rəğbətim, sevgim var. İki  komanda oynasa, "Qarabağ"ın udmasını, Avropaya bu komandanın getməsini istəyərəm. Fanat deyiləm, dəstəkçisiyəm. Ancaq azarkeşlərlə münasibətim var, onlarla birgə çempionat oyunlarını da izləyirik. "Forza Neftçi" ilə də, "İmarət"lə dostluq əlaqələrimiz var. Amma "İmarət"in uşaqları mənə bir köynək daha yaxındı. Orada mənim dostlarım, qardaşlarım var. 

- Azarkeş olan jurnalist nə dərəcədə obyektiv ola bilər?
- Əgər mən oyuna idman jurnalisti kimi getmişəmsə, nə görürəmsə onu yazaram. Və ya efirdəyəmsə, kim nə səhv edibsə, onu deyərəm. Bu mənim işimdi. Vicdanımla yanaşmalıyam. Məni tanıyanlar da bilirlər ki, illər ərzində kiminsə haqqına girməmişəm, girmərəm də. Dünyanın hər yerində belə bir şey var. Jurnalist də bir insandı. Nəyisə sevib, nəyisə sevməyə bilər. Bu insana xas cəhətlərdi. Amma iş sahəsinə gələndə... Məsələn, "Neftçi"yə haqsızlıq olursa, haqq etdikləri 11 metrlik cərimə zərbəsi verilmirsə, mən orda penalti yoxdu desəm, qazandığım pula hörmətsizlik, vicdansızlıq etmiş olaram. Bunu heç vaxt etmərəm. Kiminsə haqlı-haqsız olduğu məqamda tərəf tutmaram. Mənim duyğularım iş vaxtı bitdikdən sonra başlayır. Misal çəkim, hər birimizin tanıdığı Acun "Beşiktaş"ın xəbərlərini yazan jurnalist olub, ancaq özü "Fənərbaxça" azarkeşidir. Ancaq nə vaxtsa görmüsünüz Acun "Beşiktaş"ın haqqına girən nəsə yaza?! Xeyr. Peşə məsuliyyəti başqa şeydir. 

Ancaq bizdə çərçivəyə alırlar. Hamısını deyə bilmərəm. Ancaq bir çoxunun yazılarında, çıxışlarında görürük, hamı da hamını tanıyır. Özünüz də bilirsiniz ki, sadəcə danışmaqları var. Ancaq əlini daşın altına qoymaq yoxdu. Sən jurnalistsən, azarkeş ola bilməzsən. Niyə? Bu sualıma cavab versinlər... Bu tam realdı. Dünyanın hər yerində də var. Əsas odu kiminsə haqqına girib, yalan yazmırsan. Dünyanın hər yerində belədi, kiminsə içində hansısa kluba qarşı rəğbət var. Ancaq kişisənsə, vicdanın varsa, bunun ona heç bir aidiyyatı olmur. Qorxmamalısan, çəkiməməlisən. Bəli, hisslərim budu, ancaq reallığı da deməlisən. 

- Bir jurnalist olaraq ölkə futbolunun, çempionatın səviyyəsini necə qiymətləndirirsiniz?
- Maraqlı sualdı. Düzü, bir neçə aydı işlərimlə, layihələrimlə əlaqədar olaraq idman mətbuatından kənardayam. Ancaq yenə də ürəyim idmanla döyünür. 

Ölkə çempionatına gəlincə, çox istərdim bölgələrimizdə futbol inkişaf etsin. Ora sponsorlar getsin, şərait yaradılsın. Bunun üçün bəzi işlər görülür, amma çoxu nəticə vermir. Bəzilərində isə baza, stadion məsələlərində uzlaşa bilmirlər, maliyyə problemləri üzə çıxır. Hər şeyin başında pul və şərait dayanır. 

Tam razıyammı?! Xeyr... Ölkə futbolunun vəziyyəti ilə razı deyiləm. Mən də istərəm ki, 8 yox, daha çox komanda olsun. Əvvəllər olduğu kimi. Ancaq təəssüflər olsun ki, bir çox komandanın stadionu, texniki bazasası, uşaq futbolu yoxdu. AFFA-nın da öz şərtləri var onları tələb edir. Amma bəziləri o standartlara cavab verə bilmir, bəzilər verirsə, başqa məsələlər çıxır. Sistem tam olaraq oturmayıb. Digər böyük köklü komandalarımızın olmasını istəyərəm. Bu mənim sadə futbolsevər olaraq düşüncəmdi. 

Bir jurnalist olaraq isə, həqiqətləri açıq göstərmək kimi missiya düşür üzərimə. İnanıram ki, bunun da öhdəsindən gəlməyə çalışmışam. Əlimə hər fürsət düşdüyündə deməyə, göstərməyə çalışmışam. Çünki mənim kimi, bir çox insanın  8 komandalı çempionat ürəyincə deyil. Ancaq bunun da pərdəarxası məqamları, səbəbləri var, şərtlərə cavab verən klublarımız yoxdu. Olsaydı, 12, 14, 18 komanda olardı. Bir tərəfi günahlandıranda, digər tərəfini də deməlisən. Onları da göstərməliyik. 

- Gündəmdə olan mövzu millimizin oyunlarıdı. AVRO-2020-in seçmə oyunları çərçivəsində iki çətin sınaqdan keçəcəyik. Millimizin baş məşqçisi Nikola Yurçeviçində hansı nəticəni gözləyirsiniz?
- Həm futbolsevər, həm də jurnalist kimi cavab verim.

Bir balaca pafosa qapılmış olsaq, bizimkilər hətta dünya çempionu ilə oynasaqlar da, deyərəm Azərbaycan udacaq. Bu milli ruhdan yaranan fikirdi. 

Amma jurnalist kimi fikrim belərdir ki, komanda bir nəfər - məşqçinin üzərində formalaşdırmağın tərəfdarı deyiləm. Bu məşqçi yeni olduğu üçün haqqında nəsə demək tezdi. Siz sual verəndə, insan ümidsizliyə qapılmağa başlayır. 
 


- Daha çox ümidsizliyi yaradan məqam odur ki, məşqçinin kimliyindən asılı olmayaraq, meydanda olanlar elə eyni futbolçulardır...
- Məşqçilərin deyiminə inansaq, onları əvəzedəcək futbolçular yoxdu. Mən bunun tərəfdarı deyiləm. Can yandıran, tər tökən, o formanın haqqını vermək istəyən futbolçular var. 

- Ancaq nədənsə milliyə dəvət almırlar. 
- Onu məşqçi bilməlidi. Bəlkə mən azarkeş, jurnalist gözü ilə milliyə layiqdi deyirəm. Amma hər məşqçinin öz dəsti xətti, sistemi olur. Lakin fikrimcə, artıq gənclərə yer verilməlidir. Layiqli gənclərə, gəlib oynaya bilməyənlərə yox. Dünya futbolunda da belədir ki, daha çox özünü göstərən gənclər üzə çıxmalıdı. Bizdə isə uşaq futbolu lazımlı səviyyədə deyil. Olan futbolçular da ya zədələnirlər, ya zədədən sonra formaya düşə bilmirlər. Və yaş keçir, sonra da deyirlər futbolçu yoxdu. Biz dünya futbolunda tədbiq olunan sistemlə futbolçu yetişdirməliyik.  Ki bizlər də azarkeş, fan-klub olaraq yaxşı oyun görə bilək. Ancaq təəssüf ki, eyni futbolçuları görürük. Bir-iki futbolçu deyə bilərəm, niyə milliyə dəvət almır deyə. Azarkeş olaraq bu mənim əlimdə deyil. Ancaq jurnalist olaraq bu mövzuya yetəri qədər toxunmuşam. Bəzən əks cavablar gəlir, bəzən müsbət rəylər gəlir. Ancaq azarkeş olaraq, kimin oynamasından asılı olmayaraq, o üzərində bayrağımız olan formanın dəyərini bilmək lazımdı. Hər halda hazırda oynayanlar bunun dəyərini bilirlər. Gücləri hara kimi çatır, əllərindən gələni edirlər. İnşallah, ümid edək ki, Qurban Qurbanovla alınmayan heç olmasa bu məşqçidə alınsın. Biz artıq Avropa çempionatına getməliyik. Azərbaycanda güclü məşqçilər çoxdu. Amma səbrinə görə önə çıxan Qurban Qurbanovdu. Amma "Qarabağ" və milli komanda ikisi bir yerdə onu göstərdi ki, çətindi, alınmır. 

- Fan-kluba dönək. Dediniz ki, fan-klubun əsas məqsədi ölkəni təbliğ etməkdi. Qarşıdan millisi və klublarımızın avrokubok oyunları gəlir. Fan-klub olaraq gedib dəstəkləyəksiniz? 
- Bu gün digər klublarımızın oyunlarına gedən xanımların bir çoxu "Ladies of "Qarabag” FC”la tribunaya gəlmiş xanımlardı. Sonra kimisi ya forma ala bilmədiyi üçün, ya çatmadığı üçün, və ya azarkeşdən tələb etdiyimizi etmədiyi üçün küsüb ayrıldı. Vaxt vardı "Qarabağ"ın "Neftçi" ilə oyununda xanımlar bir yerdə izləyərdi, birgə fotoları vardı. Ancaq sonradan fan-klub yaratmaq istədilər. Azərbaycanda brend olan "lady" sözü ilə "Ladies of "Neftchi" yaratmaq istədilər, o da alınmadı. Adını dəyişdilər. Sonra ordakı 10-15 xanım arasında narazılıq oldu. Biz yeni yarananlara dəstək oluruq, ancaq onlar bizə qarşı rəqabətə hazırlaşırlar. Amma mən dəfələrlə müsahibəmdə bildirmişəm ki, yaranmaq istəyən, dəstək gözləyən, fan-klubla bağlı nə kömək lazımdırsa, bildiyimizi bölüşməyə hazırıq. Onlar bizə müraciət etsələr, biz əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Ancaq düzgünlük şəraitində. Yalan danışaraq, özünü reklam etmək üçün sataşmaq yaraşmaz. Çünki kim olursan ol, bir məqsəd olmalıdı - Azərbaycan adına xidmət etmək. 
 


Millinin oyununa gəlincə, Nərmin Can təşəbbüs göstərib xanımları yığıb aparırdı. Azərbaycan adına könüllü olaraq getmək istəyənlər toplanıb gedirdi. Biz də istənilən vaxt dəstək olmağa hazırıq. Çünki orada önəmli olan ölkənin adıdır. 

- Artıq 5 ildir fan-klub idarə edirsiniz. Çox vaxt xanımların futbolun qaydalarının bilmədikləri, sadəcə əyləncə, maraq xatirinə getdiklərini deyirlər.  Necə düşünürsünüz, artıq fan-klubun üzvü olan xanımlar futbolu və qaydalarını tam öyrəniblər?
- Xanım var ki, ümumiyyətlə futboldan anlayışı yoxdu, rəfiqəsinə görə gəlir. Xanım da var ki, məndən də yaxşı bilir. Az sayda da ols, bilənlər var. Ama sən bilmirsənsə, niyə gəlirsən deyə bilmərik. Gəlir görür maraqlanmağa başlayır və yavaş-yavaş öyrənməyə çalışır. Ancaq bizdə səbirsizlik edib, elə qınayırlar ki, bunlar futbolu bilmirlər, gəlirlər ancaq şəkil çəkdirməyə. Güya kim getdiyi yerdən asılı olmayaraq şəkil çəkdirmir?! Zamanla təbliğ etmək, öyrətmək lazımdı. Kəsib atsaq, ancaq bilənləri yığsaydıq, avrokuboklar zamanı 300-ə yaxın xanımı stadiona necə toplayardıq?! Elə fan-klublar var ki, 300 nəfər adam yığa bilmir. 

- Bəs "Qarabağ"dan fan-kluba dəstək varmı?
- Bizə daim klubun direktoru Əmrah Çelikel və mətbuat katibi Nurlan İbrahimov  tərəfindən jest göstərilir. Biz bu günə kimi "Qarabağ" klubundan heçnə istəməmişik. Nə bilet, nə də başqa bir şey. Könüllü olaraq formalaşmışıq, könüllü olaraq "Qarabağ" adına dəstək oluruq. Amma onlarla görüşə getdiyimiz zaman bizə bilet hədiyyə etməyi təklif etdilər. Xanımlar olduğu üçün jest etdilər. Həm də insanlarda maraq doğursun deyə. Açığı biletləri özümüz almaq istəyirdik, amma hədiyyə olan bir şeyi geri də qaytara bilməzdik. Həm də bizə sərf edirdi. Çünki hər dəfə cibdən alınır. Elə xanım var ki, imkanı çatmır, ya mən hər xanıma bilet ala bilmirdim. Ona görə bilet verilməsi bizə dəstək idi. Ancaq maddi baxımdan nə biz nəsə istəmişik, nə də onlardan bizə nəsə gəlib. Gəlsə belə, götürmək fikrimiz yoxdu. Çünki 2014-cü ildən bu vaxta kimi bu fan-klubu öz hesabımıza ayaqda saxlamışıq. Biz "Qarabağ"a deyə bilmərik ki, bizə pul ayır, yardım göstər. Ancaq deyilən heçnəyi də geri çevirməyiblər, gec-tez reallaşdırıblar. Düzü, bizi istəmiyənlər çoxdu, mane olmaq istəyənlər çoxdu, amma hər zaman mübarizəmizi davam etdiririk. Bəli, artıq yorulmuşduq, çox yorulmuşduq. Amma yorğunçuluq oyunlar başlayıb, "Qarabağ" adı deyilən kimi yaddan çıxır. Biz də hədəfə doğru qaçmağa başlayırıq. İnşallah, yorulmarıq, əlimizdən gələn qədər davam etdirərik. Gələcəkdə də kim daha çox istəyərsə, ona təhvil verərik və o davam etdirər.  

2014-2019-cü illər... Az müddət deyil. Biz burdan pul qazanmırıq, burdan gəlirimiz yoxdu. Bilet, forma, şərf satmırıq. Və yaxud da kimsə bizə sponsorluq etmir. Bəzən olur saytlardan hansısa məlumatı yaymağı xahiş edirik, ancaqmüxtəlif bəhanələrlə yayınırlar. Dəstək yoxdu, maraq göstərən yoxdu. Bu fan-klub mənim və ya başqasının deyil, bu Azərbaycanın adını daşıyan "Qarabağ"a dəstək olan xanımlarındı. Xanım stadiona getməz deyə qayda yoxdu. Bu onların da haqqıdır. Xanımlar stadiona niyə getməməlidir axı?Stadionların bəzəyidir onlar. Yardım etmək lazımdı. Maddi yox, mənəvi. Saytlar bu xanımlardan müsahibələr götürsələr, heçnə itirməzlər. Bu insanlarda daha da maraq yaradar.
 


- Yuxarıda qeyd etdiniz ki, sizə mane olmaq istəyənlər vardı... Kimlər, necə və nə üçün mane olurdular?
- Uzun müddətdir ki, biz fan-klub olaraq "Bakcell Arena"da iştirak etmirik.Tarixi dəqiq yadıda deyil. Fan-klub olaraq sonuncu dəfə "Bakcell Arena"ya getdiyimiz oyunda 60-dan çox xanım azarkeş vardı. Əvvəllər gedib oturduğumuz sektorda yenə gedib əyləşdik. Oyun başladıqdan 10-15 dəqiqə sonra polis əməkdaşları və "Neftçi" nümayəndələri gəldilər ki, burada əyləşmək olmaz, rəhbərlik deyib ki, xanımlar burada əyləşməsin. Bizə göstərdikləri sektora keçmək istədik. Xanımları keçirtdilər VİP sektora. Üzərindən  15-20 dəqiqə keçməmiş yenə çıxartdılar. Ki sizin üçün tamam başqa sektor ayrılıb, burada da əyləşmək olmaz. Xanımları hansısa sektorda əyləşdirmək bu dərəcədə çətin, faciəvi bir şey deyilki. Üçüncü dəfə başqa sektora keçmək istədik. Artıq ilk hissə yekunlaşmaq üzrə idi. Xanımlar içəri keçmək istəyəndə yenə saxladılar ki, tam dəqiqləşdirək, bura da olmaz. Bilmirik xanımların sayının çox olması idi problem, yoxsa nə idi məsələ, başa düşə bilmədik.
 
Təsəvvür edin ki, 60 nəfər fan-klubun daimi üzvü və əlavə gələn xanımlara ikinci hissədə "Neftçi" azarkeşləri tərəfdə yer göstərdilər. Tribunalarda da vəziyyət elə idi ki, xanımların o tərəfə keçməsi çətin idi. Biz razılaşmadıq. Ya öz azarkeşlərimizin yanında, ya da başqa sektorda oturmaq istədiyimizi dedik. Dünyanın heç bir yerində rəqib azarkeşləri bir yerdə əyləşdirmirlər. Dedilər oturursuz oturun, oturmursuz özünüz bilərsiniz. Aydın məsələ idi ki, xanımlar orada əyləşməyəcəkdilər. Buna görə biz etirazımızı bildirdik. Bir sözlə əllərindən gələni etdilər ki, "Ladies of "Qarabag” FC” orada olmasın. Məsələyə "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov da qarışdı. 10 nəfərə VİP-də, 10-15 nəfərə media sektorda, 10 nəfərə başqa sektorda yer verdilər. Belə bir parçalanma yaşandı. Bu məsələdən sonra xanımların öz istəyi ilə "Bakcell Arena"da keçirilən oyunlarda fan-klub şəklində iştirak etmirik. Fərdi şəkildə gedənlər var, ama fan-klub şəklində yox. Ancaq bizə qarşı olan bu münasibətin səbəbini kimsə bizə açıqlamadı. Ancaq Azərbaycanın ən köklü klubu olan "Neftçi" inanmıram ki, tribuna ayırmaq kimi xırda məsələlərdə çətinliklə üzləşə. Birdən birə bu qədər xanımın stadiona gəlməsi onları qorxutdumu deyə düşünürük. 
 
Röya Kərimli
Sport7.az
 


 





OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR