Klublar Komitəsi qış yuxusunda, İK meydan sulayır

Klublar Komitəsi qış yuxusunda, İK meydan sulayır

AFFA-nın "cəza maşını” yenə öz işindədi. Kimdənsə xoşları gəlmədi, cəzalandırırlar, cərimələyirlər. Kəsdikləri başa sorğu-sual, verdikləri qərarları geri oxuyan yoxdu. Söhbət AFFA-nın İntizam Komitəsindən gedir.

Hamımızın yaxşı yadındadı, AFFA "Neftçi”yə qarşı hücumlarını artırmış, Azərbaycan futbolunun flaqmanını ələ keçirməkdən ötrü bütün vasitələri işə salmışdı. Bu yolda onlara klubun uğurlu çıxışı və bu uğurun memarları mane olurdu. Hər vasitəylə onları yollarından kənarlaşdırmalı idilər. Belə bir məqamda "Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov AFFA rəhbərliyinə çağırış etdi, onları isti kabinetlərindən çıxmağa, ölkə çempionatına diqqət ayırmağa, bölgələrə səfər etməyə çağırdı. Cavabı nə oldu, Elşad Nəsirovla Elxan Məmmədov bu çağırışa səs verdilərmi? Əlbəttə ki, yox! Tahir Süleymanovun stadiona girişinə 10 oyun qadağa qoydular, 20 min manat da cərimə kəsdilər. Bu da futbol təsərrüfatının rəhbərliyini stadionlara çağırmağın cavabı.

Dəyişən heç nə yoxdu. "Neftçi” artıq çoxdan bəlli qrupun nəzarətinə keçib. İndi də hədəfdə "Qəbələ” ilə "Qarabağ”dı. AFFA İK-nin son iclasında iki müstəqil kluba çox absurd cəzalar verilib. Nəymiş, əfəndim?! "Qəbələ” hakimlərin otağına yan xətt hakimləri üçün bayraq qoymağı unudubmuş. "Qarabağ”ın da məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olubmuş. Yaxşı, deyək ki, bu pozuntular var, amma heç birinin qarşılığı 1600 manat cərimə deyil axı. Bu rəqəmlər nəyə əsaslanır, hansı məntiqlə hesablanır?

"Qarabağ”ın da, "Qəbələ”nin də Azərbaycan futbolu üçün etdikləri göz önündədi. Biri ardıcıl beş ildi ki, Azərbaycanı avrokubokların qrupunda təmsil edir. Digəri də bölgə futbolunun fəxri gözmuncuğu, yeganə uşaq akademiyasının sahibidi. Araşdırdıq, məlum oldu ku, Dobromirov hakimlərdən söz soruşmaq, ona uyğun da isinmə hərəkətlərinin proqramını hazırlamaq istəyirmiş. Daha Zaur Axundovla Kamran Ağayev kimi hakimlərə hücum çəkməyibmiş. Mən demirəm ki, "Qarabağ”la "Qəbələ” ərköyün uşaqlar kimi istədiyini edə bilər, onlara toxunmaq olmaz. Amma hər şeyin də bir həddi var.

Bayraq yoxdusa, buna görə xəbərdarlıq etmək olar. Bir daha təkrarlansa, 300-500 manat cərimə edərsən, ya da ki, "Qəbələ” hakimlərə bir dəst bayraq almağa borclu olar. Daha 1600 manat nəyin qarşılığıdı? Yaxud da "Qarabağ”ın məşqçisinin hakimlərdən söz soruşması. Məgər hamı bilmir ki, oyundan əvvəl və ya sonra hakimlərin otağına girənlər də var, çıxanlar da?! Hakimə oyundan əvvəl irad bildirmək, yaxud da hücum çəkmək də mümkün deyil. Belədə Dobromirova da "bir də belə eləmə” demək mümkün idi. Hardandı bu qisasçılıq həvəsi?

Bundansa Fariz Nəcəfovun sözlərindən nəticə çıxarmaq, uşaq liqalarının şəraitinə diqqət yetirmək lazımdı. Aşağı yaş qruplarının çempionatı həkimsiz, palçıqlı meydançalarda keçirilir. Orda polis olmadığından valideynlər hakimə kəllə də atırlar.

Bütün bunları AFFA-da oturanlar bilmirlərmi? Müstəqil, AFFA-nın əlinə baxmayan klubları bu şəkildə sıxma-boğmaya salmaq olmaz. Bu siyasətin sonu onları da sıradan çıxmağa, ölkədə AFFA-dan asılı olmayan klubun qalmamasına gətirib çıxaracaq. Fantastik cərimələrin, ikili standartların sayəsində heç bir iş adamı futbola yaxın da gəlməz. Gəlmək istəyənləri də illərdi elə bu siyasətlə qaçaq salırlar.

Buna son qoymağın zamanıdı. Klublar Komitəsi toplanmalı, klubların hüquqlarını qorumalıdı. Yoxsa bu komitə nəyə lazımdı?!

Amal ABUŞOV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR