"Komandada nə baş verdiyindən xəbərsizəm" - Millimizin hücumçusu

"ABŞ-də işlərim əla gedir. İnsanlar və komanda yoldaşlarım həqiqətən mehriban və qayğıkeşdirlər. Dil və ünsiyyət artıq mənim üçün problem deyil. Laura və mən özümüzü tamamilə rahat hiss edirik".

Sport7.az xəbər verir ki, bu fikirləri Azərbayan millisinin və ABŞ-ın "Finiks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov "Bild" nəşrinə açıqlamasında deyib.

29 yaşlı forvard bildirib ki, Milli Futbol Liqasında 2019/2020 mövsümü başa çatdığı üçün Almaniyaya qayıdacaq: "Əvvəlcə tətilə çıxacağıq. Bir ildir görmədiyimiz ailəmizi və yaxınlarımızı ziyarət etmək üçün Berlinə gedəcəyik".

Pandemiya səbəbindən yeni mövsümün nə vaxt başlayacağını bilmədiyini söyləyən Dadaşov hazırlıqlara 2021-ci ilin yanvarında start verəcəklərini vurğulayıb. Hazırkı klubu ilə 2021-ci ilin noyabrınadək müqaviləsi olan forvard sabiq komandası olan Almaniya "Proyssen"indən danışıb: "Komandada nə baş verdiyindən xəbərsizəm. Amma onları yenidən 3-cü Bundesliqada görməkdən şad olaram".

Dadaşov ötən mövsümü 11 qol və 4 məhsuldar ötürmə ilə başa vurub. Komandası isə çempionatın qalibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR