Kobi Brayantın basketbola vida məktubu

Kobi Brayantın basketbola vida məktubu

Kobi Brayantın 2015-ci ildə, mövsümün sonunda karyerasını bitirəcəyini açıqladıqdan sonra qələmə aldığı vida məktubu:

"Əziz Basketbol,

Atamın corablarını yuvarlayıb "Great Western Forum"da qeym-vinner atdığımı xəyal etdiyim gündən bəri tək bir şeyin gerçək olduğunu bilirdim: sənə aşiq olmuşdum.

Sənə olan sevgim dərindi. Ağlımdan bədənimə, canımdan ruhuma kimi hər şeyimi sənə verdim. 6 yaşlı uşaq səni dəlicəsinə sevmişdi. Tunelin sonunu heç vaxt görə bilmədim, sadəcə özümü gördüm - tuneldən parketə çıxarkən.

Və qaçdım, hər meydanda bu başdan o başa kimi qaçdım. İtirdiyim hər topdan sonra məndən əzm istədin, mən isə bütün sevgimi verdim. Çünki mənə artıqlaması ilə geri döndün.

Tər tökdüm, ağrılarla oynadım. Mübarizə məni çağırdığı üçün yox, SƏN məni çağırdığın üçün. SƏNİN ÜÇÜN hər şeyi etdim, çünki sənin də etdiyin bu idi. Məndə olduğu kimi, insanlara yaşadığını hiss etdirirsən.

6 yaşlı bir uşağa "Laker" xəyalını verdin və buna görə həmişə səni sevəcəyəm. Ancaq sənə daha çox aludə ola bilmərəm. Sənə tək verə biləcəyim şey bu mövsümdü. Ürəyim hələ döyünə bilər, ağlım hələ də çətinliklərlə mübarizə apara bilər, amma bədənim "əlvida" deməyin zamanının gəldiyini deyir.

Problem yoxdu, səndən ayrılmağa hazıram. İndi bunu bilməyini istəyirəm: birlikdə keçirəcəyimiz qalan hər andan zövq ala bilərik. Yaxşısı və pisi ilə, nəyimiz varsa bir-birimizə verdik.

İkimiz də bilirik ki, bundan sonra nə etsəm də, həmin uşaq olaraq qalacağam. Əllərimdə corabdan top, geriyə 5 saniyə qala, küncdəki zibil qutusuna: 5… 4... 3... 2... 1...

Həmişə səni sevəcəyəm,
Kobi".
 
Tərcümə: Rüfət Məcid
 

OXŞAR XƏBƏRLƏR