"Layihələrimizi konsolidasiya edəcəyik" - Vizer

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bu il Bakıda keçiriləcək dünya çempionatınadək yeni formatda müsahibələr verməyi qərara alıb.
 
Sport7.az xəbər verir ki, 60 yaşlı funksioner 5 sualı cavablandırıb...
 
- 2018-ci ildə hədəfləriniz nədən ibarət olacaq?
 
- İlk növbədə, dünya cüdo ictimaiyyətinə 2018-ci ildə cansağlığı və çoxlu nailiyyət arzulamaq istərdim. Bu il hazırkı layihələrimizi konsolidasiya edəcəyik. Habelə, sosial şəbəkələrdəki fəaliyyətimizi genişləndirmək, İT platformalarımızı daha da yaxşılaşdırmaq, hakimliklə bağlı qaydalardakı dəyişiklikləri diqqətlə izləmək, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının təsnifat yarışlarına düzgün yanaşmaq, Bakıdakı dünya çempionatını və ümumilikdə Dünya Cüdo Turundakı yarışları uğurla təşkil etmək niyyətindəyik. Habelə, bütün cüdoçular üçün elektron təhsil platforması yaradacağımıza ümid edirik. Bu, onların idmançı karyeraları zamanı təhsillərini başa vurmaq imkanı verəcək. Biz KİV-də təbliğatımızı artırmaq və sosial şəbəkələrdəki müasir idman növləri "10-luğ"unda daha yaxşı qiymətləndirilməkdə tam qərarlıyıq. Hazırda bu siyahıda 8-ci yerdəyik.
 
- Cüdo daha yaxşı cəmiyyət quruculuğuna yardımçı ola bilərmi?
 
- Cüdonun danılmaz dəyərləri var. Bizə yalnız bu dəyərləri cüdo ictimaiyyətində və bütövlükdə cəmiyyətdə bütün səviyyələrdə irəli aparmaq üçün gücümüzü səfərbər etmək qalır.
 
- Dünya çempionu olmaq istəyən gənc cüdoçulara nə demək istərdiniz?
 
- Dünya çempionluğu yüksək nailiyyətdir. Əlbəttə, bunun üçün böyük iş, qurbanlar, sədaqət, nəticələr göstərmək, habelə, məktəb təhsili lazımdır. Çünki fikrimcə, təhsilin iki forması bir-birindən ayrıla bilməz. Bununla belə, fikrimcə, cüdo ilə məşğul olanların bir çoxu əsl çempionluq əldə etməyə qadirdir. Əminəm ki, bizim idman növü sayəsində milyonlarla gənc həyatda çempion ola bilər.
 
- Kimin bu mövsümün sürprizi olacağını düşünürsünüz?
 
- Hazırda cüdoda bir sıra çempion və dəyərli idmançı var. Mövsümün cüdoçusunun kim olacağını indidən demək ədalətsizlik olardı. Amma mən səylə çalışan və cüdonun dəyərlərini irəli aparan hər kəsə istəklərinə çatmalarını arzulayıram.
 
- İl ərzində bir çox yarışı izləyirsiniz. Arenalarda cüdoya tamaşa etdikdə hansı hissləri keçirirsiniz?
 
- Tamaşaçılarla dolu məkan hər zaman yarışa verilən qiyməti göstərir. Bu, həm də idmançılar və azarkeşlərin həvəsləri arasındakı sinerji sayəsində əvəzolunmaz ab-hava yaradır. Qarşılıqlı əməkdaşlığın əsl yeri rəqabət hissi ilə tam fərqli bağlılıqdadır. Hesab edirəm ki, bu, yarış zamanı idmançıların yüksək çıxışlarına çox müsbət təsir edir. 
 
Sport7.az

Xəbər lenti